Türkiyə və Azərbaycan prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

Dekabrın 10-da Bakıda Zəfər paradı mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş olub.

1543329
Türkiyə və  Azərbaycan prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

Dekabrın 10-da Bakıda Zəfər paradı mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş olub.

Təkbətək görüşündən sonra Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Dövlət başçıları daha sonra  mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Ərdoğan burada etdiyi çıxışda 44 günlük müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımızı necə sevindirdi isə eyni şəkildə Türkiyədəki qardaşlarını da sevindirdiyini söyləyib.

Regional sülh üçün lazım gələrsə altılı platforma da yarada bilərik deyən Ərdoğan "Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan, əgər qəbul edib əməl edərlərsə, Ermənistan da bu platformanın içində yer ala bilər. Müsbət addımlar atıldığı təqdirdə biz də qapılarımızı açarıq. Qapılarımızı Ermənistana bağlayağındeyə bir dərdimiz yoxdur. Çünki biz sülhün addımlarını atmaq istəyirik" deyib.
Türkiyənin Ermənistan xalqına kini olmadığını vurğulayan dövlət başçısı "Problemimiz (Ermənistan) rəhbərliyi ilədir. Ölkədə 100 mindən çox Ermənistan vətəndaşı var. İnsanlara qarşı kinimiz yoxdur. Məqsəd xüsusilə sülhün qalib gəlməsidir, buna görə də addım atağın" ifadələrdən istifadə edib.

Prezident İlham Əliyev isə deyib ki, Türkiyə və onun Prezidenti müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib: “Türkiyə Prezidentinin bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli idi, eyni zamanda bütün dünyaya bir mesaj idi. Mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kəs mane olmasın, Azərbaycan haqq davasına, Vətən Müharibəsinə başlayıb və Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, həmrəyliyin bir təcəssümü idi. Bu, onu göstərdi ki, Azərbaycan öz davasında haqlıdır. Biz tarixi ədaləti bərpa etdik, uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi və biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik. Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, hər zaman bir-birinin yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tale, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir, əzilmiş xalqların mənafelərini müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir. Müstəqillik, mərdlik, cəsarət örnəyidir. Eyni zamanda inkişaf örnəyidir”.

"Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyi var. Bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz iddialarından, əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər" deyə Prezident  İlham Əliyev qeyd edib.



Әlaqәli Xәbәrlәr