Səhnə ustası Məhbubə Məlikova 22 ildən sonra danışdı

  “Keçmişə qələm çəkmişdim. Axı bu, mənim qanayan yaram idi. Bu qız mənim saqqızımı oğurladı...” Məhbubə Məlikova.

  Sevda Mirzə: Siz “Körpü” verilişini oxuyur, dinləyir və görürsünüz, mən Sevda Mirzənin təqdimatında. Veriliş TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyası tərəfindən hazırlanır. Bu müsahibəni TRT\Azerbaycan saytının video bölümündə də görə bilərsiniz.

  Qonağımızı təqdimata keçməzdən əvvəl onun haqqında qısaca məlumat vermək istəyirəm, daha doğrusu, öz təəssüratlarımla başlayıram.  

  Təxminən 2009-cu ildə mən TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan bölümü ilə tanış oldum. Otaqda oturmuşduq, söhbət edirdik o zaman orada çalışanlarla. Birdən otağa gözəl bir xanım girdi. Və mən ona baxan kimi onu tanıdım: “Sevil” tamaşasındakı Gülüş”, - dedim. Həqiqətən o qədər sevindim ki, onu gördüyümə. Çünki mənim üçün bu xanım Gülüş obrazı ilə yadda qalmışdı. Çünki Gülüş obrazı nümunə bir Azərbaycan qadını idi. Mən bu obrazla birlikdə bu xanımı sevmişdim. Onu görüncə sevindim, yaxınlaşıb dedim: “Siz Gülüşsünüz.” Çox təmkinlə, sakitcə: “Bəli”, - dedi.

  Qismət oldu, illər sonra mən bu bölümdə çalışmalı oldum. Çox yaxın olduq bu azərbaycanlı xanımla. Mən çox sevinirəm ki, o xanımdan müsahibə almaq da mənə qismət oldu.

  Bu xanım Azərbaycan səhnəsinin Gülüşü, Gülcanı, Dilşadı, Nərmini, Pırpız Sonası, Göyərçini Məhbubə xanım Məlikovadır.

  Məhbubə xanım, xoş gördük sizi öz evinizdə. Çünki TRT 20 ildən çoxdur ki, sizin evinizdir.

  Siz Azərbaycan Teatrının özünəməxsus ifası ilə tanınan bir aktrisası olmusunuz. Təxminən sizinlə, mənimlə yaşıd olan, bu aralıqda doğulan insanlar sizi tanıyır. Adınızı görən və eşidən sizi xatırladı yəqin. Amma həm də gənclər üçün siz özünüz deyin: Məhbubə Məlikova kimdir? Siz həm şair ailəsində doğulmusunuz, həm həyat yoldaşınız – Pərviz Bağırov aktyor olub. Bütün varlığınız sənətlə bağlı olan insan kimi.

Məhbubə Məlikova: Həqiqətən də bura illərdir mənim səhnəm, teatrım, sənət dünyamdı. İndi burada özüm haqqında danışmaq mənə qismət oldu.

  Mən ilk olaraq teatr – o müqəddəs məbəd haqqında danışmaq istəyirəm. Çünki mən oradan gəlmişəm, daha sonrakı işim radiodur. Azərbaycan aktyor məktəbini Hüzeyn Ərəblinski, Cahangir Zeynalov yaradıb. Daha sonra canlı olaraq məktəbini keçdiyim digər teatr nəhəngləri var. Azərbaycan teatrı elə böyük aktyorlar yetişdirib ki, Sidqi Ruhulla, Mərziyyə Davudova, Fatma Qədri, Rza Əfqanlı, Ələsgər Ələkbərov. Düzdür, mən onlarla bir səhnədə olmamışam, amma teatr yaranandan 100 il sonra Hökumə Qurbanova, Hamlet Xanızadə, Məmmədrza Şeyxzamanav, Nəcibə Məlikova kimi aktyor və aktrisalarla bir səhnədə olmaq, onlarla birlikdə nəfəs almaq, onların məktəbini keçmək mənə çox şeylər qazandırdı.

  Teatrımızın 100 yaşı var idi mən səhnəyə qədəm basanda. “Vaqif” tamaşasında M.Şeyxzamanov Qacarı, mən gürcü qızı Tamaranı oynayırdıq. Səməndər Rzayev, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli kimi nəhəng aktyorlarımız olub. Mən elə insanlarla səhnəyə çıxmışam ki, bu, hər adama qismət olmayıb. Bunların hər biri mənim üçün gözəl xatirədir. “Mahnı dağlarda qaldı” tamaşasında mən Əlabbas Qədirov, “Unuda bilmirəm”Həsən Turabovla oynamışam.

  Teatrımız, sözün əsil mənasında, Akademik Milli Dram Teatrı idi, yetkin aktyorlardan ibarət idi.

Sevda Mirzə: Siz “Sevil”də Gülüşü, “Göz həkimi”ndə Güləri – şəkili qızı canlandırmısınız. Şəki ləhcəsini o qədər gözəl yaratmısınız ki.

Məhbubə Məlikova: Səhnəyə ilk addmlarım universiteti bitirdikdən sonra olub. Tofiq Kazımov məni Aleksandr Vampilovun “Övlad” tamaşasına dəvət etdi. Amma bu zaman elə bir keçici dövr yaranmışdı ki, bizim çox gözəl sənətkarımız Amalya xanım Pənahova bir il səhnədən uzaqlaşmışdı. “Övlad” tamaşasının məşqləri gedə-gedə İlyas Əfəndiyevin “Unuda bilmirəm”, “Mahnı dağlarda qaldı” tamaşalarında oynamalı oldum. Teatr məni o qədər qəbul etdi ki, sanki çoxdan bir aktrisasını gözləyirdi. Düzdür, insanın özü haqqında belə sözlər deməsi o qədər yaxşı alınmır. Amma mən təəssüratlarımı bölüşürəm.

  Özümə aid xüsusi rolum isə A.Vampilovun “Övlad” tamaşasında olub. Bu əsərdə səhnə partnyorlarım M.Şeyxzamanov, Ramiz Məlikov, həyat yoldaşım Pərviz Bağırov, Zərnigar Atakişiyeva idi. Şekspir, İlyas Əfəndiyev, Molyer, Cəfər Cabbarlı, Qoqol, daha hansı klassiklər oynanılmayıb bizim teatrda? Buna görə həqiqətən akademik ada layiq teatrımız olub. Mən o teatrdan bu səhnəyə gəlmişəm: burada fərq etmir, pərdələr açıla bilir, işıqlar yanır. Mən yenə sənət sevdamı burada da olduğu kimi davam etdirirəm.

Sevda Mirzə: Sizin adlarını çəkdiyiniz aktyorların hər birinin özünəməxsus səsi də var idi. Onların səsindən belə ayırd edə bilirdik hansı aktyor olduqlarını. Siz bilirsiniz, “Qızıl Fond”da radio tamaşaları var. Onları dinlədiyimiz zaman səslərdən rolları ayırırdıq. Ləhcəsiz, şivəsiz, təmiz Azərbaycan dilində danışırdılar. Mən niyə səslərə vurğu etdim? Çünki bu səslərin içində sizin də səsiniz fərqli və özünəməxsus idi. Özünüzdən əvvəl gələn sənətkarların pafosu da üstünə gəlincə, yatınca başqa aləm olurdu.

Məhbubə Məlikova: Sevda xanım, doğrudan da, gözəl bi məqama toxundunuz. Çünki bəzən insan bilmir ki, haradan başlasın, nə desin, hansı təəssüratlarını bölüşsün? Mən bir neçə məqamı qeyd etmək istəyirəm. Məsələn, “Sevil” tamaşasında nəhəng aktyorlarla səhnədə idim. Bir gün Ağasadıq Gəraybəli mənə dedi ki: “Məhbubə xanım, mən çox Gülüş görmüşəm. İnan ki, sənin kimi Gülüş ifa edən aktrisa görməmişəm.” Bu sözlər mənimçün bir fəxr idi.

  Mən kimin aşiqi idim? - Hökumə Qurbanovanın. Allah onu rəhmət eləsin. Məktəb illərindən onu dinləyirdim. O qədər vurğun idim ki ona. Azərbaycan teatrı böyük aktyorlar yetişdirib, amma teatr tarixində bir 1 əsr də keçsə, Hökumə Qurbanova  kimi aktrisa, elə bir sənətkar, mənim zənnimcə, dünyaya gəlməyəcək. Onun Şekspirin əsərlərində oynadığı rolları, onun Kleopatrası o qədər valehedici idi ki. O aktrisaya sevgi məni səhnəyə gətirdi.

  Bir gün teatrdayıq, qar da yağır, axşam tamaşası gedir. Mən rol oynayırdım. Hökumə xanım da öz otağında oturmuşdu, birdən: “Vəfa danışır, Vəfa danışır. Eşitdim. Bu, onun səsidir”, - dedi. O qədər səs tembrimiz bənzəyirdi ki, Hökumə xanım hətta qızının səsindən belə ayıra bilmirdi.

Sevda Mirzə: Hökumə Qurbanova haqqında bu sözləri deyirdilər: “Sehrkar səsli aktrisa”. Hətta bilirsiniz, Moskva Dövlət Teatrı da onu istəmişdi Azərbaycan Dövlət Dram Teatrından, “Ən az 3 aylığa bunu bizə verin” demişdilər. Amma teatrın o zamankı rəhbərliyi: “Əgər biz Hökuməni 3 aylıq belə sizə versək, teatrımız batar”, - demişdi.

Məhbubə Məlikova: Sevda xanım, Hökumə Qurbanova deyəndə mənimçün sular durulur. O qədər sevirdim o aktrisanı. Bir şeyi qeyd etmək istəyirəm. İnsan öz haqqında danışmağa çətinlik çəkir. Amma yazılardan, rəylərdən qeyd etmək istəyirəm ki, səs sahəsində Azərbaycanda mənim səsimə çox dəyər verirdilər.

  Filmdə çəkilirsən. Başqası səni səsləndirə, dublaj edə bilər. Amma teatr sənəti səsilə tamaşaçını ovsunlayır. Səsin gözəlliyi səndə olmasa, sən tamaşaçını, dinləyicini cəlb edə bilməsən, fikri və istədiyini o sözə, o səsə verə bilməsən, o effekt alınmaz. 

Sevda Mirzə: Azərbaycan teatrının böyük aktyorlarını, aktrisalarını yada saldınız. Əslində siz özünüz də bunlardan birisiniz. Amma birdən birə Azərbaycan səhnəsində Məhbubə Məlikova boşluğu yarandı, hər kəs sizi itirdi “Məhbubə xanım hara getdi?” deyə. Siz uzun illər müsahibə belə vermədiniz. Mənim bildiyimə görə, 1994-cü ildə Azərbaycanda qəzetə son dəfə müsahibə vermisiniz. Sizi çox axtarıblar, hətta tapanlar da olub, amma yenə müsahibə vermək istəməmisiniz. 22 illik fasilədən sonra oxucular, dinləyicilər və tamaşaçılar siz görmüş olur.

  Bu müddətdə Türkiyədə Ankarada yaşamısınız. Ölkənin dövlət teleradio şirkəti TRT-də radioda Azərbaycan bölümündə çalışırsınız. Türkiyəyə gəlişinizdən danışmağınızı istərdik.

Məhbubə Məlikova: İnsanın duyğuları, keçmişi. Bəzilərini xatırlamaq istəmirsən. Bəzən uşaq kimi bir şeydən küsürsən, sonra peşman olursan. Sonrakı peşmançılıq fayda vermir. Necə deyərlər, “Ata minmək bir ayıb, atdan düşmək bir ayıb”.

  Sualınıza gənc və şair qızım Aynur Azərinin İstanbul Ədəbiyyat Akademiyasının dərgisində çıxan şeirilə cavab vermək istəyirəm. Bunu mənim ürəyimdən yazıb.

Rüzgarın üstünə dizdim notayı.

Yağmur damlaları çaldı ahəstə.

İçimdə dolaşdım ben beş kitayı.

Kendim kilidliyim dar bir qəfəsdə.

Bu mektup sizlərə, ey hayallarim,

Neredesiniz? Bilmem. Adres yok, ad yok.

Boş zarfla atıyorum bu mektupu yüreye ben.

  Yəni küləklər əsdi, bizi o rüzgarlar gətirdi həyatımızın baharında. Biz də həyatımızı küləyin üstünə düzdük, yağmur yağdı, çovğun oldu, belə.

Sevda Mirzə: Məhbubə xanım, siz elə bilirsiniz, biz bu cavabla qane olduq? Yox, olmadıq. Çünki siz Türkiyəyə göydən düşmüş kimi gəlmədiniz, dəvətlə gəldiniz.

Məhbubə Məlikova: Yəni nə gətirdi məni, neyçün gəldim? Hər insanın həyatında bir boşluq olur. Bəzən o hissə qapılırsan, bəzən uzaqlaşmaq istəyirsən. Bəzən “kader” deyirlər, bəxtin də səninlə gedir.

  Təsadüflər elə gətirdi ki. 1993-cü il. Bacım oğlu burada oxuyurdu, onun yanına gəldim. Ondan sonra mənim sənət dostlarım, arkadaşlarım, çevrəm, yazıçı dostlarım məni yığıncaqlara dəvət etdilər, Azərbaycanın bir aktrisası kimi, tanıyan, ya tanımayan. Mənim ən çox sevindiyim məqam odur ki, o vaxt mən Turkeş Başbuğla tanış oldum. Milli Hərəkat Partiyasının gecəsində iştirak etdim. Rica etdilər, sevdiyim şeirlərdən oxudum onlar üçün. Burada qalmağımı məsləhət gördülər. Bir az uzaqlaşmaq istədim. Bəzən olur insan həyatında bəzi şeylər. Ondan sonra elə gətirdi ki, çevrə böyüdü, arkadaşlarım, yoldaşlarım oldu, Allah hər kəsdən razı olsun. Qərar verdim: başladım, pərdəni açdım və elə burada da sənətimə davam etdim.

  Bir şey itirirsən həyatda, bir şey qazanırsan. Elə şeylər qazandım ki. Birincisi, qürbətin nə olduğunu bildim. Həyatın məsanını darda qaldığın zaman anlayırsan. O qədər tək qaldığımız vaxtlar olub. Çətin günlərimiz olub, gözəl günlərimiz olub. Amma ən çox qazandığım nə idi? Sabah gözünü azanla açırsan ha, o azanın səsini eşidəndə insan deyir: “Allahım, qurban olduğum, bax, mən buradayam, sənə yaxınam, sən məni eşidirsən”. Bundan gözəl nə ola bilər?

  Üstündən oxuyub keçdiyim şairlər, yazıçılar var idi. Amma mən bura gəldikdən sonra onları dərindən dərk etdim. Söz xəzinəsinin ustadı Füzulidir. Amma, görün, Türkiyə torpağının yaratdığı Mehmet Akif Ersoy necə belə bir zirvəyə çıxaran şeirini yaza bilib? “Çanakkale şəhidlərinə” yazdığı şeiri mənim canıma, qanıma, iliyimə işlədi. Buna can dayanmaz.

  Dünyanın hər yerində müharibə gedir. Allahım, qurban olduğum bizi salamatlığa, xoş günlərə gətirib çıxarsın, davadan, müharibədən uzaq olaq.

  Mehmet Akif Ersoyun bir sənətkar kimi şeirini oxuyub çatdırmaq istəyirəm indi. Onu bu torpaqda dərindən tanıdım, dərk etdim. O, elə bir zirvədir ki, İslamiyyətlə sənəti bir-birinə sintez edib.

  Mən sizə bir şey deyim: bura (studiyaya) gəlirlər, “Ay indi müsahibə alacaqlar”, ya yazıçı, ya aktrisa, ya şair, həyəcan keçirirlər. Düzü, mən özüm də evdə bir az narahat oldum ki, 20 ildən sonra çıxıb tamaşaçıma bir söz deyəcəyəm. Amma doğrudan da səhnə, teatr məbədi elə bir məktəbdir ki. Biz oradan çıxıb gəlmişik. İşılar yandımı, kameralar çalışdımı, o zaman mən artıq hər şeyi unuduram, daha səmimi oluram. O qədər səmimi ki.

  Mehmet Akif Ersoyun şeirini oxumağa keçməzdən əvvəl bir məsələyə də toxunmaq istəyirəm. Bəlkə də eşitmisiniz. Azərbaycanda az-çox sevilən aktrisa idim. Bəziləri deyirdi: “Televizoru açırsan Məhbubə çıxır, Pərviz çıxır. Radionu açırsan, buz dolabını (soyuducunu) açırsan bunlar çıxır”. Bizə Leyli-Məcnun deyirdilər. Mənim inancım var, doğrudan da gözə gəldik. Elə gözə gəldik ki, tarimar olduq, dağıldıq. Bunu uzatmayım. O dediyim səmimiyyətə dönmək istəyirəm. Sevilən akrtisa idim.

  Heydər Əliyev teatrı çox sevirdi, incə sənətə çox dəyər verirdi. O qədər dəyər verirdi ki. Teatra tez-tez gələrdi. Sayardı-sevərdi aktyorları. Və bir gün həyat yoldaşı Zərifə xanımla teatra gəldi. Demə, mən Zərifə xanımın çox sevdiyi aktrisalardan biriydim. O qədər səsimə, sözümə valeh idi ki. Bir şey qeyd etdi. Mən bu səmimiyyətə gətirmək istəyirəm. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasına gəlmişdilər prezidentimiz Heydər Əliyev və xanımı Zərifə Əliyeva. Çiçəklər gəldi onlar tərəfindən, səhnəyə düzüldü. Zərifə xanım mənə dedi: “Bir söz demək istəyirəm. Siz elə oynadınız ki, mən özümü tamaşada hiss etmədim. Belə şey ola bilərmi?” Bunu Zərifə xanım dedi: “Bu həyat idi, yoxsa nə idi? Biz “Dəli yığıncağı”na baxırdıq? Biz teatrdaydıq, ya yox?” O qədər sevirdi məni, hətta “Buyurun, gəlin bizə” dedi.

  Məni qınayırdılar, “Niyə bir çiçək alıb getmirsən?” deyə. Mən cavan idim, utancaq idim, təvazökar idim, “Zərifə xanım çağırıb, gedim” demək, etmək məndə olmadı. O vaxt da sadə idim, elə indi də. Belə də qalacağam.

  Söhbətimiz səmimi oldu. Özümə də ləzzət etdi. Bilirsiniz ki, mən müsahibə vermək istəmirdim, uzaqlaşmaq istəyirdim. Amma, Sevda xanım, sizdən qurtula bilmədim, məni studiyaya gətirə bildiniz.

  Belə, indi mən bir aktrisa kimi Mehmet Akif Ersoyun “Çanakkale şəhidlərinə” - şəhidləri qaldırdığı zirvəyə yazdığı şeiri oxumaq istəyirəm.

Ey, bu topraklar için toprağa düşmüş asker!
Gökten ecdâd inerek öpse o pâk alnı değer.
Ne büyüksün ki kanın kurtarıyor Tevhîd'i...
Bedr'in arslanları ancak, bu kadar şanlı idi.
Sana dar gelmeyecek makberi kimler kazsın?
"Gömelim gel seni târîhe" desem, sığmazsın.

Sevda Mirzə: Bu yerdə ancaq alqışlar gəlir.

Məhbubə Məlikova: Həyatımızın mükafatı ancaq alqışlardır. Sənətkar elə alqışdan başqa bir şey istəməz. Sənət elə bir şeydir ki, həyatı olduğu kimi görmürsən. Həyatı olmaq istədiyi kimi görürsən. Daşa, torpağa, misraya, şeirə, sözə, sənətə özünü bütün varlığınla, ruhunla verməlisən ki, o zaman sənət yaransın, həyatın sirrini, sözünü çözəsən.

Sevda Mirzə: Məhbubə xanım, siz danışdıqca bizi də götürüb öz aləminizə apardınız. Səmimi insansınız. Mehriban, hər kəsə yardım etməyə çalışan, hər kəsin yaxşılığını istəyən bir xanımsınız. Müsahibəyə görə çox-çox sağ olun. Gəncliyinizdə Azərbaycan Akademik Milli Dram Teatrı sizin eviniz, məskəniniz idi. Amma qismət, tale sizi Bakıdan Ankaraya gətirdi və bu gün TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan bölümü sizin eviniz oldu. Sizdən sizin evinizdə müsahibə almaq bizə qismət oldu. Çox təşəkkür edirik.

P.S:  “Keçmişə qələm çəkmişdim. Axı bu, mənim qanayan yaram idi. Bu qız mənim saqqızımı oğurladı. Onda “şeytan tükü” var, nədi. Məncə, əsil jurnalist belə də olmalıdır: istədiyini qoparan. TRT-də çalışdığım illər ərzində məndən müsahibə almaq istəyənlərin sayı az deyildi. Yarama duz səpmələrinə göz yuma bilməzdim, xatirəlr yalnız məni yaxıb qovuracaqdı. Bu qız isə səbir kasası idi, “Bir gün mənə icazə verəcəyinizi bilirəm” deyirdi. Böyük ürəyə sahib, gözləri sənət atəşilə yanan bu qıza - Sevdaya mənim haqqımda ürəyindən nə keçirsə, nə yazmaq istəyirsə, razılıq verdim”. Məhbubə Məlikova.

“Körpü” verilişi (52-ci), mövzu: Aktrisa Məhbubə Məlikova ilə müsahibə (Ankara). Yayımlanma tarixi: 31.12.2016. 

  “Körpü” hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRT/Azerbaycan saytı və azerbaycan “at” işarəsi trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze “at” işarəsi trt.net.tr e-mail adresinə də yaza bilərsiniz.