ABŞ prezidenti Novruz münasibətilə təbrik etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden (Joe Biden) yazın müjdəçisi olan Novruz münasibətilə İrandan Orta Asiya, Yaxın Şərqdən Avropaya qədər hər kəsin bahar bayramını təbrik edərək yazıb...

1605179
ABŞ prezidenti Novruz münasibətilə təbrik etdi

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden (Joe Biden) yazın müjdəçisi olan Novruz münasibətilə İrandan Orta Asiya, Yaxın Şərqdən Avropaya qədər hər kəsin bahar bayramını təbrik edib.

  “Covid-19” dövründə bütün bəşəriyyətin çətin bir sınaqdan keçdiyini və bayramlaşmaların belə virtual qeyd edildiyini deyən ABŞ prezidenti təbrik mesajında yazıb: “Bütün ağrılar və itkilərimizdən sonra önümüzdə yaxşı günlərin olacağına inanmalıyıq. Sülh, rifah və qarşılıqlı anlaşma dolu ortaq gələcək üçün birlikdə çalışmalıyıq."

  ABŞ-ın dövlət katibi Antoni Blinken də yazılı təbrik mesajı paylaşaraq Novruzu qeyd edən ölkə xalqlarını bahar bayramı münasibətilə təbrik edib.

  Qeyd edək ki, martın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.

  Azərtac informasiya agentliyinin məlumatına görə, tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ dövlət katibi Antoni Blinken, dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Metyü Lussenhop, ABŞ Konqresi Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Milli Qvardiyası rəhbərinin müavini general-leytenant Mark Sassevil iştirak edərək Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.

  Antoni Blinken çıxışı zamanı Novruzun bir çox Amerika vətəndaşları tərəfindən hər il qeyd edildiyini, bu bayramın yeni başlanğıc, yeni imkanlar və yeni əməkdaşlıqlar üçün ümid olduğunu diqqətə çatdırıb.

  ABŞ Konqresi Xarici İşlər Komitəsinin sədri Qreqori Miks baharın ilk günü hesab edilən Novruzun son 3000 il ərzində qeyd edildiyini vurğulayıb, hazırda 300 milyondan çox insanın bu bayramı təmtəraqla qarşıladığını qeyd edib.

  Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının direktoru, Amerika-Özbəkistan Ticarət Palatasının rəhbəri, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Qazaxıstan biznes şuralarının və ticarət palatalarının rəhbərləri, eləcə də ABŞ Ticarət Palatasının vitse-prezidenti çıxış edərək ABŞ-la iqtisadi və ticarət əlaqələrinin inkişafının, ABŞ investisiyalarının cəlb edilməsinin əhəmiyyətindən danışıblar.

  Daha sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirləri çıxış edərək Novruz bayramı ilə bağlı təbrik mesajlarını çatdırıblar.



Әlaqәli Xәbәrlәr