Gecə ilə gündüzün uzunluğu daim dəyişir, çünki …

Ağlımız kəsəndən bəri fərqinə vardığımız və orta məktəbdən öyrəndiyimiz gündüz və gecənin müddəti haqqında biliklərimizi nəzərdən keçirək

2132115
Gecə ilə gündüzün uzunluğu daim dəyişir, çünki …

 

  Planetimizin ölçüsünü aşdığı üçün hətta “kosmik” adlandıra biləcəyimiz bir təbiət hadisəsindən bəhs edək, ağlımız kəsəndən bəri fərqinə vardığımız və orta məktəbdən öyrəndiyimiz gündüz və gecənin müddəti haqqında biliklərimizi nəzərdən keçirək.

  Qədim dövrlərdən insanlar gecə ilə gündüzün qeyri-bərabər olduğunu bilmişlər. Günəş işığı və istiliyindən daha çox faydalanmağın yollarını axtarmış və bu mövzunun səbəblərini düşünməyə, araşdırmağa başlamışlar. Bir çox antik tarixi monumental tikililərdə gecə ilə gündüzün bərabərləşdiyi günlər müqəddəs sayılmış və ildə 2 dəfə baş verən bu vəziyyətin ilahi bir əlamət olduğu fikri geniş yayılmışdır.

  Bəs niyə gecə ilə gündüzün uzunluğu daim dəyişir? Bunun  əsas səbəbi Yer kürəsinin eksenel əyilməsidir. Eksenel əyilmə - planetin formalaşması zamanı yaşadığı müxtəlif qarşılıqlı təsirlərin nəticəsidir. Yerin əmələ gəlməsini əhatə edən Günəş sisteminin ümumi formalaşma prosesi zamanı planetlərin və digər göy cisimlərinin əksəriyyəti fırlanan diskşəkilli maddə buludundan ibarətdir. Bu diskdəki toqquşmalar, cazibə qüvvəsinin qarşılıqlı təsiri və buna bənzər amillər planetlərin orbitlərini və fırlanma oxlarını təyin edir. Yer kürəsinin oxu bu formalaşma prosesində müəyyən bir meylli bucaq altında sabitlənib.    

  Məlum olduğu kimi, Yer kürəsi öz maili oxu ətrafında fırlanarkən Günəşin ətrafında da fırlanır. Yer kürəsinin öz oxu ətrafında fırlanması bir gün, Günəş ətrafında fırlanması isə bir ili təşkil edir. Bu hərəkətlər nəticəsində günəş şüaları ərazilərə müxtəlif bucaqlarla düşür. Ona görə günlərin uzunluğu, gecə ilə gündüzün müddəti müxtəlif olur. Çünki Yer oxunun əyilməsi günəş işığının yerə düşmə bucağına təsir edir. Yer öz oxuna əyildiyi üçün günəş işığı il boyu müxtəlif fəsillərdə planetimizə müxtəlif bucaqlarda düşür. Eyni vəziyyət gün ərzində yerə çatan günəş işığının miqdarına da təsir göstərir. Ona görə də qışda gündüzlər qısa, gecələr uzun olur.

  Ekvator ətrafında gündüz və gecənin uzunluğu il boyu nisbətən sabit qalır, çünki günəş işığı Yerin əyilməsi səbəbindən bu ərazilərə şaquli bucaq altında düşür. Lakin qütblərə doğru irəlilədikcə fəsillərdən asılı olaraq gecə və gündüzün müddətində daha ciddi dəyişikliklər müşahidə olunur. Beləliklə, Yer kürəsinin oxu əyildiyi üçün gecə və gündüzün müddəti dəyişir və bu əyilmə müxtəlif dövrlərdə fərqli miqdarda günəş işığı almağımıza səbəb olur.  



Әlaqәli Xәbәrlәr