O, “Fələstin hökuməti Qəzzaya qayıtmalıdır” sözlərinə reaksiya verdi

Mərkəzi ofisi İspaniyanın Barselona şəhərində yerləşən Aralıq Dənizi İttifaqı (UUA) təşkilatının VIII Regional Forumu İsrail və Fələstin məsələsinin əsas gündəliyi ilə başlayıb

2069499
O, “Fələstin hökuməti Qəzzaya qayıtmalıdır” sözlərinə reaksiya verdi

 

  Mərkəzi ofisi İspaniyanın Barselona şəhərində yerləşən Aralıq Dənizi İttifaqı (UUA) təşkilatının VIII Regional Forumu İsrail və Fələstin məsələsinin əsas gündəliyi ilə başlayıb.

  Türkiyəni xarici işlər naziri Hakan Fidanın təmsil etdiyi forumda 43 üzvü olan UUA-dan 27 ölkənin xarici işlər nazirləri iştirak edib.

  Avropa İttifaqının (Aİ) təhlükəsizlik və xarici siyasət üzrə xüsusi nümayəndəsi Cosep Borrel və İordaniyanın xarici işlər naziri Ayman əl-Safedinin həmsədrliyi ilə keçirilən forumda İspaniyanın xarici işlər naziri Xose Manuel Albares açılış nitqi ilə çıxış edib. O deyib: "Biz sülh üçün səfərbər olmaq üçün buradayıq. Bu dəfə qalıcı sülh olmalıdır.

  Biz Qəzzada günahsız dinc insanların həlak olmasına göz yuma bilmərik. Buradan açıq bir ümid və sülh mesajı çıxmalıdır.

  Fələstində dinc əhalinin öldürülməsi qəbuledilməzdir.

  İspaniya atəşkəsin daimi olmasını və humanitar yardımın təmin olunmasını istəyir.

  Qətər, Misir və Amerika Birləşmiş Ştatlarına (ABŞ) məhbus mübadiləsinə və İsrail ilə “Həmas” arasında əldə edilən “Humanitar fasilə" razılaşmasına verdikləri töhfələrə görə təşəkkür edirik. Sona çatacaq humanitar fasilənin uzadılmasını istəyirik.

  Fələstin Qəzzada nəzarəti bərpa etmək istəyirsə, yeganə həll yolu iki dövlətə əsaslanan beynəlxalq sülh konfransıdır”.

  Aralıq Dənizi İttifaqı təşkilatının VIII Regional Forumunun İsrail və Fələstin məsələsinə dair iclasdan sonra ortaq mətbuat konfransı keçirilib.

  Fələstinin xarici işlər naziri Riyad əl-Maliki buradakı çıxışında deyib: “Hər kəs İsrail və “Həmas” arasındakı münaqişələrdə humanitar fasilənin davam etməsinə çalışır.

  İsrailin hücumları zamanı Qəzzada ölənlərin 70 faizi qadın və uşaqlardır. Biz cəsədlərin sayılmasını dayandırmalıyıq. Bu, belə davam edə bilməz. Atəşkəsi uzatmaq imkanımız var. Mülki əhalinin öldürülməməsi üçün İsrail hökumətinə təzyiqləri davam etdirmək lazımdır.

  Atəşkəs 15 min nəfərin ölümündən sonra oldu. Müharibə sabah davam edərsə, bu yenə o deməkdir ki, rəqəmlər ikiqat artacaq.

  Biz hamımız dinc insanların, günahsız insanların həyatını xilas etmək üçün çalışırıq. Atəşkəsin 1, 2, 3 gün uzadılması xilas olmaq deməkdir.

  Fələstin xarici işlər naziri Riyad əl-Maliki “Fələstin hökuməti Qəzzaya qayıtmalı və “Həmas”ı kənarda qoymalıdır” sözlərinə də münasibət bildirərək deyib: "Həmas” 17 il əvvəl çevriliş edib və o vaxtdan Qəzzaya nəzarəti ələ keçirib. O, inzibati idarəçiliyi bizə həvalə edib. Qəzzada 70 minə yaxın dövlət qulluqçumuz çalışır. Təhsil, səhiyyə, infrastruktur və tikinti ilə bağlı bu xidmətlərlə biz Fələstin xalqı üçün çalışan qulluqçularıq. Yəni biz heç vaxt Qəzzanı tərk etməmişik ki, indi geri qayıtmaq istəyək. Biz 17 il ərzində heç vaxt öz məsuliyyətimizdən yayınmadıq və yayınmayacağıq. Məsuliyyətli administrasiya olaraq işğal olunmuş bütün Fələstin ərazilərində xidmətlərimizi davam etdirəcəyik”.

  İordaniyanın xarici işlər naziri Əymən əs-Safedi çıxışında bunları söyləyib: "Biz çalışmalıyıq ki, bu gün sona çatan atəşkəs daimi olsun. Regionda baş verənlər oktyabrın 7-də başlamadı. Bu il ən qanlı il oldu. Sülh və təhlükəsizliyin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələri yerinə yetirilməlidir.

  İsrail hökuməti fələstinlilərin sülh və təhlükəsizlik tələblərini qulaqardına vura bilməz. Sülh hamı üçün olmalıdır. Biz fələstinlilər və israillilərin təhlükəsizliyini təmin edən sülh və birgə yaşayışı dəstəkləyirik.

  Bu kabusa, bu dəhşətə son qoymaq üçün buradayıq.

  İki dövlətli həll sadəcə bir nəzəriyyə deyil. Artıq Avropa və ABŞ bu məsələdə mühüm rol oynamalıdırlar”.

  Qeyd edək ki, mərkəzi ofisi İspaniyanın Barselona şəhərində yerləşən Aralıq Dənizi İttifaqı təşkilatının VIII Regional Forumunun keçirildiyi binanın qarşısına toplaşan bir qrup Fələstinə dəstək nümayiş etdirib.



Әlaqәli Xәbәrlәr