"109 il əvvəl bu gün, bu zaman burada ANZAK ruhu doğuldu", R.Marles

Çanaqqala Quru Döyüşlərinin 109-cu ildönümü xatriə mərasimləri çərçivəsində Gelibolu yarımadasındakı Anzak körfəzində ənənəvi “Sübh ibadəti” keçirilib

2131797
"109 il əvvəl bu gün, bu zaman burada ANZAK ruhu doğuldu", R.Marles

 

  Çanaqqala Quru Döyüşlərinin 109-cu ildönümü xatriə mərasimləri çərçivəsində Gelibolu yarımadasındakı Anzak körfəzində ənənəvi “Sübh ibadəti” keçirilib.

  Avstraliya və Yeni Zelandiyadan Türkiyəyə gələn minlərlə adam mərasimin keçirildiyi ərazidə qalıb.

  Tədbir boyu ekranda Gelibolu döyüşləri ilə bağlı sənədli, bədii filmlər göstərilib və müsahibələr izlənilib.

  Anzak körfəzindəki “Sübh ibadəti” hər il olduğu kimi sübh 04.45-də başlayıb.

  Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Marles və Yeni Zelandiyanın baş nazirinin müavini və xarici işlər naziri Uinston Peters günün məna və əhəmiyyətini ifadə edən çıxışlar ediblər.

  Riçard Marles Türkiyəyə hər il ANZAK mərasimlərinə ev sahibliyi etdiyi üçün təşəkkür edərək deyib: "109 il əvvəl bu gün, bu zaman burada ANZAK ruhu doğuldu. Çanaqqalada təxminən 9 min avstraliyalı həlak olub. Onlardan on minləri də Birinci Dünya Müharibəsində müxtəlif cəbhələrdə həyatını itirib. Bu itkilər nəsildən-nəslə keçən bir yaradır və onları unutmayacağıq”.

  Yeni Zelandiya baş nazirinin müavini Uinston Peters də 100 il əvvəl bir-birinə düşmən olan xalqların bu gün dost olduqlarına diqqət çəkərək bunları söyləyib: “Çanaqqala Quru Döyüşlərində Yeni Zelandiyadan çox sayda gənc əsgər həlak oldu… Münaqişələrin şiddətini və gərginliyi azaltmaq üçün həmişə diplomatiyaya ehtiyac var. Bütün bəşəriyyət və ölkələr bir araya gələrək sülhü qorumalıdır. Çanaqqalada həyatını itirən əsgərlərin ruhu ancaq bu yolla rahat ola bilər”.

  Qeyd edək ki, ANZAK Avstraliya və Yeni Zelandiya Ordu Korpusu sözlərinin ilk hərflərinin abbreviaturasıdır. ANZAK Günü 25 aprel 1915-ci ildə Avstraliya və Yeni Zelandiya əsgərlərinin Geliboluya enişinin ildönümüdür.



Әlaqәli Xәbәrlәr