Bolqarıstan və Rumıniya Şengen zonasına daxil oldu

2007-ci ilin əvvəlində Bolqarıstan və Rumıniya Avropa İttifaqına (Aİ) üzv olduqdan sonra illərdir gözlədikləri Şengen bölgəsinə daxil olmaq hədəfində əhəmiyyətli irəliləyiş əldə olundu

2082582
Bolqarıstan və Rumıniya Şengen zonasına daxil oldu

 

  Bolqarıstan və Rumıniyanın dəniz və hava yolu ilə 2024-cü il martın 31-dən etibarən Şengen zonasına daxil olması təsdiqləndi.

  2007-ci ilin əvvəlində Bolqarıstan və Rumıniya Avropa İttifaqına (Aİ) üzv olduqdan sonra illərdir gözlədikləri Şengen bölgəsinə daxil olmaq hədəfində əhəmiyyətli irəliləyiş əldə olundu. Artıq bu iki ölkə 31 mart 2024-cü il tarixindən etibarən dəniz və hava yolu ilə Şengenə daxil olacaq.

  Aİ Şurasından verilən açıqlamada bildirilir: “Üzv ölkələr Bolqarıstan və Rumıniya ilə dəniz və hava yollarında 31 mart tarixindən etibarən sərhəd nəzarətinin qaldırılmasına yekdilliklə razılaşdı. Lakin quru sərhədlərində nəzarətin aradan qaldırılması üçün yeni qərara ehtiyac var”.

  Qeyd edək ki, Bolqarıstan və Rumıniyanın Şengendə iştirakına sonuncu dəfə Hollandiya, Macarıstan və Avstriya mane olmuşdu. Macarıstan "Türk axını" ilə ölkəsinə çatan Rusiya təbii qazına tətbiq etdiyi tranzit haqqını artırmaq istəyən Bolqarıstana geri addım atması, əks halda, Şengen bölgəsinə girişinin qarşısını alacağı barədə xəbərdarlıq etmişdi. Bundan sonra rəsmi Sofiya Rusiya qazına əlavə tranzit rüsumları tətbiq etmək üçün hüquqi tənzimləmələr etmək planından geri çəkilmişdi. Hollandiya isə uzun müddətdir iki ölkənin Şengendə iştirakına immiqrasiya və korrupsiya kimi əsaslarla müqavimət göstərirdi. Dekabrın ortalarında istədiyi şərtlərin yerinə yetirildiyini əsas gətirərək etirazını geri götürdü. Sonda bütün diqqətini Avstriya ilə danışıqlara yönəldən Bolqarıstan və Rumıniya dekabrın 28-də dəniz və hava yolu ilə iştirakla bağlı razılıq əldə etdi və qurudan iştirak üçün danışıqların davam etdiriləcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr