Azərbaycan - Böyük Britaniya parlamentlərarası işçi qrupunun virtual iclası keçirildi

İclasda Azərbaycan parlamentində Böyük Britaniya Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, Azərbaycanın Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Britaniya parlamentində Azərbaycan İşçi Qrupunun üzvləri iştirak ediblər

1454964
Azərbaycan - Böyük Britaniya parlamentlərarası işçi qrupunun virtual iclası keçirildi

 

  Azərbaycan - Böyük Britaniya parlamentlərarası işçi qrupunun virtual iclası keçirilib. İclasda Azərbaycan Parlamentində Böyük Britaniya Dostluq Qrupunun sədri, millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Britaniya parlamentində Azərbaycan İşçi Qrupunun sədri, deputat Bob Blekmen və qrupun Böyük Britaniyadan olan digər üzvləri iştirak ediblər.     

  Görüş zamanı son iki gün ərzində Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş təxribatlar haqqında britaniyalı deputatlara ətraflı məlumat verilib və Ermənistanın sülh danışıqlarını pozmaq üçün növbəti dəfə təxribat törətdiyi diqqətə çatdırılıb.

  Bob Blekmen Ermənistanın əməllərinin yolverilməz olduğunu söyləyib və Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd edib.

  Görüşdə iştirk edən digər deputatlar - Lord Evans, Katerin Vest və başqaları Ermənistanın məhz indi – pandemiya dövründə təxribat törətməsinin səbəbləri, qonşu dövlətlərin, eləcə də beynəlxalq qurumların baş verən hadisələrə münasibəti, Azərbaycanda pandemiya ilə bağlı aparılan işlər və cari vəziyyət haqqında suallar veriblər. 

  Azərbaycan millət vəkili Cavanşir Feyziyev britaniyalı həmkarlarına bildirib: “Sülh danışıqlarının gedişatında Ermənistanın bu cür təxribatçı addımlar atması birinci dəfə deyil. Münaqişənin sülh yolu ilə həlli üçün bütün prinsiplər ortada olsa da, Ermənistan hər dəfə danışıqlar prosesinə bənzər şəkildə zərbə vurur və danışıqlar prosesini pozur. Beləliklə də mövcud status-kvonun mümkün qədər uzadılmasına və işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasına çalışır… Erməni hərbi birləşmələri bir qayda olaraq sərhəd boyu kəndlərimizdə yaşayan mülki əhalini hədəfə alır. Hazırda Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə yerləşən hissələri düşmənin mülki əhaliyə hücumlarının qarşısını almaqla məşğuldur”.

  Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli səfir Tahir Tağızadə Ermənistan tərəfindən son iki gündə Tovuz rayonunda törədilən təxribat və Azərbaycanın cavab addımları ilə bağlı ətraflı məlumat verərək vəziyyətin gərgin olaraq qaldığını və buna görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu bildirib. Səfir artıq Azərbaycan daxilində və beynəlxalq ictimaiyyət tərəfindən reaksiyaların başladığını nəzərə çatdıraraq mövcud vəziyyətin müharibəyə çevrilmə ehtimalının mümkünlüyünü də ifadə edib. O, Azərbaycan prezidentinə istinad edərək qeyd edib ki, Azərbaycan mümkün olduğu qədər Ermənistanın təxribatlarına getməməyə və regionda sülhü qoruyub saxlamağa çalışsa da, Ermənistanın bu cür destruktiv addımları nəticəsində əhalinin baş verənlərə münasibətdə emosiyalarını nəzarətdə saxlamaq getdikcə çətinləşir.

  Görüş zamanı Azərbaycanda aparılan islahatlar, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün hökümət tərəfindən atılan addımlar, pandemiyaya qarşı mübarizədə  Azərbaycan tərəfindən irəli sürülən beynəlxalq əməkdaşlıq təşəbbüsləri haqqında geniş fikir mübadiləsi aparılıb.

  Görüşün sonunda Britaniya parlamentində Azərbaycan İşçi Qrupu üzvlərinin Azərbaycana səfər imkanları müzakirə edilib və pandemiya ilə bağlı vəziyyətin normallaşacağı təqdirdə britaniyalı deputatların Azərbaycana səfərinin təşkil edilə biləcəyi qərara alınıb.

 

Mənbə: xalqqazeti.com



Әlaqәli Xәbәrlәr