Amasya - zamanların kəsişdiyi şəhər

“Kapitanın səyahət dəftəri”ni Neslihan Değirmencioğlu hazırladı, Sevda Mirzə oxuyub təqdim edir

2004074
Amasya - zamanların kəsişdiyi şəhər

Gizlənmiş şəhər Amasya (audio)


 

  Türkiyənin Qara dəniz sahillərində sıldırım qayaların arasında gizlənmiş bir şəhər var. Bir vaxtlar Osmanlı sultan və şahzadələrinin vətəni olan Amasyadadır, Yeşilırmakın kənarında.

  Yeşilırmak Türkiyənin ikinci böyük çayıdır. Bu çay Amasyanı iki yerə bölür. Aralarından çaylar axan şəhərlər insanı həyəcanlandırır, xəyalın həm də bu yerlərin qədim dövrlərini çözməyə gedir. Çünki ilk insanlar yaşamağa məskən olaraq həmişə suyun – çayların kənarını seçiblər. Mədəniyyətlərə yol su yanında qurulan şəhərlərdən başlayıb. Amasya belə bir şəhərdir. Tarixi Hetlərə gedib çıxır. Antik dövrdə mühüm yolların kəsişdiyi məkanda yerləşib, ticarət mərkəzi rolunu oynayıb. Bir zamanlar Frigiya, Lidiya, Fars, Pontus, Roma, Səlcuqlular və Osmanlı dövlətlərinin tərkibində olub.

  Amasya antik dövrün məşhur tarixçisi və dünyanın ilk coğrafiyaşünası Strabonun doğulduğu şəhərdir. Strabon Amasyanın adının Amazon kraliçası Amisisdən gəldiyini deyir və şəhəri belə təsvir edir: "Şəhərim İris (Yeşilırmak) çayının axdığı geniş və dərin bir vadidə qurulub. Çayın ətrafında salınan şəhərdə iti təpələr var. Onlar möhtəşəm qalalar kimi ucalır. Burada həm hökmdarların sarayları, həm də türbələri var. Bir zaman Amaseia krallara məxsus idi…"

  Strabon padşahlar və onların məzarlarından danışır, çünki o, dünyaya gəlməmişdən əvvəl şəhər Pontus Krallığının paytaxtı olmuşdu.

  Pontus qaya məzarları Amasyada bu mədəniyyətin ən mühüm izlərindən biridir. Padşahları üçün ucaldılan bu monumental türbələr Yeşilırmakın kənarında ucalan Harşena dağının cənub tərəfindədir.

  Pontus Kral Qaya Məzarlığı dünyada qaya məzarlığı ənənəsinin görkəmli nümunələrindəndir. Qaya məzarlar olduqca təsiredicidir. Oraya getmək üçün dar küçələrdən, dəmiryol relslərindən keçmək lazım gəlir. Burada 20-dən çox qaya məzarı var, lakin onlardan bir neçəsi günümüzə qədər salamat gəlib-çıxıb.

  Bir-birinə bitişik tikilmiş üçlü türbələr. Bunlardan biri krallığın qurucusuna məxsusdur. Oyulmuş daş pillələrlə tuneldən keçincə digər məzarlar çıxır qarşımıza. Tunellərlə bağlanan türbələr bizi tam fərqli bir zamana aparır. Bəzi dövrlərdə həm də həbsxana kimi istifadə edilmiş Pontus Kral Qaya Məzarlığı bu gün Harşena dağı ilə birlikdə UNESCO-nun Dünya Mirası Müvəqqəti Siyahısına daxil edilib.

  Antik dövr krallarının uyuduğu heyrətamiz türbələrdən şəhərin mərkəzinə enincə başqa dövr taxt-tac sahiblərinin izləri görünür. Yeşilırmakda “Şahzadələrin gəzinti yolu” var. Osmanlı imperatorluğunun sultanları şahzadə ikən Amasyada yaşayıb hakimiyyət üçün yetişdirilirdi. Bu yol əsasən onlara məxsus olduğu üçün adı “Şahzadələrin gəzinti yolu” olaraq qalmışdı.

  Türkiyə Cümhuriyyətinin yaxın tarixində də Amasyanın mühüm yeri var. Qurtuluş Savaşını istiqamətləndirən, Türkiyə respublikasının sütunlarından olan ilk təsis sənədi “Amasya bəyannaməsi" bu şəhərdə elan olunub. Saraydüzü Kışlağı binası Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Amasya bəyannaməsi”ni yazdığı yerdir.

  Amasya müxtəlif dövrlərin iç-içə olduğu və hər zamanın izlərinin aydın göründüyü 8500 yaşlı qədim bir şəhərdir. Yeşilırmak çayı sahillərini gəzərkən yüz illər geriyə - ayrı-ayrı dövrlərə səyahət edə bilirsiniz.



Әlaqәli Xәbәrlәr