“Var, amma soruşsan, “yox” deyirlər”, R.T.Ərdoğan

İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının (İSEDAK) Daimi Komitəsinin 39-cu Nazirlər Sessiyasının açılışında iştirak və çıxış edən R.T.Ərdoğan deyib ...

2072304
“Var, amma soruşsan, “yox” deyirlər”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada günahsız insanların ölümünü səssizcə ötürmək istəyənlərin, hətta “Həmas”ı bəhanə edərək qanuniləşdirməyə çalışanların artıq bəşəriyyətə deyəcək bir sözü qalmadığını bildirib.

  İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının (İSEDAK) Daimi Komitəsinin 39-cu Nazirlər Sessiyasının açılışında iştirak və çıxış edən R.T.Ərdoğan deyib: “İsrailin Qəzzaya hücumlarında hər 3 nəfərdən 2-si uşaq, körpə və qadındır. Bu qədər günahsız insanın ölümünün üstündən sükutla keçmək istəyənlərin, hətta “Həmas”ı bəhanə edərək qanuniləşdirməyə çalışanların artıq insanlığa deyəcək bir sözü yoxdur.

  Birləşmiş Millətlər Təşkilatında keçirilən səsvermədə bir tərəfdə “Müharibə dayansın, daha qan tökülməsin” deyən 121 dövlət, digər tərəfdə İsrailin hücumlarına açıq çek verən 3-5 ölkə var. Təəssüf ki, ancaq bu 3-5 ölkə “tamam” dedikdə hərəkətə keçən bir qlobal mexanizm var. Belə bir strukturun sülh gətirməsi, münaqişələri dayandırması, bəşəriyyətə ümid verməsi mümkün deyil.

  Qurucu məqsədi Fələstin davasını müdafiə etmək olan İslam Əməkdaşlıq Təşkilatı mübarizənin yekdil və tək bədənlə aparılması üçün hərəkətə keçib.  

  İsrailin olduğunu etiraf etdiyi nüvə silahı məsələsinin unudulmasına imkan verməyəcəyik. İsrailin atom bombası varmı? Var, amma soruşsan, “yox” deyirlər.

  Qəzzanın hazırkı qəssabı - İsrailin baş naziri Benyamin Netanyahu təkcə hərbi cinayətkar deyil. O, Serbiyanın keçmiş başçısı Slobodan Miloşeviç kimi mütləq mühakimə olunacaq.

  Fərqli ambisiyaların arxasınca gedən İsrail idarəçilərinə bu həqiqəti bir daha xatırlatmaq istəyirəm: “Qəzza Fələstin torpağıdır, fələstinlilərindir və əbədi olaraq belə qalacaq”. Bölgədə sülhə gedən yol Fələstin dövlətinin qurulmasından keçir.

  Biz sülhü təmin etmək üçün qarantlıq da daxil olmaqla, hər cür məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”.



Әlaqәli Xәbәrlәr