Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib

Fevralın 24-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası - TDƏŞ) energetika nazirlərinin birinci görüşü keçirilib.

1590306
Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib

Fevralın 24-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası - TDƏŞ) energetika nazirlərinin birinci görüşü keçirilib.

Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın energetika naziri Pərviz Şahbazov və TDƏŞ-in Baş katibi Bağdad Amreyevin açılış nitqləri ilə başlayıb.

Təşkilatın Baş katibi B.Amreyev energetika sahəsində əməkdaşlığın Türk Şurasına üzv dövlətlər üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqinin təşkilatın əsas məqsəd və vəzifələrindən biri olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində olan nümunəvi əməkdaşlıqdan bəhs edərək Cənub Qaz Dəhlizinin gələcək uğurlu əməkdaşlıqlara imkanlar açdığını qeyd edib.

Görüşdə, həmçinin Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Nurlan Noqayev, Qırğızıstanın energetika və sənaye nazirinin müavini Veronika İsayeva, Özbəkistan energetika nazirinin elm və innovasiyalar üzrə müşaviri Əziz Əliməhəmmədov və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin energetika və iqlim üzrə xüsusi səfiri Dora Zombori çıxış edib.

Görüşdən sonra verilən açıqlamada Türkiyənin iclasın gündəmindəki maddələrin müzakirəsi üçünalk işçi qruplarının qurulması istiqamətindəki təşəbbüslərinin dəstəkləndiyi bildirilib. 

Maliyyənin enerji sahəsindəki əhəmiyyətinə işarə edilən açıqlamada beynəlxalq maliyyə quruluşları ilə işçi qruplarının iclaslarının keçirilməsi fikrinin müzakirə olunduğu vurğulanıb.

Açıqlamada bərpa olunan enerji sahəsində geniş təcrübəsi olan Türkiyənin üzvlərlə təcrübələrini paylaşmaq üçün təhsil proqramları təşkil etməyə hazır olduğu da dilə gətirilib. 

Qeyd edək ki, nazirlər görüşündə fevralın 23-də keçirilmiş energetika üzrə işçi qrupunun birinci iclasının hesabatı nəzərdən keçirilib, enerji marşrutlarının inkişafı və şaxələndirilməsi, enerji resursları və neft-kimya məhsullarının istehsalı və tədarükündə regiondaxili əlaqələrin gücləndirilməsi, neft və qaz sektorunda, bərpaolunan enerji mənbələri və qabaqcıl texnologiyaların inkişafı üçün investisiya mühitinin yaxşılaşdırılması, enerji səmərəliliyi üzrə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, energetika sahəsində birgə təlim mərkəzinin yaradılması, təcrübə mübadiləsi məqsədi ilə tədbirlərin keçirilməsi təklif edilib.

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDƏŞ-in üzvləridir. Macarıstan isə müşahidəçi qismində iştirak edir. 2019-cu il oktyabrın 15-də Bakıda keçirilmiş TDƏŞ-in VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçib.



Әlaqәli Xәbәrlәr