Məhəmməd Əmin Rəsulzadənin xatirəsi anılır

Azərbaycanlıların müstəqillik simvoluna çevrilən “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözlərinin sahibi Məhəmməd Əmin Rəsulzadə vəfatının 69-cu ildönümündə anılır.

2111872
Məhəmməd Əmin Rəsulzadənin xatirəsi anılır

Azərbaycanlıların müstəqillik simvoluna çevrilən “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözlərinin sahibi Məhəmməd Əmin Rəsulzadə vəfatının 69-cu ildönümündə anılır.

Müsəlman Şərqinin ilk demokratik respublikası sayılan və 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatından 69 il ötür.

Müasir Azərbaycan milli kimliyinin formalaşmasında böyük rol oynamış, mətbuat və siyasi fəaliyyəti ilə bütün həyatı boyu ölkəsinin müstəqilliyi, cəmiyyətin maariflənməsi üçün çalışmış Rəsulzadənin xatirəsi həm Azərbaycanda, həm də  ömrünün bir hissəsini keçirdiyi Türkiyedə yaşadılır.

1918-ci ildə Azərbaycan ziyalıları tərəfindən yaradılan və həmin ilin mayında Azərbaycan Cümhuriyyətinin qurulmasını rəsmən elan edən Milli Şuranın sədri olan Məhəmməd Əmin Rəsulzadə hökumətdə olmasa da, Müsavat Partiyasının sədri kimi parlamentdə fəal işlər görüb, hökumətin fəaliyyətinə rəhbərlik edib.

Bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra həbs edilərək Moskvaya aparılan Rəsulzadə dövrün lideri Stalinin təkidlərinə baxmayaraq əməkdaşlıqdan imtina edərək Sovet İttifaqını tərk edib.

Fransa, Finlandiya, Polşa və Almaniyada yaşayan Rəsulzadə antisovet nəşrləri ilə çıxış edərək Azərbaycanın işğal altında olduğunu dünyaya bəyan etməyə cəhg göstərib.

Rəsulzadə 1947-ci ildə Türkiyedə məskunlaşıb və Nazirlər Şurasının qərarı ilə Türkiye vətəndaşlığını qəbul edib. 6 mart 1955-ci ildə paytaxt Ankarada dünyasını dəyişən Məhəmməd Əmin Rəsulzadənin cənazəsi Cəbəci Əsri qəbiristanlığında torpağa tapşırılıb.

Bu arada, Azerbaycanın Türkiyedəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb.

Bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.

Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyedəki səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə anıb.

Qeyd edək ki, abadlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində aparılır.



Әlaqәli Xәbәrlәr