"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.

1762277
"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud da mərasimdə iştirak edib. 

Prezident İlham Əliyev çıxış edərək deyib ki,  Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri vardır. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq. Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.

Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır. Bu stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Akvopao şirkətidir. Şirkət haqqında çox danışmaq olar, təkcə onu qeyd etməliyəm ki, bu, enerji sahəsində dünyanın ən böyük şirkətidir.

Hazırda ölkəmizdə inşa ediləcək bu ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər biz digər investisiya layihələrini icra etməyə başlayacağıq. O ki qaldı, bu stansiyanın açılışına, ümid edirəm, çox vaxt keçmədən biz bu böyük enerji layihəsinin açılışını birlikdə qeyd edəcəyik.



Әlaqәli Xәbәrlәr