Qırğızıstan “Xarici təmsilçilər haqqında” qanun layihəsini qəbul etdi

... Qırğızıstan prezidenti Sadir Caparov ABŞ və digər dövlətləri ölkənin daxili işlərinə qarışmamağa və prosesləri obyektiv qiymətləndirməyə çağırıb

2106151
Qırğızıstan “Xarici təmsilçilər haqqında” qanun layihəsini qəbul etdi

 

  Qırğızıstan parlamenti “Xarici təmsilçilər haqqında” qanun layihəsini təsdiqləyib.

  Fevralın 22-də keçirilən səsvermədə 64 deputat sözügedən qanunun lehinə, 5 deputat isə əleyhinə səs verib.

  Qarşı çıxan deputatlardan Dastan Bekeşev qanunun ölkə iqtisadiyyatına mənfi təsir edəcəyini, təhsil və kənd təsərrüfatı kimi xaricdən maliyyələşən sahələrə təsir edəcəyini bildirib.

  Layihəni hazırlayan deputat Nadirə Nərmətova isə bu qanunun ölkənin təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu və 10 il əvvəl qəbul edilməli olduğunu söyləyib.

  Qeyd edək ki, “Xarici təmsilçilər haqqında” qanun layihəsi 30-dan çox Qırğızıstan deputatının təşəbbüsü ilə gündəmə gətirilib. Qanun layihəsi dərc edildikdən sonra ciddi tənqidlərə məruz qalıb, bəzi deputatlar imzalarını geri götürüblər.

  “Human Rights Watch”, “Amnesty İnternational” və ATƏT beynəlxalq hüquq müdafiə təşkilatları Joqorku-Keneşi qanun layihəsini rədd etməyə çağırıb. Avropa İttifaqının Qırğızıstandakı nümayəndəliyi də qanun layihəsinin nəticələrindən narahatlığını bildirib və bunun Aİ və digər beynəlxalq donorların ölkədə işləməsini çətinləşdirəcəyini bildirib. ABŞ dövlət katibi Entoni Blinken də Qırğızıstanda qəbul edilən qanundan narahatlığını dilə gətirib və əlavə edib ki, bu cür qanunların digər ölkələrdə mənfi nəticələrini müşahidə ediblər.

  Qırğızıstan prezidenti Sadir Caparov ABŞ və digər dövlətləri ölkənin daxili işlərinə qarışmamağa və prosesləri obyektiv qiymətləndirməyə çağırıb.



Әlaqәli Xәbәrlәr