Qazaxıstanda gərginlik davam edir

Ölkə daxilində fövqəladə vəziyyət elan edilib və hökumət istefa verib.

1757801
Qazaxıstanda gərginlik davam edir

Qazaxıstanda qiymət artımından sonra 4 gündür davam edən etirazlardan sonra ölkə daxilində fövqəladə vəziyyət elan edilib və hökumət istefa verib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana qoşun göndərəcəyini açıqlayıb.

Şəhərdə yerli kanalların binaları yandırılıb, bazarlar talan edilib. Almatı Qubernatorluğu və Prokurorluğu yandırılıb. Etirazçılar Almatı hava limanını da ələ keçiriblər. Lakin xüsusi əməliyyatla hava limanı etirazçılardan geri alınıb.

Prezident Kasım-Jomart Tokayev qiymət artımlarının qarşısını almaq üçün yanacaq və ərzaq qiymətlərinə 180 günlük dövlət tənzimləməsinin tətbiq edildiyini açıqlayıb. Bununla belə, işlər yoluna düşməyib. Hadisələrdə 8 mühafizəçi həlak olub, Milli Qvardiyanın 317 əsgəri yaralanıb.

Prezident Tokayev hadisələrin mütəşəkkil sui-qəsd olduğunu bildirib və “sərt cavab veriləcəyini” deyib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xuliqan ünsürlərin yüksək səviyyədə təşkilinə diqqət çəkərək, bunun maliyyə dəstəyi alan sui-qəsdçilərin ətraflı fəaliyyət planı hazırladığını sübut etdiyini bildirib.

Qazaxıstan prezidenti üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəyib. Təşkilat Qazaxıstana məhdud müddətə qoşun göndərəcəyini açıqlayıb.

Qeyd edək ki, mərkəzi qərargahı Moskvada yerləşən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2002-ci ildə hərbi alyans kimi yaradılıb.

Türkiyə hadisələri yaxından izləyir

Xarici İşlər Nazirliyi vəziyyətin tezliklə həll olunacağına ümid etdiyini bildirib.
"Biz tam əminik ki, Qazaxıstan administrasiyası bu böhrandan çıxacaq", - bəyanatda deyilir.

Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı də təmkinli olmağa çağırıb. Hadisələri izlədiklərini ifadə edən Ağ Ev də sakitliyə çağırıb.



Әlaqәli Xәbәrlәr