Kanada saytında "Başlıbel faciəsi"

Azərbaycanlıların təşəbbüsü ilə Kanadanın https://www.thej.ca portalında “Başlıbel faciəsi : Birinci Qarabağ Müharibəsinin faciəvi anı” sərlövhəli məqalə yayınlanıb

1644634
Kanada saytında "Başlıbel faciəsi"

 

  Azərbaycanlıların təşəbbüsü ilə Kanadanın https://www.thej.ca portalında “Başlıbel faciəsi : Birinci Qarabağ Müharibəsinin faciəvi anı” sərlövhəli məqalə yayınlanıb.

  Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun müəllifi olduğu məqalədə 1993-cü il aprelin 2-də Kəlbəcərin Başlıbel kəndinin, həmçinin Qarabağ bölgəsindəki yüzlərlə digər kəndin Ermənistanın həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində viran qaldığı qeyd edilib.

  Yazıda Başlıbel kəndi, onun mənzərəsi, sakinlərinin məşğuliyyəti, təhsili, mədəniyyəti barədə məlumat verilib. Sonra isə müəllifin dinc Başlıbeş sakinlərinə qarşı ermənilər tərəfindən törədilən qırğınla bağlı xatirələri əks olunub. Ucqar ərazidə yerləşən, sərt iqlimə malik olan kəndin sakinlərinin həmin gün hansı şəraitdə doğma torpaqlarını tərk etdiklərini təsvir edən müəllif bildirib ki, ermənilərin törətdiyi amansız vəhşiliklərdən qaçmağa çalışan dinc kənd sakinlərinin bir çoxu kənddən 1-2 kilometr aralıdakı sığınacaqda öldürülüb və ya girov götürülüb.

  “İkinci Qarabağ Müharibəsindən sonra Kəlbəcəri tərk edən ermənilərdən fərqli olaraq, bizə köçmək üçün 15 gün yox, yalnız 10 saat vaxt verildi. Ailəm də daxil olmaqla, çoxumuz ərazidən çıxmazdan əvvəl pencəyimizi belə götürmək şansımız olmadı. Uzun illər yoxsulluq içində müvəqqəti sığınacaqlarda yaşadıq”, - deyə müəllif bildirib.

  Məqalədə həmçinin Birinci Qarabağ Müharibəsindən sonra əsir götürülən yüzlərlə azərbaycanlının taleyi ilə bağlı dünya dövlətləri tərəfindən Ermənistana təzyiq göstərilmədiyi də vurğulanıb.



Әlaqәli Xәbәrlәr