Özbəkistanda peyvəndləmə və məhdudlaşdırma ilə bağlı yeni qanun

Özbəkistan Koronavirusla Mübarizə Komissiyasının qərarına əsasən...

1677069
Özbəkistanda peyvəndləmə və məhdudlaşdırma ilə bağlı yeni qanun

 

 Özbəkistanda yeni tip koronavirusa (Covid-19) qarşı peyvənd tətbiqi dövlət idarələri və xidmət sektoru çalışanları üçün zəruri oldu.

  Özbəkistan Koronavirusla Mübarizə Komissiyasının qərarıyla indiyə qədər ölkədə istəyə bağlı edilən peyvəndləmə artıq bir sıra vəzifə və peşə sahibləri üçün vacib hesab edildi.

  Peyvəndin zəruri olduğu adamlar bunlardır: səhiyyə personalı, müəllim, əsgər və təhlükəsizlik xidməti əməkdaşları, bank, notarius, poçt, kafe, bərbər, ticarət, turizm və digər xidmət sektoru nümayəndələri və bütün dövlət məmurları. Sözügedən adamlar 1 sentyabra qədər “Covid-19”a qarşı peyvəndin birinci, 1 oktyabra qədər ikinci, 1 noyabra qədər isə üçüncü dozanı vurdurmalıdır.

  Bundan başqa, komissiya universitetlərə giriş imtahanlarının açıq havada keçirilməsini qərarlaşdırdı. O cümlədən, kafe və restoranların axşam yerli saatla 20.00-a qədər açıq havada fəaliyyət göstərmələrinə icazə verildi.

  Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazının qılınması mərasimi də keçirilməyəcək. Bundan başqa, kollektiv şəkildə cümə namazının qılınması müvəqqəti olaraq dayandırılıb. Mövzu ilə bağlı Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası fətva verib. Bildirilib ki, cümə namazı istisna olmaqla, kollektiv namazlar sanitar qaydalara və sosial məsafəyə əməl edilməklə məscidlərin həyətlərində açıq havada qılına bilər. Məscidlərdə görüşərkən əl sıxmaq və qucaqlaşmaq da qadağan olunub.

  Qeyd edək ki, “Covid-19”a qarşı peyvəndləmənin aprel ayından başlandığı Özbəkistanda indiyə qədər ZF2001 Çin peyvəndindən 6 milyon 500 min, “AstraZeneca” ilə əməkdaşlıqda inkişaf etdirilən “Vaxzevria” peyvəndindən 660 min, Sputnik V peyvəndindən isə 370 min olmaqla ümumilikdə 7 milyon 530 min doza peyvənd vurulub.



Әlaqәli Xәbәrlәr