Tarixdə bu gün: 24 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1325979
Tarixdə bu gün: 24 dekabr

***

  ABŞ vətəndaş müharibəsindən sonra köləlik tərəfdarı olan Konfederasiya ordusunun zabitləri Tennesi (Tennessee) ştatının Pulaski şəhərində 1865-ci ilin 24 dekabrında "Ku Klusk Klan" (Ku Klux Klan) adlı gizli irçi bir klub qurdular. Bu terror təşkilatının üzvləri zənciləri qorxudaraq ağların ölkənin cənubunda üstünlüyünü əldə saxlamağa çalışırdılar. Çox qısa müddətdə "Ku Klusk Klan" Amerika Birləşmiş Ştatlarındakı irqçilərin mərkəzi oldu.

***

  24 dekabr Liviya xalqının milli bayramıdır.

  Afrikanın şimalında yerləşən bu ölkə 1951-ci ilin bu günü müstəqilliyini elan edib. Amma Liviya 1969-cu ilə - Qəddafinin hərbi çevrilişinə qədər krallıq sistemilə idarə olunub.

***

  Qıbrızdakı (Şimali Kipr) silahlı rumlar "Qanlı Milad" adı altında hücumlar təşkil edərək 1963-cü ilin 12 dekabrında Lefkoşada minbaşı (mayor) Nihat İlhanın ailəsini də hədəfə aldılar: İlhanın həyat yoldaşı Mürüvet İlhan və uşaqları Murad, Kutsi və Xaqan rum terrorçuları tərəfindən evlərində öldürüldü.

***

  1964-cü il 24 dekabrda Hindistan və Sri-Lankanı təsiri altına alan qasırğa 7 min adamın həyatına bais oldu.  

***

  1976-cı ilin 24 dekabrında baş verən zəlzələ Türkiyənin Van rayonunun Çaldıran qəsəbəsini sarsıtdı. Ətraf kənd və qəsəbələrərə də təsir edən zəlzələdə 3840 nəfər həyatını itirdi.

***

  24 dekabr 1979-cu ildə keçmiş Sovet ordusu Əfqanıstanı işğal etdi. Yeli mücahidlərin 10 il davam edəcək müqaviməti və SSRİ-nin dağılma prosesi nəticəsində sovet əsgərləri 1989-cu ildə Əfqanıstandan geri çəkilmək məcburiyyətində qaldılar.

***

24 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Avropadan yola çıxıb Hindistana birbaşa yollanan ilk kəşfiyyatçı, portuqaliyalı Vaska de Qama (Vasco da Gama) 1524-cü ilin bu günü elə Hindistanda həyatını itirib.

***

  Türkiyənin görkəmli şairi Tofiq Fikrət (Tevfik Fikret) 1867-ci il 24 dekabrda İstanbulda anadan olub.

  21 yaşında (1888) Qalatasaray litseyini bitirən gənc şair bir müddət Xarici İşlər Nazirliyində, 27 yaşından 48 yaşınadək isə (1894-1915) türk dili və ədəbiyyatı müəllimi olaraq çalışıb.  

  Türkiyə şeirinə məzmun və formaca yenilik, qərblilik gətirən Tofiq Fikrətin əsərlərində zülm, istibdad və fanatizm qətiyyətlə pislənilir. Öz dövründə şeirləri rəsmən qadağan olunsa da, gənclər və hərbçilər arasında əldən-ələ keçərək əzbərlənib yayılırdı.

  Tofiq Fikrətin əsərləri Azərbaycan şairlərindən Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və başqalarının yaradıcılığına da güclü təsir göstərib. (1867-1915)

***

  Bu gün 41 yaşında dünyadan köçmüş, tanınmış Azərbaycan memarı Sadıq Dadaşovun xatirə günüdür.

  1905-ci ildə paytaxt Bakıda dünyaya gələn Sadıq Bakı Politexnik İnstitutunu bitirib, memarlığa dair bir çox əsərlərini Mikayıl Hüseynovla birlikdə yaradıb.

  Sadıq Dadaşovun layihələri ilə tikilmiş çoxlu yaşayış, ictimai və mədəni məişət binaları Azərbaycan memarlığının inkişafında böyük rol oynayıb. Əsas işləri Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, Nizami Kinoteatrı, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi və başqalarıdır. (1905-1946) 

***

  Azərbaycanın elektrotexnika sahəsində tanınmış alimi Zəki Kazımzadə 1908-ci ilin 24 dekabrında anadan olub.

  Z.Kazımzadə Azərbaycan dilində elektrotexnikaya aid ilk dərsliklərin və terminlər lüğətinin müəllifidir. (1908-1986)

***

  SSRİ və Şəqrdə tanınmış görkəmli Azərbaycan şərqşünası və tarixçisi, akademik Ziya Bünyadov 1921-ci ilin bu günü anadan olub.

  1939-cu ildə hərbi məktəbə daxil olan Ziya 2 il sonra İkinci Dünya Müharibəsinə yollanıb. Bu illərdə vzvod və rota komandiri kimi Krımdan Berlinədək şərəfli döyüş yolu keçib.

  1945-ci il fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Ziya Bünyadov 5 il sonra (1950) Moskva Şərqşünaslıq İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

  Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti və Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmış alim istər keçmiş SSRİ məkanında, istərsə də, bütün Şərqdə layiqincə tanınıb.

  VII – XIII əsrlər Azərbaycan tarixinin yorulmaz tədqiqatçılarından olan Ziya Bünyadov Orta Əsrlər tarixi və mənbəşünaslıq üzrə elmi məktəbin banisidir. (1921-1997)

***



Әlaqәli Xәbәrlәr