Ərdoğan italiyalı həmkarı ilə danışdı

Türkiyənin dövlət başçısı İtaliya prezidenti ilə telefonda danışaraq ona İtaliyadakı zəlzələ fəlakətinin həyatdan apardığı insanlara görə başsağlığı diləyib

560108
Ərdoğan italiyalı həmkarı ilə danışdı

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İtaliya prezidenti Sergio Mattarella ilə telefonda danışaraq ona İtaliyadakı zəlzələ fəlakətinin həyatdan apardığı insanlara görə başsağlığı diləyib. Mattarella da qarşılıqlı olaraq türkiyəli həmkarına Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevriliş cəhdinə müqavimət zamanı dünyasını dəyişənlər üçün üzüldüyünü bildirib.

  Ərdoğan Roma yaxınlığındakı Akkumoli və Amatrice qəsəbələri ətrafında meydana gələn zəlzələdən dərin kədər duyduğunu ifadə edərək Türkiyənin İtaliya xalqının ağrısını paylaşdığını və hər cür köməyə hazır olduğunu çatdırıb.

  Mattarella da Ərdoğana təşəkkür edərək Türkiyədəki çevriliş cəhdinin məğlubiyyətini sevinclə qarşıladıqlarını, demokratiyanın hər zaman qorunmasının vacibliyini, iki ölkə arasında hər zaman dostluğa söykənən bir əlaqə olduğunu və İtaliyanın Türkiyənin Aİ-yə üzvlük məsələsini dəstəklədiyini vurğulayıb.

  Türkiyə dövlət başçısı terrorun hər növüylə mübarizə aparmaq üçün iş birliyinin əhəmiyyətinə diqqət çəkib.

  Telefonda cümə günü (26 avqust) açılışı edilən Yavuz Sultan Səlim körpüsünə də toxunan Ərdoğan bu körpünün layihəsinin İtaliyanın Astaldi Şirkəti və Türkiyənin İçtaş firması ilə birgə həyata keçirildiyini xatırladıb, bənzər layihələrdə ikitərəfli əlaqələri daha da gücləndirməkdən danışıb.



Әlaqәli Xәbәrlәr