İran İsrailə yeni tənlik yaradıb

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru, professor Murat Yeşiltaşın yazısını təqdim edirik

2130310
İran İsrailə yeni tənlik yaradıb

 

  İranın İsrailə qarşı son hücumu regionu və dünyanı yenidən gərginlik mərkəzi edib. Lakin bu münaqişəni yalnız hərbi çərçivədə qiymətləndirmək yetərli olmaz. İran və İsrail arasındakı gərginlik qlobal güc dinamikasını, regional qeyri-sabitliyi və beynəlxalq diplomatiyanı formalaşdıran dərin və mürəkkəb struktura malikdir.

  İsrailin İran konsulluğuna hücumu və sonrakı münaqişələr iki dövlət arasında birbaşa münaqişə deyil, böyük güclərin iştirak etdiyi daha geniş səhnənin bir pərdəsidir. ABŞ-ın İsrailə dəstəyi, İranla gərgin münasibətlər, Rusiya və Çinin regional siyasətləri bu münaqişənin çoxşaxəli xarakterini ortaya qoyur. Xüsusilə də İranın İsrailə qarşı hərəkətləri regionun güc balansında yerini möhkəmləndirmək məqsədi daşıyır. Hücumların koordinasiyalı və hesablanmış şəkildə həyata keçirilməsi İranın təkcə hərbi güc deyil, həm də strateji aktyor kimi əhəmiyyətini vurğulayır.

  İranın cavab tədbiri kimi həyata keçirdiyi “Doğru vəd əməliyyatı” İsrailin hava hücumundan müdafiə sistemlərinə böyük meydanoxuma oldu. İsrailin “Dəmir günbəz” müdafiə sistemləri İranın raket və pilotsuz uçuş aparatlarının hücumlarına qarşı uğuru qismən təmin etsə də, bu, İsrailin hər zaman üstün olacağı anlamına gəlmir.

  Hücumun ucuz, müdafiənin isə iqtisadi cəhətdən baha başa gəlməsi müharibəni uzunmüddətli perspektivə daşımaqla İsrail üçün həyati problemə çevirdi. Buna görə də İranın hücum qabiliyyəti İsrail və onun müttəfiqləri üçün daimi təhlükə yaratmaqda davam edir.

  Digər tərəfdən, İran İnqilab Muhafizləri Ordusunun (SEPAH) komandiri Hüseyn Səlaminin açıqlaması sanki İsrail-İran hərbi münaqişəsində ənənəvi şablonu dəyişdi. O, İranın İsrailə qarşı cavab əməliyyatı ilə yeni tənlik yaratdıqlarını söyləyərək deyib: “Bu tənlik sayəsində bundan sonra İsrailin İran maraqlarına, mallarına, şəxsi heyətinə və vətəndaşlarına qarşı hücumlarına birbaşa İran ərazisindən cavab veriləcək”. İsrailin reaksiyası isə göstərir ki, o, beynəlxalq arenada təkbaşına hərəkət edə bilmir: ABŞ-ın bölgədəki mövcudluğu və dəstəyi İsrailin qərarvermə proseslərində həlledici rol oynayır. Bu vəziyyət İsrailin regional təhlükəsizlik siyasətini formalaşdırarkən beynəlxalq diplomatiyadan asılılığını da ortaya qoyur.

  Münaqişə İsrail daxilində də müxtəlif siyasi hərəkətlənmə yaradıb. Binyamin Netanyahu hökumətinin təhlükəsizlik siyasəti həm ölkə içində, həm xaricində tənqidlərlə üzləşir və möhkəmliyini itirir. Hökumətin bu böhranı necə idarə etdiyinə və edəcəyinə dair fikir ayrılıqları var; bəziləri İrana daha sərt cavab tələb etsə də, digərləri mümkün genişmiqyaslı müharibə risklərindən uzaq olmağa çağırır.

  İran güc nümayişi, strateji hesablaması və hücumları ilə təkcə İsrailə deyil, regiondakı və qlobal miqyasdakı rəqiblərinə mesajlar verir. Öz milli təhlükəsizlik maraqlarını qorumaq və regional çəkindirmə gücünü gücləndirmək İranın məqsədidir. İsrailin hərbi və mülki infrastrukturlarına etdiyi hücumlar İranın hərbi potensial və qətiyyətinin göstəricisi sayıla bilər. İran bu hərəkətləri ilə regional və qlobal aktyorlara qarşı çəkindirici təsirini artırmağı və eyni zamanda, daxili siyasətdəki mövqeyini gücləndirməyi düşünür. Bununla İran hökuməti həm daxildən, həm regional səviyyədə dəstək axtarır.

  İran və İsrail arasındakı bu son münaqişə İsrailin ərəb dünyası ilə münasibətlərinə də təsir edib. İsrail həm İranın hücumlarına cavab vermək, həm də ərəb ölkələri ilə müttəfiqliyini davam etdirmək istəyir. Bu, İsrail üçün regionda uzunmüddətli strateji hədəflər və müttəfiqliklər baxımından kritik balanslaşdırıcı akta çevrilib.

  Qısası, İran-İsrail münaqişəsi sadəcə yerüstü hərbi əməliyyatlardan ibarət deyil. Bu vəziyyət regional və qlobal güclər arasında münasibətlərə, diplomatiyaya və təhlükəsizlik siyasətlərinə dərindən təsir edən dinamik və çoxölçülü münaqişə olaraq qalacaq. Beynəlxalq ictimaiyyət bu cür münaqişələrin təkcə regional deyil, həm də qlobal sülh və təhlükəsizliyə ciddi təsir göstərdiyini dərk edərək məsuliyyət daşımalı və barışa doğru addımlar atmalıdır.

  Əslində, İran və İsrail arasında davam edən bu münaqişə digər regional aktyorları və böyük gücləri ümumi və bölünmüş maraqlar ətrafında yeni ittifaqlar yaratmaq üçün bir araya gətirir. Bu ittifaqlar münaqişənin gedişatını və onun beynəlxalq siyasətdə əks-sədalarını qəti şəkildə formalaşdıra bilər.



Әlaqәli Xәbәrlәr