UNICEF Ukraynadakı uşaqların vəziyyətini qiymətləndirdi
2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində hər gün orta hesabla 2 uşaq həyatını itirir və ya yaralanır
2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində hər gün orta hesabla 2 uşaq həyatını itirir və ya yaralanır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel, BMT Təhlükəsizlik Şurasının (UNSC) sessiyasında Ukraynadakı uşaqların vəziyyəti ilə bağlı çıxış edib. Ketrin Rassel uşaqların getdikcə birbaşa olaraq münaqişələrə cəlb olunduğunu və 2024-cü ilin ilk 9 ayında 2023-cü ildəkindən daha çox uşaq itkisinin qeydə alındığını vurğulayıb.
O, bildirib ki, 2022-ci ilin fevral ayından bəri azı 2406 uşaq ölüb və ya yaralanıb. Bu isə hər gün orta hesabla 2 uşağın həyatını itirməsi və ya yaralanması deməkdir. Ketrin Rassel müharibənin dəhşətli təsirinin mühüm göstəricisi olaraq, 3,6 milyon insanın Ukrayna daxilində köçkün, 6,7 milyon insanın isə qaçqın vəziyyətinə düşdüyünü qeyd edib.
Ketrin Rassel uşaqların davamlı hücumlar, zorakılıq, yaxınlarını itirmə və köçkünlük səbəbindən ailələrindən ayrılma kimi mənfi hadisələrdən təsirləndiklərini bildirib. O, bu cür travmaların uşaqların psixi sağlamlığına uzun müddətli və dağıdıcı təsirlər göstərə biləcəyinə diqqət çəkib.
BMT Təhlükəsizlik Şurasının üzvlərinə və münaqişə tərəflərinə uşaqları qorumaq üçün təcili addımlar atmağa çağıran Ketrin Rassel siyasi həllə ehtiyac olduğunu vurğulayıb.
"Uşaqlar bu Şuranın bir həll təklif etməsini gözləyirlər. Onları məyus edə bilmərik və etməməliyik",-deyə Ketrin Rassel bildirib.
Әlaqәli Xәbәrlәr
“Husilər də "Həmas", "Hizbullah", Əsəd və digərlərindən dərs götürəcək”, B.Netanyahu
Baş nazir Netanyahu Hanuka bayramı münasibətilə “X” platformasındakı hesabından açıqlama verib