“Faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməmişdi, amma Ermənistan ...” İ.Əliyev

VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında ölkə başçısı İlham Əliyev iştirak edərək nitq söyləyib

2190564
“Faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməmişdi, amma Ermənistan ...” İ.Əliyev

 

  Sentyabrın 23-də VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edərək nitq söyləyib. Dövlət başçısı çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunaraq deyib: “Yenə də bildirmək istəyirəm ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki, bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başlamışdır. Ancaq nəyi görürük? Görürük ki, Ermənistan bu məsələni süni şəkildə uzadır… Bu qədər qeyri-səmimi münasibət bizi təbii olaraq düşündürür. Görürük ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa sülh”, ya bilmirəm “müşahidəçi” missiyası yaradılıb, halbuki bu, əldə edilmiş razılaşmanın pozulmasıdır.

  Mən həm Avropa İttifaqına, həm Ermənistana onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, - bəli, biz də razılıq vermişdik, - Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aya. Yəni, bizimlə bu razılaşdırıldı. Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO missiyasıdır. Ondan sonra bizə qarşı “Binokl diplomatiyası”, deməli, siyasəti aparılırdı. Gecə-gündüz xarici nümayəndələr gəlirdi, binoklla bizə baxırdı. Nə göstərmək istəyirdilər bizə?! Bu, nə demonstrasiyadır, nə ucuz şoudur?!

  Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, əslində, bizə vasitəçi lazım deyil. Biz Ermənistanla dövlət sərhədinin delimitasiyasını vasitəçilərsiz etdik. Beləliklə, biz nəinki delimitasiyanı, hətta demarkasiyanı da başlamışıq. Ona görə danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər.

  Ermənistan ordusu darmadağın edilmişdir. Ermənistan kapitulyasiya aktını imzalamışdır. Ondan sonra mən əmr verdim və Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü dayandırıldı.

  İkinci Dünya Müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməmişdir. Faşist Almaniyası bir neçə yerə bölünmüşdü, kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırıldı. Burada isə kapitulyasiyaya uğrayan faşist dövlət nəinki cəzalandırılmadı, hətta onlara bütün preferensiyalar verilir. Onlara Amerikadan indi 250 milyon dollar pul verilir. O puldan onlar öz daxili məqsədlərinə istifadə edəcəklər, qənaət olunan pula isə silah alacaqlar, bizi öldürməyə. Bu məsuliyyəti kim daşıyır və kim daşıyacaq? O pulu onlara verən. O cümlədən dırnaqarası Avropa Sülh Fondu. Görün, bu riyakarlığın səviyyəsinə baxın. Silah üçün nəzərdə tutulan fond, ona Sülh Fondu deyirlər, Ermənistan ondan istifadə edir, Fransadan pulsuz silah alır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır.

  Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək”.



Әlaqәli Xәbәrlәr