"Ermənistanla sülhə həmişəkindən daha yaxınıq", İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.

2116694
"Ermənistanla sülhə həmişəkindən daha yaxınıq", İ.Əliyev

"Ermənistanla sülhə həmişəkindən daha yaxınıq".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşü zamanı deyib.

İlham Əliyev görüşdə NATO ilə əlaqələrinin 30 ildən artıq tarixə malik olduğunu, Azərbaycan sülhməramlılarının Kosovo və Əfqanıstanda xidmət göstərdiyini və bunun onlar üçün böyük təcrübə olduğunu bildirib.

Azərbaycan torpaqlarının illərdir Ermənistan tərəfindən işğalı, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı barədə danışan Əliyev deyib: "Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.
Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq".

Stoltenberq isə "Uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı var. Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm" deyib.



Әlaqәli Xәbәrlәr