“İki regional güc - Türkiyə və İran əməkdaşlığı inkişaf etdirməlidir”, R.T.Ərdoğan

Paytaxt Ankarada rəsmi səfərdə olan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündən sonra birgə mətbuat konfransında çıxışında R.T.Ərdoğan bunları söyləyib ...

2093093
“İki regional güc - Türkiyə və İran əməkdaşlığı inkişaf etdirməlidir”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə görüşünə münasibət bildirib, “Ölkələrimizin və bölgəmizin təhlükəsizliyini hədəf alan terror təşkilatları PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinin vacibliyinə toxunduq” deyib.

  Paytaxt Ankarada rəsmi səfərdə olan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündən sonra birgə mətbuat konfransında çıxışında R.T.Ərdoğan bunları söyləyib: “Qonşumuz İranla qarşılıqlı etimad və ortaq maraqlar əsasında münasibətlərimizin dərinləşməsinə önəm veririk.

  Ölkələrimizin və bölgəmizin təhlükəsizliyini hədəf alan PKK/PYD/YPG və PJAK-a qarşı İranla əməkdaşlığımızın daha da gücləndirilməsinin vacibliyinə toxunduq.

  Yanvarın 3-də Kirmanda baş verən dəhşətli terror aktını qınadığımızı bir daha təkrar etdim. Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bir daha bildirmək istəyirəm”.

  Türkiyə prezidenti 2023-cü il oktyabrın 7-dən bəri davam edən İsrail-Fələstin müharibəsindən də danışaraq deyib: "İsrail Qəzzaya qarşı qeyri-insani hücumlarına son qoymalı, ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində təcili addımlar atılmalıdır”.

  Ərdoğan və Rəisi daha sonra Türkiyə-İran İş Forumunda iştirak ediblər. Prezident Ərdoğan buradakı çıxışında söyləyib: "İki regional güc - Türkiyə və İran inkişaf və sabitlik üçün əməkdaşlığı daha da inkişaf etdirməlidir. Biz İranla 30 milyard dollarlıq ticarət hədəfinə çatmaqda qərarlıyıq. İrana sanksiyalar olsa da, biz qonşumuzla iqtisadi və ticari əlaqələrimizi kəsməmişik və bundan sonra davam edəcəyik.

  Müzakirə mövzularımızdan biri İranla yeni sərhəd qapılarının açılması idi. Sərhəd rayonlarının iqtisadi inkişafının artırılmasına yönəlmiş sərhəd ticarət mərkəzləri üzərində işlər davam edir".

  Qeyd edək ki, iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci Toplantısından sonra tərəflər arasında 10 müqavilə imzalanıb.



Әlaqәli Xәbәrlәr