TDT kənd təsərrüfatı nazirləri üçüncü dəfə toplandı

Qazaxıstanın Taraz şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin üçüncü toplantısı keçirilib.

2118253
TDT kənd təsərrüfatı nazirləri üçüncü dəfə toplandı

 Qazaxıstanın Taraz şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin üçüncü toplantısı keçirilib.

  Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparovun ev sahibliyi etdiyi görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Özbəkistanın kənd təsərrüfatı naziri İbrahim Əbdürəhmanov, Qırğızıstanın kənd təsərrüfatı nazirinin birinci müavini Kubat Kaseyinov, Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı nazirinin müavini Əbubəkir Qızgider və TDT-nin baş katibi Kubanıbek Ömürəliyev iştirak ediblər.

  Toplantının açılışındakı çıxışında Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 28 faizinin TDT üzvü olan ölkələrə aid olduğunu bildirən Saparov deyib: "Qazaxıstan otlaq sahəsinə görə dünyada 5-ci ölkədir. Heyvandarlıq bizim üçün həm ənənəvi, həm də perspektivli sahədir. Biz ət məhsullarının satışına üstünlük veririk. Bu kontekstdə bildirmək istərdim ki, Qazaxıstan Özbəkistan, Türkiyə, Türkmənistan və Macarıstan bazarlarına yüksək keyfiyyətli ət məhsulları tədarük etməyə hazırdır.

  TDT-nin baş katibi K.Ömurəliyev də toplantının üzv ölkələr arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsi türk xalqlarının sabit və etibarlı ərzaq təminatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

  TDT çərçivəsində kənd təsərrüfatı sənaye kompleksinin inkişafı məsələsinin müzakirə olunduğu toplantının sonunda üzv ölkələr birgə bəyannamə imzalayıblar. Bəyanatda bildirilir ki, tərəflər ətraflı fikir mübadiləsi aparıb və kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin artırılması, kənd təsərrüfatı sığortası proqramlarının təşviqi və müvafiq sektorda tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

  Bəyannamədə yerli və iqlimə davamlı kənd təsərrüfatı məhsullarının sortlarının mühafizəsi və yayılması üçün regional toxum bankının yaradılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi, həmçinin TDT üzvlərinin ümumi rəqəmsal kənd təsərrüfatı məlumat platformasının yaradılmasını sürətləndirmək barədə razılığa gəldiyi də vurğulanıb.

  Sonda bildirilib ki, Qazaxıstanın Taraz şəhərinin 2024-cü ilin sentyabrından başlayaraq bir il müddətinə “TDT kənd təsərrüfatı paytaxtı” elan edilməsi və kənd təsərrüfatı nazirlərinin növbəti iclasının Qırğızıstanın Çolpan Ata şəhərində keçirilməsi qərara alınıb.



Әlaqәli Xәbәrlәr