Türkiyə mətbuatı, 4 oktyabr 2024
“Haber Türk”, “Hürriyet”, “Star”, “Yeni Şafak” və “Sabah” nələrdən yazır?
“Haber Türk”: Türkiyə Livan və Fələstin xalqının yanındadır
Türkiyə Milli Təhlükəsizlik Şurası ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplandı. İclasdan sonra verilən açıqlamada İsrailin Livan və Fələstinə hücumlarına diqqət çəkilib və beynəlxalq güclərə çağırış edilib.
“Hürriyet”: Türkiyə Suriyada terror dəhlizinə icazə verməyəcək
Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında Suriya ərazisində məskunlaşmış terror təşkilatlarının zərərsizləşdirilməsi istiqamətində fəaliyyətlərin fasiləsiz davam etdiriləcəyi, ölkənin milli təhlükəsizliyinə xələl gətirə biləcək hər hansı plan və ya tamamlanmış cəhdə yol verilməyəcəyi vurğulanıb.
“Star”: Ömər Çelikdən bölgə müharibəsi xəbərdarlığı
Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiya sözçüsü Ömər Çelik İsrailin Livana hücumları ilə bağlı "Soyqırım siyasətinə son qoyulmazsa, regional müharibə baş verə bilər" deyib.
“Yeni Şafak”: Kipr adası üçün tarix müəyyənləşdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Duyaric (Stephane Dujarric) Kipr adasındakı tərəflərin oktyabrın 15-də görüşəcəyini açıqladı. BMT-nin Baş katibi A.Quterreş Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar və Cənubi Kipr prezidenti Nikos Hristodulidisi qeyri-rəsmi məsləhətləşmələrə dəvət edib.
“Sabah”: THY dünya nəhəngi olmaq yolundadır
Türkiyə Hava Yolları (THY) İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri Əhməd Bolat 10 ildə 810 təyyarə ilə dünyanın 4-cü ən böyük hava yolu şirkəti olmağı planlaşdırdıqlarını söylədi.