Gözün aydın, Azərbaycan!

Azərbaycanlı şair Zaur İlhamoğlu (Cəfərov) TRT/Azerbaycan saytına qəhrəmanlıq mövzusunda son aylar yazdığı şeirlərindən birini ərməğan etdi və biz də “Gözün aydın, Azərbaycan!” adlı bu şeiri siz oxucularımızla bölüşürük

1605340
Gözün aydın, Azərbaycan!
Şuşa_Azerbaycan.jpg

 

  Azərbaycanlı şair Zaur İlhamoğlu (Cəfərov) TRT/Azerbaycan saytına qəhrəmanlıq mövzusunda son aylar yazdığı şeirlərindən birini ərməğan etdi və biz də “Gözün aydın, Azərbaycan!” adlı bu şeiri siz oxucularımızla bölüşürük.   

 

Gözün aydın, uca xalqım,

Gözün aydın, məmləkətim,

Od millətim,

Odlar yurdum.

Şir ürəkli cəsur ordum

Tariximin səhifəsinə

"Biz qalibik" kəlməsini yaza bildi,

"Qaçqın" ,"Köçkün" sözlərini

Yaddaşlardan poza bildi.

Yürüdükcə addım səsi

Düşmənlərin ürəyini silkələdi.

Od sıçradı, odlar oğlu od ələdi.

Yağı düşmən sinəsində od qaladı,

Otuz ilin həsrətini, qubarını

Pərən saldı, parçaladı.

Yuvasından ayrı düşən

Yuvasına sahib oldu.

Dünənimdə məğlub olan

Bu günümdə qalib oldu.

Arzularım, diləklərim çiçək açdı.

Al Günəşim Vətənimin üfüqündən işıq saçdı.

Nur çilədi torpağıma,

Nur çilədi aranıma, yaylağıma.

Qaranlığın əllərini qıra bildik,

Ümidsizlik atlısını öz yolunda yora bildik.

"Kimsə durmaz önümüzdə" deyənlərin

Qarşısında dura bildik.

Qalibiyyət imzasını çəkə bildik,

Qalibiyyət möhürünü vura bildik.

 

Gözün aydın, Oğuz elim,

Xan Bayandır, Salur Qazan.

Gözün aydın, Çənlibelim,

Qoç Koroğlum, Dəli Həsən, Halaypozan.

Gözün aydın, ey Babəkim - sər aslanım,

Ey Əzrəkim, ey Tərxanım.

Gözün aydın, Şah İsmayıl - hökmdarım,

Gözün aydın, Pənahəlim - dağ vüqarım.

Gözün aydın, ey Fətəli xan Xoyski -

Yenilməzim, bərk iradəm.

Gözün aydın, yurd sevdalım - Rəsulzadəm.

Bütövləşdik, toparlandıq,

Yağı düşmən həmləsinə şax dayandıq.

Qəlbimizdə vətən eşqi, vətən andı,

Bizim olan bizim oldu,

Şanlı Vətən bayrağımız zirvələrdə dalğalandı.

 

Gözün aydın, öz oğlunu

bu vətənçün qurban verən anam mənim,

Öz ərini bu torpaqçün qurban verən

bacım mənim, sonam mənim.

Gözün aydın atasını itirənim,

Oğlum mənim, qızım mənim,

Qundağında dil açmayan, körpəm mənim,

Balım mənim, duzum mənim.

Sinəmizə dağ çəkənin

Sinəsində dağ yaratdıq.

Şənimizə çəp baxanın

Gözlərində ağ yaratdıq.

Şimşək olduq düşmənlərin ürəyində,

Arzuları külə döndü,

Göz yaşımı tökənlərin

Göz yaşları gölə döndü.

Qobustandan "Ana zağa" kahasından

Babam gəlsin,

Qavaldaşı döyəcləsin,

Ellərimi haraylasın,

Dədəm Qorqud söz söyləsin,

Boy boylasın.

Gözün aydın, ana yurdum,

Ulu Turan.

Gözün aydın, Azərbaycan!

  Qeyd edək ki, müxtəlif mövzuları qələmə alan gənc şair Zaur İlhamoğlunun şeirləri Azərbaycanın müxtəlif qəzet, jurnal və almanaxlarında, eləcə də Türkiyənin “Kumru”, “Dərgihan”, Təbrizin “Ədəbi körpü” şeir-sənət dərgilərində və “Sancaq” qəzetində dərc olunub. 2019-cu ilə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən vətənpərvərlik mövzusunda yazdığı şeirlərinə görə “İlin vətənpərvər şairi” media mükafatına layiq görülüb. “Bu həyat dediyin...” şeirlər kitabının müəllifidir.



Әlaqәli Xәbәrlәr