Operativ Qərargah Azərbaycanda pandemiya ilə bağlı məlumat yayıb

Qərara əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən...

1680449
Operativ Qərargah Azərbaycanda pandemiya ilə bağlı məlumat yayıb

 

  Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə pandemiya ilə bağlı vəziyyət barədə məlumat yayıb. Məlumatda deyilir: “Artıq bir ildən çoxdur ki, dünyanın üzləşdiyi “Covid-19” pandemiyası davam etməkdədir. Epidemioloji vəziyyətin getdikcə gərginləşməsi bir sıra ölkələrdə, eləcə də Azərbaycanda sərt karantin tədbirlərinin yenidən tətbiq olunmasını şərtləndirə bilər.

  Pandemiyadan yeganə çıxış yolu əhalidə virusa qarşı kollektiv immunitetin formalaşmasıdır. Kollektiv immunitetin qısa müddətdə və təhlükəsiz yolla formalaşması yalnız vaksinasiya ilə mümkündür.

  Ölkədə kollektiv immunitetin formalaşması istiqamətində artıq bir sıra tədbirlər görülmüşdür. Azərbaycan vaksinləri əldə edən və əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasında olmuşdur. Həmçinin “Covid-19” pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin “Covid-19” pasportuna malik olması, habelə toy mərasimləri keçirilən məkanlara və idman obyektlərinə daxil olmaq istəyən şəxslərin sözügedən pasporta sahib olması mütləq tələb kimi müəyyən edilmişdir.

  Həyata keçirilən tədbirlərin davamı olaraq, ölkə əhalisinin sağlamlığının qorunması və vaksinasiya prosesinin sürətləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin “Covid-19”a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya “Covid-19”a qarşı immunitet sertifikatının olması tələb olunur:

- çalışan işçi heyətin potensial xəstələrlə daimi təmasda olduqları nəzərə alınaraq, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

- əyani dərslərin davamlı və təhlükəsiz bərpası məqsədilə mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

- insanların sıx toplaşması və yoluxma riskinin yüksək olması nəzərə alınaraq, siyahısı müvafiq Qərarla təsdiq olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr.

  Ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan şəxslər əyani dərslərə yalnız “Covid-19” pasportuna malik olduqları halda buraxılacaqlar. Əlavə olaraq, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin qapalı məkanlarında göstərilən xidmətlərindən yalnız “Covid-19” pasportu olduğu halda istifadə edə biləcəklər.

  “Covid-19” pasportlarının operativ verifikasiyasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən müvafiq tətbiqetmə artıq yaradılmış və qısa müddətdə istifadəyə veriləcək.

  Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqlar”.



Әlaqәli Xәbәrlәr