Türkiyə Tramp və Baydenin diplomatiya üslublarını dəyərləndirir

“TRT World”dən Esra Karataş Alpayın dəyərləndirməsini təqdim edirik

2204051
Türkiyə Tramp və Baydenin diplomatiya üslublarını dəyərləndirir

 

  ABŞ-da seçkilər yaxınlaşdıqca Türkiyə Tramp və Baydenin diplomatiya üslublarını dəyərləndirir. Seçkilərin qalibindən asılı olaraq Türkiyə-ABŞ diplomatik əlaqələri kəskin fərqliliklər göstərə bilər.

  “TRT World”dən Esra Karataş Alpayın dəyərləndirməsini təqdim edirik.

  Qarşıdan gələn Amerika Birləşmiş Ştatları prezident seçkilərinin nəticələri Türkiyə-ABŞ əlaqələri müstəvisində müəyyənedici olacaq, çünki namizədlər Donald Tramp və Kamala Harrisin fərqli diplomatik üslubları rəsmi Vaşinqtonla əlaqələrdə əhəmiyyətli təsirlər yarada bilər.

  Ağ Ev kreslosuna demokrat, ya da respublikaçı namizədlərdən hansının oturmasından asılı olmayaraq, rəsmi Ankaranı öz milli təhlükəsizliyi və regional maraqları istiqamətində çətin bir diplomatik abu-hava gözləyir.

  Hasan Kalyoncu Universitetinin akademiki və təhlükəsizlik tədqiqatları üzrə mütəxəssis Murat Aslan Türkiyə-ABŞ əlaqələrinin istiqamətinin seçki nəticələrinə görə mühüm ölçüdə dəyişə biləcəyini vurğulayır.

  Bayden administrasiyası dövründə ABŞ və Türkiyə arasındakı gərginlik sürdü. Onun ənənəvi diplomatik yanaşması ilə Ankara üçün daha davamlı sayılan Tramp birbaşa və sülhsevər üslubu ziddiyyət təşkil edir. Türkiyə Donald Trampın 4 illik prezidentliyi dövründə ABŞ administrasiyası ilə daha çox qarşılıqlı əlaqə qurdu. Onun 2019-cu ildə Amerika qoşunlarını Suriyanın şimalından geriçəkmə qərarı Türkiyənin təhlükəsizlik maraqları baxımından mühüm əhəmiyyət kəsb edirdi və rəsmi Ankaraya bölgədəki təsirini qoruma və YPG/PKK terrorçularını sıxışdırma imkanı verdi.

  Murat Aslan “Trampın ABŞ qoşunlarını Suriyanın şimalından geriçəkmə qərarı Türkiyə üçün önəmli bir dönüş nöqtəsi idi və liderlər arasında birbaşa ünsiyyətin üstünlüklərini göstərdi” deyə bildirir.

  YPG Türkiyəyə qarşı illərdir terror hücumları edən, on minlərlə mülki adam və hərbçini qətlə yetirən PKK-nın Suriyadakı qoludur.

  Mütəxəssislər bildirir ki, əgər Kamala Harris daha Türkiyə tərəfdarı müşavirlərlə çalışmazsa, onun mümkün prezidentliyi dövründə C.Bayden dövründəki status-kvonun davam edəcəyi ehtimal olunur. D.Tramp geri dönərsə, ən azından iki ölkə arasındakı tıxanmış dialoq yenidən canlana bilər.

  İstanbul Mədəniyyət Universiteti Siyasi İnformasiya fakültəsinin müəllimi, dosent Helin Sarı Ertem namizədlərin fərqli diplomatik yanaşmalarına diqqət çəkir: “Donald Trampın siyasəti böyük ölçüdə xarakteri ilə formalaşırdı və bəzən Türkiyənin xeyrinə işləyən gözlənilməz qərarlar qəbul etməsinə səbəb olurdu. Co Baydenin siyasəti isə ənənəvi idi. PKK, YPG və Şərqi Aralıq dənizi kimi məsələlərdəki anlaşılmazlıq davam edir”. Tramp administrasiyası dövründə Vaşinqtonun daha çevik və qarşılıqlı təsir göstərən duruşu, xüsusilə terrorla mübarizə əməliyyatlarındakı Türkiyənin regional hədəflərinə töhfə verdi.

Şərqi Aralıq dənizində balans

  Şərqi Aralıq dənizindəki güc tarazlığı ABŞ-Türkiyə gərginliyində ən mübahisəli mövzulardan biridir. Türkiyənin dəniz sərhədləri, açıq dəniz enerji axtarışları və hərbi donanma varlığı mövzusundakı qərarlı mövqeyi Yunanıstan və Cənubi Kipr hökuməti ilə birbaşa münaqişəyə səbəb olub. Tramp administrasiyası dövründə Yunanıstanla daha çox əməkdaşlıq, hərbi əlaqələrin güclənməsi, rəsmi Afina və Lefkoşa ilə diplomatik əlaqələrin inkişaf etdirilməsi istiqamətində addımlar atıldı. Bayden idarəsi isə bu yanaşmanı daha da irəli apararaq Yunanıstan, Cənubi Kipr və İsraillə tərəfdaşlıqları gücləndirərək çoxtərəfli əməkdaşlığa davam edəcəyinə dair işarələr verdi. Amma ABŞ yaxınlarda Qıbrızın - Şimali Kipr Türk Respublikasının maraqlarını nəzərə almadan Cənubi Kipr ilə müdafiə sazişi imzaladı. Rəsmi Ankara bu vəziyyəti strateji maraqlarına zərbə vuran bir proses kimi görür.

  H.S.Ertem bildirir ki, “ABŞ Bayden administrasiyasında Cənubi Kipr və Yunanıstana doğru meyillənsə də, Türkiyə bölgədə geosiyasi əhəmiyyətilə əsas rol oynamağa davam edir. Trampın mümkün geri dönüşü tarazlığı yenidən bərpa edə bilər, lakin köklü gərginliklər sürəcəkdir.”

  Uzun müddətdir ABŞ iki NATO müttəfiqi olan Türkiyə və Yunanıstanla münasibətlərini tarazlamağa çalışır. Ertem əlavə edir: “Tramp dövründə Yunanıstana meyillənmə müəyyən idi. Gələcək idarə heyətləri gərginliyi daha da artırmamaq üçün ehtiyatlı davranmalıdır.”

Türkiyəni nə gözləyir?

  Uzun illərdir ki, Türkiyə-ABŞ əlaqələrini hərbi əməkdaşlıq, regional təhlükəsizlik və terrorla mübarizə fəaliyyətləri formalaşdırır. Lakin Suriyada davam edən qarşıdurmalar, Şərqi Aralıq dənizindəki anlaşılmazlıqlar, Qəzza və Livanda davam edən gərginliklər tərəfdaşlığı çətinləşdirməkdədir.

  Helin Sarı Ertem “Seçkilər istiqaməti dəyişdirə bilər, lakin Türkiyə-ABŞ əlaqələrinin əsas məzmununun əhəmiyyətli dərəcədə dəyişməsi çətindir. Türkiyə öz təhlükəsizlik maraqlarını qoruyarkən bu qlobal çətinliklərin öhdəsindən gəlməlidir” ifadələrini işlədir. Murat Aslan da bu fikri dəstəkləyir: “Kim qalib gələrsə gəlsin, Türkiyə ABŞ-ın Orta Şərq və Şərqi Aralıq dənizindəki strateji maraqları üçün mühüm mövqeyə malik olmağa davam edəcəkdir. Rəsmi Ankaranın qarşısında səsinin eşidildiyindən əmin olmaq və getdikcə çoxqütblü bir dünyada təhlükəsizlik ehtiyaclarının qarşılanmasını təmin etmək məqsədi var.”

  Seçkilərin nəticəsindən asılı olmayaraq, Türkiyənin regional və qlobal sabitlikdəki mərkəzi rolunu qoruyaraq müstəqil xarici siyasətini davam etdirməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr