Çin ABŞ-ın "TikTok" qərarına qarşı lazımi cavab tədbirləri görməyə hazırlaşır

Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadun bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib ...

2115428
Çin ABŞ-ın "TikTok" qərarına qarşı lazımi cavab tədbirləri görməyə hazırlaşır

 

  Rəsmi Pekin ABŞ-ın "TikTok" sosial şəbəkəsinin qadağan edilməsi üzrə planları ilə bağlı lazımi cavab tədbirləri görəcək.

  Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadun bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib: “Biz ABŞ Konqresində baş verənləri diqqətlə izləyirik. Çin qanuni haqlarını və maraqlarını etibarlı şəkildə qorumaq üçün bütün lazımi tədbirləri görəcək. Rəsmi Vaşinqton xarici kompaniyalara əsassız təzyiqləri dayandırmalı və ABŞ-a sərmayə yatıran bütün ölkələrin şirkətləri üçün açıq və ədalətli mühit təmin etməlidir".

  Xatırladaq ki, martın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası "TikTok" sosial şəbəkəsinin qadağan edilməsi ideyasını dəstəkləyib. Qanunvericilər sosial şəbəkəni satmaq üçün “ByteDance” kompaniyasına altı ay vaxt verilməsini təklif ediblər. Bundan sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək. Prezident Cozef Bayden bundan əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlamışdı.

  Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən "TikTok" tətbiqinin beynəlxalq versiyası 2018-ci ilin avqustunda bazara çıxıb. Çin kompaniyasına məxsus sosial şəbəkənin Birləşmiş Ştatlar üçün təhlükə yaratdığını iddia edən ABŞ administrasiyası onun qadağan edilməsinə çalışır. Vaşinqtonun fikrincə, həmin tətbiq Çin hakimiyyəti və kəşfiyyat xidmətləri üçün məlumat toplama alətidir.



Әlaqәli Xәbәrlәr