TRT-nin tarixi

               

Türkiyə Radio Televiziya Qurumu (TRT) dövlətin adından radio və televiziya yayımlarını həyata keçirmək məqsədilə 01 may 1964-cü ildə xüsusi qərarnamə ilə hüquqi şəxs olaraq yaradıldı. 1972-ci ildə konstitusiya dəyişikliklərindən sonra qurum “tərəfsiz” dövlət iqtisadi qurumu olaraq müəyyən olundu.

1984-cü ildə 1982-ci il Konstitusiyası  əsasında Türkiyə Radio və Televizira Qanunu yenidən tərtib olundu. 1986-cı ildən sonra Türkiyə üçün verilişlər yayımlayan özəl televiziyaların ortaya çıxması TRT-nin 1990-cı ilədək davam edən yeganə televiziya kanalı statusunu aradan qaldırdı.

1993-cü ildə Konstitusiyanın 133-cü maddəsinin dəyişdirilməsi ilə özəl radio və televiziya kanalları sərbəst fəaliyyət göstərdiyi halda, TRT-nin avtonomluğu yenidən təsis edildi. TRT bu gün avtonomluğu və tərəfsizliyi konstitusiya maddəsi ilə təsbit olunan dövlət radio- televiziya yayım qurumu olaraq fəaliyyət göstərir.

Türkiyə Radio-Televiziya Qurumunun yaradılmasından əvvəl Türk Telsiz Telefon A. Ş.-yə tabe olan radio yayımları 1964-cü ildə TRT çətri altında toplandı. 06 may 1927-ci ildə yayıma başlayan İstanbul Radiosundan sonra 1928-ci ildə Ankara Radiosu efirə çıxdı. Ankara və İstanbul radioları 1936-cı il  08 sentyabr  tarixində PTT-yə təhvil verildi. Bundan sonra ötürücüsü gücləndirilən  Ankara Radiosu 28 oktybr 1938-ci ildə rəsmi şəkildə fəaliyyətə başladı. Daha sonra efir həyatına fasilə verən İstanbul Radiosu 19 noyabr 1949-cu ildə efirə geri döndü.   II Dünya Müharibəsi zamanı radiolar yeni qurulan “Matbuat Umum Müdürlüyü”nə (Basın Yayın ve Turizm/Enformasyon Genel Müdürlüyü)  tabe oldu. İzmir Bələdiyyəsinə tabe olan İzmir Radiosu  1950-ci ildə  fəaliyyətə başladı və 1953-cü ildən etibarən  “Matbuat Umum Müdürlüyü” nün tabeçiliyinə keçdi.

1960-cı ildən sonra səkkiz şəhərdə şəhər radiosu açıldı 1961-ci il Konstitusiyasının Radio yayımları qurumlarını  avtonom və tərəfsiz  dövlət  iqtisadi strukturu olaraq nəzərdə tutan 359 saylı qanunu əsasında 1964-cü ildə TRT-nin radio yayımları ötürücüləri gücləndirildi  və yayımlar  daha geniş sahəni əhatə edərək, daha geniş kütlə üçün əlçatar oldu. 1974-cü ildə TRT-nin mərkəzi və bölgə radiolarının birləşdirilməsi əsasında TRT-1, TRT-2 və TRT-3 radio kanalları yaradıldı.

Televiziya yayımları isə 31 yanvar 1968-ci ildə Türkiyənin ilk sınaq televiziya yayımı olan Ankara Mithatpaşa Studiyasında Mahmut Tali Öngörənin açılış nitqi ilə başladı. Həftədə 3 gün, hər gün 3 saat olaraq başlayan sınaq yayımları bir ildən sonra həftədə 4 gün oldu. 1970-ci ildə İzmir Televiziyası, 1971-ci ildə İstanbul Televiziyası fəaliyyətə başladı.

1969-cu ildə astronavtların aya qədəm qoymaları və Zəki Mürenin Ankarada verdiyi konsert televiziya ekranlarında əks olundu. 1973-cü ildə isə Türkiyə Respublikasının ikinci prezidenti İsmət İnönünün yas mərasimi lentə çəkilərək yayımlandı. 20 iyul 1974-cü ildə başlayan Kıbrıs Hərəkatından bütün Türkiyə və Avropa TRT vasitəsilə xəbərdar oldu. Türkiyə TRT-nin təşkilatçılığı ilə 1975-ci ildə  ilk dəfə Avroviziya Mahnı Müsabiqəsinə qoşuldu. 1978-ci ildə ilk dəfə sualtı kameralarla “Dərinlərdəki Keçmiş” adlı rəngli sənədli film çəkildi. 1979-cu ildə 5 ölkədən gələn 133 uşağın və 31 liderin qatıldığı ilk 23 Aprel Uşaq Bayramı keçirildi.

1974-cü ildə  ölkə sahəsinin 28%-də (210.861 kvadrat kilometr)  əhalinin 55%-i (19 milyon) Televiziya yayımlarını həftənin bütün günlərində izləyə bildilər.  Televiziyanın Türkiyəyə gəlişinin 10-cu ilində PTT mərkəzlərində qeyd olunan  televizor alıcılarının sayı 2 milyon 250 min oldu. 1982-ci ildə daxildən ötürülən və xaricdə qəbul olunan koordinasiya, yayım, çəkiliş və qurğu funksiyalarını yerinə yetirə biləcək tutuma malik Avroviziya bağlantı mərkəzi işə başladı. Ekran gedərək artan yayım saatları ilə birlikdə, 31 dekabr 1981-ci ildə, Yeni İl gecəsindən etibarən rənglənməyə başladı və 1984-cü ildə tamamilə rəngli yayıma keçildi.

1986-cı ildə televiziyanın 2-ci kanalı TRT-2 fəaliyyətə başladı. 1987-ci ildə “İntelsat” peykindən kirayə alınan ötürücüdən TRT-1 və TRT-2 proqramları peyk vasitəsilə bütün Türkiyəyə yayımlandı. TRT-3 və GAP-TV 1989-cu ildə xidmətə başladı və TRT kanallarının sayı 4 oldu. 1990-cı ildə təhsil kanalı TRT-4-ün və Avropada yaşayan Türk fəhlələrinə xitab edən TRT-İNT-in yayımları başladı. 1993-cü ildə Qafqaz və Orta Asiya üçün hazırlanmış verilişləri yayımlayan TRT-AVRASYA kanalı, 1955-ci ildə isə TBMM TV yayıma girdi.

1988-ci ildə ilk xarici ölkə nümayəndəliyi-  TRT Almaniya-Berlin Nümayəndəliyi açıldı. Bunu 1999-cu ildə Türkmənistan-Aşqabad Nümayəndəliyi, 2000-ci ildə Azərbaycan-Bakı Nümayəndəliyi, Misir-Qahirə və Belçika- Brüssel Nümayəndəlikləri təqib etdi. 2002-ci ildə ABŞ- Washington, 2004-cü ildə isə Özbəkistan-Daşkənd büroları faaliyyətə başladı.

1999-cu ildə TRT_SAYTEK (Rəqəmsal Yayım Texnologiya Mərkəzi) yaradıldı, www.trt.net.tr ünvanlı internet saytı yayıma başladı.

2003-cü il həm TRT, həm də Türkiyə üçün unudulmaz il oldu. TRT Türkiyə adından qatıldığı Avroviziya Mahnı Müsabiqəsində Sərtap Erenerin ifasında səslənən “Every Way That I Can” mahnısı ilə qələbə qazandı.

2004-cü ildə TRT Asiya-Sakit Okean Yayım Birliyi (ABU) ilə “Asiavision” müqaviləsinə imza atdı.

01.11.2008-ci ildə Türkiyənin ilk və yeganə uşaq kanalı TRT ÇOCUK yayım həyatına başladı.

01.01.2009-cu ildə fərqli dil və dialektlərdə verilişlər hazırlayan TRT 6 KÜRTÇE açıldı. 2015-ci ildə kanalın adı dəyişdirilərək TRT KURDİ oldu.

20.11.2008-ci ildə həyata keçirilən www.trtvotworld.com 31 dildə xəbər yayımı ilə yeni media yayımçıları arasında dünyada 5-ci yer tutdu. Bu gün hadisələrin inkişafını, ekspertlərin görüşlərini əks etdirən əhatəli, qərəzsiz və doğru xəbərlər ictimaiyyətə təqdim olunur.

Balkanlardan Orta Asiyaya, Yaxın Şərqdən Qafqazadək  27 ölkə və 13 muxtar respublikada təxminən 250 milyon əhalili bir məkana xitab edən TRT AVAZ 21.03.2009-cu il tarixində yayım həyatına başlayaraq Türk dilində, Azərbaycan Türkcəsində, Qazax, Qırğız , Özbək və Türkmən dillərində təqdim olunan proqramları ilə efir məkanındakı bütün ölkələrin yer aldığı və hər ölkə tamaşaçısının özü üçün bir şey tapdığı "ortaq kanal" oldu.

 

TRT TÜRK 08.05.2009-cu il tarixində dünyaya Türk dilində verilişlər təqdim edən  xəbər və mədəniyyət kanalı olaraq yayıma başladı. Eyni ildə sınaq yayımlarına başlayan TRT ANADOLU isə TRT ilə Yerli və Regional Televiziyalar Birliyinin birgə yayım kanalı kimi nəzərdə tutuldu. TRT ANADOLU 2012-ci ilin Ramazan ayında 24 saat efirdə olan TRT DİYANƏT kanalına çevrildi. 16 noyabr 2009-cu ildə yayıma başlayan TRT MÜZİK, Türk Xalq və Sənət Musiqisinə daha çox yer verməklə yanaşı, yerli və xarici musiqini səsləndirərək, Türkiyənin və dünyanın musiqisini TRT özünəməxsusluğu ilə ekranlarda əks etdirir.

 "Şahid Olmağa Hazırsınızmı?" şüarı ilə 17 oktyabr 2009-cu ildə yayıma başlayan TRT BELGESEL kanalı Türkiyəni  ingilis, alman, fransız, rus və Türk dili olmaqla, beş fərqli dildə dünyaya tanıdır.

2009-cu ildə  RADİO 6, TRT NAĞME, TRT ANKARA KENT RADİOSU, TRT TÜRKÜ və TRT AVROPA FM radioları yayıma başladı.

  TRT AVROPA və dünyanın aparıcı xəbər kanallarından olan “Euronews” ilə əməkdaşlığa imza ataraq “Euronews”un böyük səhmdarları arasına girdi. “Euronews” xəbər kanalı 2010-cu ilin yanvar ayında  9-ci dil olaraq Türk dilində yayıma başladı.

  18 mart 2010-ci il tarixində TRT HABER  kanalı yayım həyatına başladı.

 Ərəb dilli TRT –“ETTÜRKİYYE”  kanalı Ərəb ölkələrində ən çox baxılan kanal olmağı hədəf seçərək 4 aprel 2010-cu il tarixində yayına başladı. Kanal, 2015-ci ildə TRT-EL ARABİA adını aldı.

Yüksək səviyyəli yayım imkanı olan TRT HD kanalı tamaşaçılara başlıca olaraq, idman verilişləri, sənədli və bədii filmlər təqdim edir.

2010-cu ilin avqustunda yayıma başlayan TRT SPOR milli və beynəlxalq səviyyədəki bütün idman yarışlarını  ekranlarda əks etdirir, idmanın hər növünə əhəmiyyət verir.

  2011-ci ilin yanvarında yayıma başlayan TRT OKUL Anadolu Universitetinin hazırladığı dərs proqramları və maarifləndirici verilişlərlə yanaşı, TRT-nin hazırladığı müxtəlif yaş qruplarına aid mədəniyyət və maarifləndirici proqramlar, gənclərə aid rəngarəng verilişlər təqdim edir.

  TRT bu gün 14 televiziya kanalı, 5 milli, 5 regional, 3 beynəlxalq və 3 yerli radio stansiyası, trt.net.tr və 41 dildə hazırlanan www.trtvotworld.com adlı veb saytları, teletekst yayımı, "Televiziyon", "TRT Çocuk", "Radyovizyon" adlı  jurnalları ilə Türkiyəyə və dünyaya xitab edir.