28 May – Müstəqillik Günü münasibətilə İstanbulda təntənəli mərasim keçirilib

Mərasim Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunub.

1833900
28 May – Müstəqillik Günü münasibətilə İstanbulda təntənəli mərasim keçirilib

28 May – Müstəqillik Günü münasibətilə İstanbulda təntənəli mərasim keçirilib.

Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə Baş konsul Nərminə Mustafayeva, İstanbulda müalicəsi davam edən Vətən müharibəsi qaziləri, İstanbul Valiliyi və Türkiyənin digər dövlət qurumlarının rəsmiləri, burada fəaliyyət göstərən azərbaycanlı incəsənət və ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri, təhsillərini Türkiyədə davam etdirən Azərbaycan hərbiçiləri və digərləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Baş konsul Nərminə Mustafayeva bu günün Azərbaycan tarixində xüsusi yeri olduğunu deyib.

Qeyd edilib ki, bu gün yalnız Azərbaycan deyil, bütün bölgə üçün şanlı tarixdir. Qısa bir dövrü əhatə etməsinə baxmayaraq 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması, eyni zamanda Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkənin milli ordusu və bir sıra digər dövlət qurumları yaradıldı, şanlı Azərbaycan bayrağı və dövlət himni təsdiq edildi. Bu tarixin Azərbaycana qoyduğu ən böyük miras isə dili, dini, irqindən asılı olmayaraq hər bir vətəndaşa dəyər verilməsidir.

Azərbaycanın öz müstəqilliyini 1991-ci ildə bərpa etdiyini xatırladan Baş konsul bunun heç də asan olmadığını deyib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev indiki güclü-qüdrətli Azərbaycanın təməlini qoydu. Hazırda onun başlatdığı bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biri isə tarixi Qarabağ torpağının qaytarılmasıdır. İndi Azərbaycan xalqı uğurlu, güclü Azərbaycanın vətəndaşları olmağın qürurunu yaşayır. 

Digər çıxış edənlər də Azərbaycanın keçdiyi müstəqillik yolundan danışıb, 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan Zəfərin bütün türk dünyasının qələbəsi olduğunu qeyd ediblər.

Bədii hissə ilə davam edən tədbirdə Azərbaycanın milli musiqiləri və rəqsləri səsləndirilib, qonaqlara milli mətbəxin nümunələri təqdim olunub.



Әlaqәli Xәbәrlәr