İrəvan Türk Cümhuriyyətinin 31 Mart Soyqırım Günü ilə bağlı bəyanatı

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İrəvan Türk Cümhuriyyəti Millət Şurası bəyanat yayıb

1611550
İrəvan Türk Cümhuriyyətinin 31 Mart Soyqırım Günü ilə bağlı bəyanatı

 

  İrəvan Türk Cümhuriyyəti 1918-ci ilin mart və aprel aylarında ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində mülki türk-müsəlman əhaliyə qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı bu günlərdə bəyan edir ki, bu vəhşi akt yalnız xalqımıza qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı torədilmiş soyqırımı cinayətidir.

  1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi. 

  Mart soyqırımı ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyası yaradıldı və bu qırğınların qəsdən və planlı şəkildə törədildiyi aşkar edildi. Fəaliyyət göstərdiyi dövr ərzində – 15 iyul 1918 – 1 noyabr 1919-cu il illərdə FTK tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplandı. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman-türk əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Lənkəran, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncə, Qarabağ, İrəvan və  Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi. Çox təəssüf ki, Azərbaycanın 28 aprel 1920-ci il işğalından sonra bu təhqiqatlar yarımçıq qaldı. 

  1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

  Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır. Bu günün bütün dünyada simvollaşdırılması və dünya ölkələrinin parlamentlərində və beynəlxalq təşkilatlarda Azərbaycanlıların Soyqırımı Günü kimi qəbul edilməsi İrəvan Türk Cümhuriyyətinin də ideoloji və siyasi fəaliyyətinin əsas istiqamətidir. 

  Bu bir gerçəkdir ki, Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin edilən Stepan Şaumyan və onun ətrafında olan erməni-bolşevik hakimiyyəti məqsədyönlü şəkildə və bilərəkdən bu cinayətə imza atıblar. Neft Bakısı və onun şimal hissəsini türk-müsəlman əhalidən təmizləmək və Azərbaycanın bu hissəsində Rusiyaya bağlı bir erməni dövləti qurmaq planlaşdırılmışdı. Təsadüfi deyildi ki, o qanlı günlərdə Lenin gördüyü bu amansız cinayəti dəstəkləmiş və S.Şaumyana yazmışdı: “Hörmətli yoldaş Şaumyan, məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik”. 

  Şaumyan özü də etiraf edirdi ki, azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Rusiya ordusu içərisində cəbhədən dönmüş 4000 silahlı Daşnaksütyun Partiyasına bağlı erməni əsgəri iştirak edib. Azərbaycan türklərinə qarşı törədilən soyqırımlar Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və Şərqi Anadolunun Qars, Ərzurum, İğdır, Güney Azərbaycanın Xoy, Səlmas, Urmiya bölgələri ilə yanaşı, İrəvan quberniyasının, Zəngəzur qəzasının və Qərbi Azərbaycanın bütün mahallarını bürümüşdü.     

  1918-ci ilin mart-may aylarında yalnız İrəvan quberniyasının 119 kəndində yaşayan 135 min azərbaycanlı qanına qəltan olunmuş, kəndlər yerlə yeksan edilmiş, yüz minlərlə adam öz yurd-yuvasını tərk etməyə məcbur qalmışdı.

  İndiki Ermənistan ərazisində Azərbaycan türklərinin kütləvi halda yaşadığı ərazilərdə də soyqırım cinayətləri olub. Silahlı erməni birləşmələri azərbaycanlı əhalini köçə məruz qoymaq üçün İrəvanın bütün mahallarında qırğınlar törədiblər. Bu olaylar tarixə “qaçaqaç” hadisəsi kimi düşüb. 

  1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik köçə basqın edilərək onların hamısı son nəfərinədək öldürüldü. Zəngəzur qəzasında erməni silahlı dəstələri tərəfindən 115 türk kəndi məhv edildi, tarix səhnəsindən silindi.

  Tarixi qaynaqlarla təsdiq edilib ki, Zəngəzurda da Xocalı soyqırımına bənzər soyqırım törədilib. Bir neçə gün içərisində 3257 kişi, 2276 qadın, 2196 uşaq amansızcasına öldürülüb. Ümumiyyətlə, Zəngəzur qəzası üzrə 10.068 nəfər öldürülüb, 50 min insan öz dədə-baba yurdunu tərk edib.

  Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Nahiyənin bütün azərbaycanlı kəndləri qarət edilmiş və yandırılmışdı. Təkcə Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, onlardan 12-sinin başı kəsilmişdi. Gözəldərə kəndi yandırıldıqdan və kişilər qətlə yetirildikdən sonra sağ qalan qadınlar meşəyə qaçmış, ermənilərə əsir düşməsinlər deyə özlərini öldürmüşdülər. 

  Bütün bunlar İrəvan quberniyasında yaşayan xalqımıza qarşı erməni vəhşiliyinin yalnız bir hissəsidir. Azərbaycanlılara qarşı basqı və zorakılıq aktları sonrakı tarixlərdə də amansızlıqla davam etdirilib. Erməni vəhşətinin cəzasızlığı tarixin ən böyük faciələrindən olan Xocalı soyqırımının törədilməsinə gətirib çıxarıb. 

  Bu gün adına Ermənistan deyilən ərazidə 500 mindən artıq yerli azərbaycanlı fiziki cəhətdən məhv edilib və bir milyondan çoxu isə öz yurdunu tərk etməyə məcbur olub.   

  İrəvan Türk Cümhuriyyəti, başda 31 Mart qırğını olmaqla bütün Azərbaycan-türk soyqırımlarının günahsız qurbanlarını yad edir, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayır.

  1918-1920-ci illərdə törədilən erməni cinayətləri beynəlxalq səviyyədə hüquqi həllini tapmalı və layiqli cəzasını almalıdır.   

 

  İrəvan Türk Cümhuriyyəti (İTC) adından İTC Millət Şurasının sədri professor Qafar Çaxmaqlı



Әlaqәli Xәbәrlәr