Qars müqaviləsinin 100 yaşı və Şuşa Bəyannaməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib

1725986
Qars müqaviləsinin 100 yaşı və Şuşa Bəyannaməsi

 

  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib.

  Sədr Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Qars müqaviləsinin imzalanmasından 100 il ötür. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.

  Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli yol keçmiş, gərgin siyasi mübarizələr meydanı olmuş, lakin bütün bunlara baxmayaraq, xalqımızın zəngin tarixi-mədəni irsini və dövlətçilik ənənələrini qoruyub yaşatmış, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatına mühüm töhfələr vermişdir. Qars müqaviləsinin imzalanması və Naxçıvana muxtariyyət statusunun verilməsi də dövlətçilik tariximizdə vacib mərhələdir. Qars müqaviləsi böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin məntiqi nəticəsidir. Ona görə də bu müqavilədən danışarkən, ilk növbədə, onun hansı zərurətdən imzalanmasına və tarixi-siyasi əhəmiyyətinə diqqət yetirmək lazımdır".

  Naxçıvan Ali Məclisinin sədri onu da xatırladıb ki, “Birinci Dünya Müharibəsi başa çatdıqdan və Çar Rusiyasının süqutundan sonra bölgədəki mövcud ictimai-siyasi vəziyyətdən istifadə edən ermənilər Naxçıvana qarşı əsassız ərazi iddialarına başlayıb, ardınca bolşevik-daşnak sövdələşməsinin nəticəsi olaraq Zəngəzur mahalı Ermənistana verilib və Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunub. Regionda marağı olan böyük dövlətlərin məsələyə ədalətsiz yanaşması isə mövcud vəziyyətdən istifadə edən erməniləri daha da fəallaşdırıb və onlar Naxçıvanda dinc əhaliyə qarşı kütləvi soyqırımlar törədiblər. Həmin dövrdə Naxçıvan əhalisinin isə yalnız bir qanuni tələbi vardı: o da öz tarixi ərazisində yaşamaq, daim Azərbaycanla bir olmaq, ana Vətəndən ayrı düşməmək idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaranandan sonra naxçıvanlılar dəfələrlə Azərbaycana birləşmək iradəsini ortaya qoysalar da, siyasi və beynəlxalq vəziyyət bu istəyin həyata keçməsinə imkan verməmişdi. Naxçıvan Milli Şurasının Xalq Cümhuriyyəti hökumətinə məktublarında deyilirdi: “Biz ermənilərə tabe olmuruq. Tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun geri alınmasını və Azərbaycana yenidən birləşməyimizi gözləyirik”.

  Hadisələrin bu cür inkişafının nəticəsi olaraq milli vətənpərvər qüvvələr tərəfindən 1918-ci ildə yaradılmış Araz-Türk Cümhuriyyəti Naxçıvanın erməni daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını almış və müstəqillik mübarizəsində Azərbaycanın ərazi bütövlüyünü təmin edib.”

  Qeyd edək ki, Moskva və Qars müqavilələrini bağlamaqla Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan vəzifə deyildi. Amma o zaman milli mənafeyi qoruyan adamlar bu tarixi nailiyyəti əldə etdilər. Həmin dövrdə qardaş Türkiyənin tutduğu ədalətli mövqe də qeyd olunmalıdır. Türkiyə xalqının böyük öndəri Mustafa Kamal Atatürkün “Naxçıvan türk qapısıdır. Bunu xüsusən nəzərə alaraq əlinizdən gələni edin” tələbi türk nümayəndə heyəti tərəfindən Moskva və Qars müqavilələri ilə bağlı aparılan müzakirələrdə diqqətdə saxlanıldı və Azərbaycanın mövqeyi birmənalı şəkildə dəstəkləndi.

  Xatırladaq ki, 1921-ci ilin 16 martında imzalanan Moskva müqaviləsi ilə Türkiyənin Rusiya ilə mübahisəli məsələləri həll olunsa da, Cənubi Qafqaz respublikaları arasındakı ərazi-sərhəd məsələləri həll olunmamışdı. Ona görə də bu məsələlərin də həlli üçün yeni bir konfransın keçirilməsi və müqavilənin imzalanması zəruri idi. 1921-ci il oktyabrın 13-də Rusiyanın iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist respublikaları ilə Türkiyə arasında müddətsiz imzalanmış Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edildi və həmin il sentyabrın 11-dən qüvvəyə mindi. Bununla da Qars müqaviləsi Naxçıvanın ərazisini və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etdi. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddədə yazılır: “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”. Qardaş Türkiyə də Qars müqaviləsini imzalamaqla xarici siyasətində növbəti qələbə əldə etdi, Sevr müqaviləsinin şərtləri qüvvədən düşdü. Mustafa Kamal Atatürk bunu belə dəyərləndirib: “Azərbaycan, Gürcüstan, Ermənistan sovet respublikaları ilə Moskva müqaviləsinin əsasları çərçivəsində Qarsda 13 oktyabr tarixli müqavilə imzaladıq. Bu müqavilə ilə Şərqdə hüquqi bir şəkil alan indiki vəziyyətimiz Sevr müqaviləsinin tətbiqinin qeyri-mümkün olduğunu göstərən reallıqlardan biridir”.   

  Beləliklə, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə hökumətinin məsələyə ədalətli yanaşması nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb.

  “Qars müqaviləsindən 100 il sonra – 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi iki dost və qardaş ölkənin Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi”, – deyən Naxçıvan Ali Məclisinin sədri onu da vurğulayıb ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinin məntiqi davamı olmaqla, Cənubi Qafqazda münasibətlərin yeni istiqamətdə inkişafının əsasını qoydu. Bu gün istisnasız olaraq qeyd etməliyik ki, həm Qars müqaviləsi, həm də Şuşa Bəyannaməsi regionda sülhə, sabitliyə və əməkdaşlığa təminat verən mühüm tarixi-hüquqi sənədlərdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

  Tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz da çıxış edərək deyib: “Tarixdə sülh və sabitlik gətirən bütün müqavilələr uzun sürən hərbi və siyasi mübarizələr nəticəsində imzalanıb və həyata keçirilib. Qars müqaviləsinin imzalanması da 1918-1921-ci illərdə Türkiyə və Azərbaycanın birlikdə hərəkət etməsi və on minlərlə qəhrəman oğulların mübarizəsi ilə mümkün olub. 1877-1878-ci illərdə Osmanlı-Rusiya müharibəsindən sonra Qars, Ankara və Batumi vilayətləri Rusiyaya verilib. Birinci Dünya Müharibəsinin ən qanlı döyüşlərindən biri də Sarıqamışda olub, yüz minlərlə türk və müsəlman əsgəri şəhid olub və ya əsir düşüb, müharibədən sonra Şərqi Anadolu rus işğalına və erməni qətliamlarına məruz qalıb. 1917-ci ildə Rusiyada baş verən inqilab nəticəsində Türkiyə ordusu işğal altındakı şəhərləri azad etməyə başlayıb. 1920-ci il sentyabrın 28-də Kazım Qarabəkir Paşanın tabeliyində olan türk birlikləri düşmənə qarşı hücuma keçib, Naxçıvanda təşkil edilən könüllü dəstələr də hücuma qoşulublar. 1920-ci il oktyabrın 30-da Qars şəhəri işğaldan azad edilib, türk ordusu həmin il noyabrın 7-də Gümrüyə daxil olub. Nəhayət, ermənilər noyabrın 18-də atəşkəsə razı olub, Naxçıvanı tərk ediblər. Türk ordusunun zəfəri 1920-ci il dekabrın 2-də Gümrüdə imzalanan sülh müqaviləsi ilə nəticələnib. Bu müqavilənin önəmli cəhətlərindən biri Ermənistanın rəsmi olaraq Türkiyə və Naxçıvan üzərindəki iddialarından əl çəkməsi olub.

  1921-ci il martın 16-da Moskva, oktyabrın 13-də isə Qars müqaviləsi imzalanıb. Beləliklə, Ermənistanın bolşevik hökuməti mövcud Türkiyə-Ermənistan sərhədini və Naxçıvanın bugünkü statusunu rəsmən qəbul edib. 1918-1921-ci illərdə Türkiyə və Azərbaycan arasındakı əlaqələr sayəsində hərbi və diplomatik uğurlar qazanılıb, 100 il sonra isə sülhün və sabitliyin təminatı olan daha bir sənəd – Şuşa Bəyannaməsi imzalanıb. İmzalanan Şuşa Bəyannaməsi də bu qərarlılığın əyani göstəricisidir. İki dövlət arasındakı yaxın əlaqələr dünən olduğu kimi, bu gün də bölgədə əbədi sülhün və sabitliyin təminatıdır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi. Davamlı sülhün təmin olunması və arzuedilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq”.

  Tədbirdə Qars müqaviləsinin 100 illiyi münasibətilə hazırlanmış sənədli filmə baxış olub. Sonra Ali Məclisin Sədri, Türkiyənin Naxçıvandakı Baş konsulu və tədbir iştirakçıları Qars müqaviləsinin 100 illiyi münasibətilə hazırlanmış sərgiyə baxıblar. Sərgidə “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamın və “Tədbirlər Planı”nın mətni, Azərbaycan, rus, türk və fransız dillərində nəşr olunmuş “Qars müqaviləsi”, “Şuşa Bəyannaməsi”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi”, “Gümrü, Moskva və Qars müqavilələri”, “Behbud ağa Şahtaxtinski”, “Araz-Türk Cümhuriyyəti”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Moskva və Qars beynəlxalq müqavilələri”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi”, “Rusiya və Türkiyənin Cənubi Qafqaz siyasətində Naxçıvan (XX əsrin əvvəlləri)” və digər kitablar, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının Qars müqaviləsinə həsr olunmuş nömrələri, Naxçıvan Muxtar Respublikasının Moskva və Qars müqavilələri ilə təsbit olunmuş xəritələri, poçt markaları, qəzetlər və sənədli filmlər nümayiş olunub.

 

Mənbə: Azertac informasiya agentliyi

Foto: Emil Kərimli



Әlaqәli Xәbәrlәr