Azərbaycan və Qazaxıstan tələbə mübadiləsinə başlayır

Bununla bağlı məsələ Azərbaycan Milli Məclisinin Elm və Təhsil Komitəsinin mayın 13-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb

2138779
Azərbaycan və Qazaxıstan tələbə mübadiləsinə başlayır

 

  Azərbaycan və Qazaxıstan bərabər sayda tələbə mübadiləsi həyata keçirəcək. Bununla bağlı məsələ Azərbaycan Milli Məclisinin Elm və Təhsil Komitəsinin mayın 13-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

  Azərbaycan ilə Qazaxıstan arasında elm və təhsil sahəsində 2017-ci ildə imzalanmış əməkdaşlıq haqqında sazişə dəyişikliklərə əsasən, iki ölkə bakalavriat, magistratura, doktorantura və rezidentura proqramları üzrə 12 tələbənin mübadiləsini aparacaqlar.

  Sənədin 4-cü maddəsinə görə, tərəflər hər il bakalavriat proqramları üzrə 3, magistratura proqramları üzrə 5, doktorantura proqramları üzrə 2, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 tələbənin mübadiləsini həyata keçirəcəklər.

  Qanun layihəsinin 6-cı maddəsinə görə, tələbə mübadiləsini qəbul edən tərəf hər il aprelin 1-dək göndərən tərəfə ixtisaslarının siyahısını təqdim edir. Göndərən tərəf isə hər il mayın 30-dan gec olmayaraq təhsil üçün namizədlərin lazımi sənədlərini göndərməlidir.

  Qeyd edək ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli sazişə dəyişikliklər edilməsi barədə protokol”un təsdiq edilməsi haqqında qanun layihəsində 7 maddə öz əksini tapıb. Sənədə əsasən, tərəflər öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq bərabərlik və qarşılıqlı fayda əsasında Azərbaycan Respublikasının ali təhsili sahəsində və Qazaxıstan Respublikasının ali və ali təhsildən sonrakı təhsili sahəsində əməkdaşlığı inkişaf etdirir və qarşılıqlı kömək göstərirlər.

  Qanun layihəsinin 7-ci maddəsinə görə, bu protokol sazişin ayrılmaz hissəsidir və sazişin 9-cu maddəsində müəyyən edilmiş qaydada qüvvəyə minir. Sazişin ləğvi ilə eyni vaxtda qüvvədən düşür.



Әlaqәli Xәbәrlәr