Pişik gözü yol nişanı (mətin və audio)

“Həyatı asanlaşdıran təsadüflər” rubrikamızda bu gün sizə pişik gözü reflektorunun yaranmasından danışırıq, mətni oxuyur mən Sevda Mirzə.

2115406
Pişik gözü yol nişanı (mətin və audio)

Pişik gözü yol nişanı necə yarandı?

 

  Hazırda magistral yollarının vazkeçilməzi olan işıq qaytarıcı - “pişik gözü”nün ixtiraçısı, sürücü Persi Şou (Percy Shaw, 1890-1976) onun icadının təsadüfün nəticəsi olub-olmaması ilə bağlı şərh verməsə də, bu kəşfin danılmaz bir həqiqət olduğu, həyatı asanlaşdırdığı, gecə yolçuluğunu təhlükəsiz etdiyi göz qabağındadır.

  43 yaşlı Persi Şounun gənc yaşlarından təmir qabiliyyəti var idi. Maddi səbəblərdən 13 yaşında məktəbi yarımçıq qoyub işə başlayan Persi Birinci Dünya Müharibəsi zamanı atası ilə birlikdə silah-sursat istehsalında istifadə olunan materialları təmir edərək çörək pulu qazanırdı. O illərdə yol tikintisi ilə məşğul olur və gecə yolçuğunun nə qədər təhlükəli olduğunu bilirdi.

  1933-cü ilin dekabrında İngiltərənin Halifaks şəhərində gecə saatlarında Persi Şou işdən çıxıb evə gedirdi. Qaranlıq və dumana görə görmə çox aşağı idi və Persi maşınını çox ehtiyatla sürməyə çalışdı. Belə dumanlı gecələrdə o adətən avtomobilin faralarının əksi ilə parlayan tramvay relslərilə evinə çatırdı, lakin həmin gün relslər təmir üçün sökülmüşdü. Persi Şou az qala uçuruma doğru gedirdi. Birdən maşınının faralarından gələn işıq səbəbindən gecənin qaranlığında qəfildən parlayan pişiyin gözləri ilə üz-üzə gəldi və dərhal əyləcə basaraq avtomobilini son anda saxlamağı bacardı. Bu təsadüf Persinin həm özünün, həm də milyonlarla insanın həyatını dəyişəcək bir an oldu.

  Dumanlı gecədə onu qurtaran pişik gözü fikri ilə Persi Şou sınaqlara başladı. O, dəfələrlə müxtəlif formalarda cürbəcür şüşələr üzərində işlədi. Təxminən bir il davam edən bu prosesin sonunda o, asfalt yollara bərkidilmiş rezin örtük və dəmir qutuya yerləşdirilmiş şüşə butonları ilə öz ixtirasını təkmilləşdirdi.

  3 aprel 1934-cü ildə ixtirası üçün üç ayrı-ayrı patent müraciəti etdi və hamısı üçün qeydiyyatdan keçdi. Beləliklə, "CatsEye", yəni “Pişik gözü” ticarət nişanının qeydiyyatını aldı və ölkəsi İngiltərədə reflektorlarının satışına başladı.

  İkinci Dünya Müharibəsi zamanı əvvəlcə çox da fərq edilməyən Şouya ehtiyac duyuldu. Belə ki, Almaniya Hərbi Hava Qüvvələri İngiltərənin strateji hərbi bölgələrinə və böyük şəhərlərinə hava hücumları edərkən bütün ölkədə elektrik enerjisi kəsilir və bir neçə saat işıq olmurdu. Bu, gecələr, xüsusən də magistral yollarda maşın sürməyi daha təhlükəli edirdi, çünki sürücülər avtomobillərinin faralarını söndürmək məcburiyyətində qaldığından yol qaranlığa bürünürdü. Belə bir zamanda Persi Şounun ixtirasının əhəmiyyəti artdı, İngiltərə pişik gözü butonuna müraciət etdi.  

  Müharibədən sonra Persi pişik gözü reflektoru üçün Britaniya Nəqliyyat Nazirliyinin dəstəyini aldı və ixtirasının bütün dünyada geniş yayılmasını təmin etməyə çalışdı.

  Persi Şou İngiltərəyə verdiyi töhfələrə görə 1965-ci ildə Britaniya İmperiyasının ordeni ilə təltif edildi. 2006-cı ildə pişikgözü reflektorları Böyük Britaniya Dizayn Axtarışı müsabiqəsində “XX əsrin ən uğurlu 10 dizaynı” arasında yer aldı. İxtirasının tətbiq olunduğu ilk gündən bəri gecə yolculuğu anlayışını tamamilə dəyişdirən, asanlaşdıran pişik gözü butonu hələ də bütün dünyada gecələr yolları işıqlandırmağa və səyahət zamanı sürücü və sərnişinlərə təhlükəsiz getməyə imkan verir.



Әlaqәli Xәbәrlәr