Ankarada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Ankarada 28 May - Azərbaycanın Müstəqillik Günü və Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

1831169
Ankarada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Paytaxt Ankarada fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində 28 May - Azərbaycanın Müstəqillik Günü və Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra bədii proqramda hər iki ölkənin dostluğunu və qardaşlığını tərənnüm edən ifalar əksini tapıb.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və liseyin direktoru Taylan Kaya, diplomatlar və məktəbin müəllim heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Məmmədov iştirakçıların suallarını cavablandıraraq diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə qardaşlığı əcdadlarımızdan əmanət olan dəyərli varlıq kimi əzmlə qorunur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, liderlərimizin birgə qərarları, qətiyyətli siyasi kurs iki qardaş ölkənin inkişaf və tərəqqisinin təminatçısıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbəni xatırladan diplomat vurğulayıb ki, başda dövlət başçısı olmaqla bütün Türkiyənin haqq işində Azərbaycana verdiyi siyasi-mənəvi dəstək ortaq tariximizə qızıl hərflərlə yazılmış təntənədir. Azərbaycanın işğaldan azad olunan torpaqlarında tikinti-quruculuq işlərində Türkiyə şirkətlərinin fəal şəkildə iştirakı bu qardaşlığa daha bir nümunədir.

Rəşad Məmmədov çıxışında Azərbaycan və Türkiyənin liderliyi ilə bölgədə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və s. beynəlxalq statuslu iqtisadi layihələrin əhəmiyyəti barədə müfəssəl məlumat verib.



Әlaqәli Xәbәrlәr