Avropa İttifaqı Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.

1639639
Avropa İttifaqı Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Aİ Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti yaxından izləyir.

Borrell deyib ki, mənim adımdan Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mayın 13-də Ermənistan xarici işlər naziri Ara Ayvazyan, mayın 14-də isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, hər iki tərəfi son dərəcə təmkinli olmağa və vəziyyəti gərginləşdirməməyə çağırıb. Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar ATƏT Sədrliyi ilə əlaqə saxlayıb.

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır: "Biz iki tərəf arasında texniki səviyyədə davam edən təmasları alqışlayırıq. Aİ münaqişənin hərtərəfli həllini dəstəkləyir və hər iki ölkəni regiondakı sabitliyi qoruyaraq sülh yolu ilə həlli tapmağa təşviq edir".

 Xatırladaq ki, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələrinin ölkəyə aid mövqelərdə yerləşdirilməsi iki ölkə arasında gərginliyə səbəb olmuşdu. 

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun yerləşdiyi bəzi bölgələrin Ermənistan ərazisi olduğunu iddia edərək mövzuyla əlaqədar olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edilməsi barədə qərar qəbul etmişdi. 



Әlaqәli Xәbәrlәr