“Bu birgəlik ruhudur insanı ən çətin günlərdən çıxaran və qalib edən”, Q.Ağayev

Bu sözləri Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dedi

1945411
“Bu birgəlik ruhudur insanı ən çətin günlərdən çıxaran və qalib edən”, Q.Ağayev

 

  “Qardaş Türkiyə əsrin ən böyük təbii fəlakəti ilə üz-üzə qaldı. Yenə ilk köməyə qaçan demirəm, uçan Azərbaycan oldu. Başda prezidentimiz olmaqla hamımız yardım üçün səfərbər olduq. Yəni bir bütöv halında, həm hökumət, həm də bütövlükdə xalq olaraq”. Bu sözləri Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dedi.

  Q.Ağayev təəssüratlarını belə bölüşdü: “Nə Türkiyə, nə Azərbaycan özünü itirmədi. Sosial mediada paylaşılan şəkillərdən də gördünüz, yazılardan da, insanlar Türkiyədə zəlzələdən ziyan çəkən insanlar üçün son yorğan-döşəyini də götürüb yardım yığımı yerlərinə yollandılar. Bu ürək, bu təmənnasız sevgi bilirsinizmi nə deməkdir? Türkiyəli insanları öz canından bilmək.

  Astara Azərbaycanın cənubunda dağlar ətəyində gözəl insanlarla dolu gözəl şəhəridir. Kəndlərinin əksəriyyəti dağların ətəyində, ya da zirvəsindədir. Türkiyədən minlərlə kilometr uzaqlardadır. Amma qəlbimizlə Türkiyədəki insanların yaralarını sarmağa çalışırıq.

  Bəziləri kütləvi şəkildə, bəziləri şəxsi imkanlarını səfərbər edərək yardım üçün qolumuzu çırmaladıq. Astaradan yerli ərzaq mallarımızı – düyümüzü, balımızı, qəndimizi, bacı-qardaşlarımızı bu şaxtalı günlərdə soyuqdan qoruyacaq qış geyimlərini və s. göndərdik Türkiyədəki zəlzələ bölgəsinə.

  İkinci Qarabağ Müharibəsində Azərbaycan xalq olaraq səfərbərlik həyatını yaşadı, canı ilə, qanı ilə, bütün ruhu ilə. Ləzgi, talış, avar, ahıskalı demədən, yaxın-uzaq şəhər bilmədən, ucqar kəndlərdən belə  soyuq qış şəraitində döyüşən əsgərlərimiz üçün analarımız, bacılarımız yun qalın corablar toxudu, çörək, yemək bişirdi, Qarabağa yol alan maşınların yolunu kəsib verdi. Bu birgəlik ruhudur insanı ən çətin günlərdən çıxaran və qalib edən. Türkiyə də həm hökumət, həm xalq olaarq qalib çıxacaq bu vəziyyətdən. Yaşasın Azərbaycan-Türkiyə əbədi qardaşlığımız. Yaşasın elimizin-obamızın mərhəmətli insanları!”



Әlaqәli Xәbәrlәr