Çanaqqalada Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub

1915-ci ildə türk torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə Çanaqqalada ucaldılacaq abidənin təməlqoyma mərasimi keçirilib.

1919007
Çanaqqalada Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub

1915-ci ildə türk torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə Çanaqqalada ucaldılacaq abidənin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Türkiyedəki səfiri Rəşad Məmmədov, Türkiye-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Çanaqqala valisi İlhami Aktaş, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin (ÇDGTBBİ) rəisi İsmayıl Kaşdemir, vilayətin digər rəsmi şəxsləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut, iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Rəşad Məmmədov açılış çıxışında Çanaqqalanın müqəddəs bir yer olduğunu, 107 il əvvəl azərbaycanlıların bu torpaqlarda öz qardaşları ilə birlikdə düşmənə qarşı döyüşərək şəhid olduqlarını bildirib.

Səfir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlətimiz tərəfindən inşa olunacaq bu abidə qəhrəman Azərbaycan övladlarının xatirəsini uğrunda can verdikləri torpaqlarda əbədiləşdirəcək.

ÇDGTBBİ rəisi İsmayıl Kaşdemir çıxışında dərin məna daşıyan bu abidənin təməlinin qoyulmasının tarixi əhəmiyyət daşıdığını qeyd edib, abidənin iki qardaş ölkənin birliyinin önəmli simvollarından biri olacağını vurğulayıb.

Çıxışların ardınca günün xatirəsinə hazırlanmış məktub səfir Rəşad Məmmədov, Çanaqqala valisi İlhami Aktaş və ÇDGTBBİ rəisi İsmayıl Kaşdemir tərəfindən imzalanıb və abidənin təməlinə yerləşdirilib.

Mərasim abidənin təməlinin atılması ilə başa çatıb.



Әlaqәli Xәbәrlәr