“Bütün həkimləri özümüzkülərlə müqayisə edərkən görürəm ki...” Z.Sərdarova (video-müsahibə)

TRT “Türkiyənin səsi” radiosunun dinləyiciləri və TRT/Azerbaycan saytının qonağı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi, radioloq Züleyxa xanım Sərdarovadır

1955681
“Bütün həkimləri özümüzkülərlə müqayisə edərkən görürəm ki...” Z.Sərdarova (video-müsahibə)

 

Sevda Mirzə (aparıcı): Salam, TRT “Türkiyənin səsi” radiosunun dinləyiciləri və TRT/Azerbaycan saytının oxucuları. Bu gün bizim qonağımız Züleyxa xanım Sərdarovadır, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi, radioloq.

  Bildiyimiz kimi, son 2 ildə ağciyər xəstəlikləri ən təhlükəli bir dövrdən – “Covid-19” epidemiyasından keçdi. Bu zaman ən çox çalışan həkimlərimizdən biri də Züleyxa xanım idi. Ona görə də bu dövr üçün ən böyük təşəkkür bu həkimlərə düşür.

  “Covid-19” zamanı siz birbaşa ölüm təhlükəsi ilə üz-üzə idiniz. Bu dövrdə tibb işçilərindən də, həkimlərdən də dünyasını dəyişənlər oldu, onları da Allah rəhmət eləsin.

  Azərbaycanda tibbi təhsil almışınız, Türkiyədə və Avropanın bir çox ölkələrində seminarlarda, konfranslarda iştirak etmişiniz, ixtisasınızı hər səfərində inkişaf etdirmisiniz. Bütün bu təcrübələrlə siz “Covid-19” dövründən necə keçdiniz?      

Züleyxa Sərdarova (Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi, radioloq): Bu “Covid-19” bəlası dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da çox tüğyan etdi. Çox savadlı həkimlərimizdən həyatlarını itirənlər oldu. Bu, acı bir həqiqətdir. Onların arasında radioloqlar, terapevtlər və daha çox reanimotoloqlar, ümumiyyətlə demək olar ki, bütün sahələr üzrə olan həkimlərdən vardı. Biz bu xəstələrlə reanimasiyada da birbaşa ünsiyyətdə olduğumuz üçün bu savaşda təmasımız daha yaxın, yoluxma sayı da çox idi.

  Artıq Azərbaycanda da “Covid-19” bəlası bitmək üzrədir, amma hələ də var aramızda. Xəstələrlə birbaşa təmasda daha çox zərər çəkən biz həkimlər olduq.  

  “Covid-19” havadan, nəfəsdən keçən bir xəstəlik olduğu üçün birbaşa ağciyərləri zəhərləyir. Ağciyərlərdə rengendə yox, daha çox kompüter tomoqrafiyasında görünən, “buzlu şüşə” dediyimiz bir mənzərə var idi. Bu 2 ildə ağciyər xəstələrində “Covid-19”a yoluxmada ən çox rastlaşdığımız vəziyyət buydu. Artıq bunu gördükmü, test vermədən belə vəziyyəti bilirdik. Xəstə israrla deyirdi ki, “mənim testimin cavabı neqativdir, “Covid-19” deyiləm”. Amma ağciyərində bu “buzlu şüşə” görününcə bilirdik ki, yoluxma var. Bəzən yaxmalar neqativ çıxırdı, boğaz yolundan ağciyərə keçdiyi zaman ilk başlarda testdə belə görünmürdü. Amma xəstə intubasiya vəziyyətinə gələndə, qanından analiz götürüncə cavab pozitiv çıxırdı.

  “Covid-19” dövrü bizim həkimlik həyatımızda böyük bir təcrübə oldu. Artıq ağciyərdə ləkələri, “buzlu şüşə”ni gördüyümüzdə əminliklə “Covid-19”a yoluxma olduğunu əminliklə deyə bilirik.

Sevda Mirzə: Universitetdə oxuduğunuz zaman bəlkə də xəyalınıza gəlməzdi ki, belə bir epidemiya dövrü gələcək və siz bununla birbaşa mücadilədə olacaqsınız. Bu hadisələrin sonu belə görünmürdü. Hara qədər gedəcəkdi? Sağalacaqdımı insanlar, ya yox?

  Daha çox ağciyər xəstələri “Covid-19”dan yaralandı. Eşitdiyimə görə, qohumluq əlaqələri olan bir neçə nəsildə ardıcıl olaraq bu xəstəlik və ölüm halları oldu. Bəzi nəsillərin isə “Covid-19” heç yanından belə keçmədi.  

Züleyxa Sərdarova: Bu yanaşma bir az nisbidir. Çünki burada immun sisteminin çox böyük rolu var. Ağciyərləri sağlam olan, immun sistemi güclü olan adam “Covid-19”a yoluxduğu zaman daha yüngül atladırdı. Ailədə bir nəfərdə varsa, mütləq olmasa da, yoluxma yolu ilə o birinə keçə bilirdi. Bizə ailələr müraciət edirdi. Dəfələrlə şahidi oldum. Bir ailədən 5, ya 6 nəfər gəlirdi ki, əksəriyyətində ağciyər zədələnməsi var idi. Amma onlardan biri yoluxmurdu, ya da yoluxurdusa da çox yüngül keçirirdi.

  İnsan orqanizminə görə çox müxtəlif keçdi bu xəstəlik, eyni olmadı hər kəsdə. Siqaret çəkib-çəkməməyin çox böyük əhəmiyyəti var. Siqaret çəkənlərin ağciyərləri daha həssas olur.Xroniki ağciyər (astma, bronxit) xəstələri yeni ağciyər xəstəsi olanlara nisbətən daha ağır və çətin keçirdilər. Çünki onların onsuz da bronx-hava yollarında problem vardı və bu xəstəliyin “buzlu şüşə”si onu əhatə etdikcə ağciyərin nəfəs alıb-verməsi daha ağırlaşırdı. Reanimasiyaya düşən xəstələrin çoxu da onlar olurdu.

Sevda Mirzə: “Covid-19” başlayandan mən çox arxayın şəkildə dedim ki, “Onsuz da xəstə olmayacam, maskanı da sizə görə, ümumi qaydalar xatirinə taxıram”. Çünki uşaqlıqdan məndə yoluxucu xəstəlikləri almamaq kimi bir xüsusiyyətim var. Otaqda 5 nəfər qrip olsa da, mən olmuram. Mənə dedilər ki, o zaman sən daha qorxulusan, çünki xəstəliyin daşıyıcısısan. “Covid-19” dövründə kovid olmayanlar doğrudanmı daşıyıcı idilər?

Züleyxa Sərdarova: Yox, elə bir şey yoxdur. İmmun sistemi çox gözəl, çox yaxşı olduğu üçün “Covid-19”a yoluxma olmayıb. Mən özüm onlarla birbaşa təmasda idim: həm tomoqrafiya çəkilirdi, həm ağciyərlərinə baxırdım. Gecə növbələrində də qalırdıq işdə. Onları qarın boşluğu orqanlarına UZİ edirdik. Reanimasiya xəstələrinin hamısı, demək olar ki, pozitiv idi. İki-üç maska ilə qorunsaq da, çox yaxın məsafə riski var idi həmişə. Hər halda immun sistemi möhkəm, sağlam olanlar yoluxmadı.

Sevda Mirzə: Züleyxa xanım, siz Azərbaycanda, Türkiyədə və bir çox ölkələrdə seminarlarda, konfranslarda iştirak etdiniz. Ağciyər xəstəliklərilə bağlı, radiologiya ilə bağlı bənzərliklər, fərqlər hansılar idi. Və yaxud üstünlüklər.

Züleyxa Sərdarova: 10 ildir bu sahədəyəm. Ən çox getdiyim yer qardaş ölkə Türkiyə olub. Bir çox şəhərlərində konfranslarda iştirak etmişəm, ayrı-ayrı kurslarda staj keçmişəm.

  Azərbaycanın ağciyər xəstəliklərində üstünlüyümüz nədir? Bizim qadınlarımız əksəriyyət etibarilə siqaret çəkmir. Başqa ölkələrlə müqayisə olunanda qadınlarda siqaretin törətdiyi xəstəliklər bizdə çox azdır. Türkiyədə xanımlar bəylərdən daha çox siqaret çəkir. Azərbaycanda ümumiyyətlə siqaretə bağlı ağciyər xəstəlikləri azdır.

  Çox şükür ki, bizdə bu gün müasir tibbi avadanlıqlar var. Əvvəllər daha az olduğuna görə çox ehtiyac olurdu yenilikləri xaricdən öyrənməyə. Dövlətimiz sağ olsun, həkimlərimizə, rezidentlərimizə, tələbələrimizə hər cür şərait yaradıb bilikləri yeniləmək üçün. Bununla belə nə qədər çox ölkədə, nə qədər çox yerdə praktika keçərsən, o qədər çox savadın artar.

Sevda Mirzə: Siz bir azərbaycanlı həkim olaraq xarici ölkələrdə seminarlarda olmusunuz. Qarşı tərəf də Azərbaycan tibbindən öyrənirmi?

Züleyxa Sərdarova: Doğrudur. Son bir neçə ildə bizdə də radiologiya çox inkişaf edib. Azərbaycan özü seminarlar keçirir, Avropa ölkələrindən, Türkiyədən gələnlər olur. Əgər bir neçə il əvvələ qədər yalnız Azərbaycan həkimləri gedirdisə, indi artıq onlar da gəlir. Təcrübə və diaqnostika ilə bağlı fikir mübadilələri olur.

  Azərbaycanın cənub bölgəsində rütubətə, nəmə bağlı ağciyər, bronx xəstəlikləri daha çoxdur. Bunu bilərkən o bölgəyə görə ağciyərdə patologiyaları aydınlaşdırmaq rahat olur. Yəni həkimlikdə nə qədər çox təcrübə olarsa, o qədər çox savadın artar. Sadəcə kitablarla öyrəndiklərimiz yetmir. Həkimlik elə bir peşədir ki, daim öz üzərində işləmək, daim yenilənmək, daim öyrənməlisən. Radiologiya da elə bir sahədir ki, bura təcrübəyə daha çox əsaslanır.

  Türkiyə əhalisi Azərbaycandan çoxdur. Oranın xəstəxanasında biz təcrübə keçərkən Azərbaycandan 5-10 qat artıq xəstəlik görürük və öyrənirik.

  Hər iki ölkədə təhsil eyni sistemdir. Əvvəllər sovet dövründə 6 il təhsil, 1 il interna var idi. İndi 6 illik təhsildən sonra rezidenturaya qəbul olur tələbələr. O da ixtisasa bağlı 4, 5, ya 6 il sürür. Əvvəllər tibb kitablarının əksəriyyəti rus dilində idi və biz bu dildəki tibbi ədəbiyyatdan asılı idik. Bu gün isə həm Türkiyə, həm ingilis, həm Azərbaycan dillərində yaxşı tibbi kitablar var. İndi bizim tələbələrə daha asandır. Olduğum ölkələrdə bütün həkimləri özümüzkülərlə müqayisə edərkən görürəm ki, ancaq Azərbaycanda həkim təbəqəsi mütləq rus və ingilis dillərini, Türkiyə və Azərbaycan türkcələrini bilir.

Sevda Mirzə: Yəni həkimlərimizin ən az 4 dili olur.

Züleyxa Sərdarova: Xarici ölkələrdə bu qədər dili bilən həkimlər azdır.     

Sevda Mirzə: Biz həmişə dua edirik ki, heç bir zaman həkimə yolumuz düşməsin. Amma insanıq, xəstələnirik və həkimə gedirik. Sağ olun, var olun.

Züleyxa Sərdarova: Sonda bir söz demək istəyirəm: xəstəlikdən və həkimdən qorxmayın. Vaxtında müayinələrə, yoxlamalara gedin. Nə qədər tez getsəniz, nə qədər tez diaqnozunuz qoyulsa, o qədər sağalma şansınız çoxdur.

Sevda Mirzə: Zaman keçdikdən sonra həm xəstəyə çətin olur, həm həkimə. Son 2 il bizə bir daha göstərdi ki, insanın həyatında sağlıqdan mühüm heç nə yoxdur. Ona görə sağ olun və sağlıqla qalın



Әlaqәli Xәbәrlәr