Misirin meydan oxumaları

Türkiye Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun "Misirin meydan oxumaları" başlıqlı məqaləsi...

2106298
Misirin meydan oxumaları

Türkiye və Misir əlaqələrin yenidən strateji tərəfdaşlığa çevrildiyi bir dövrə qədəm qoydu. Hər iki ölkədə münaqişədən çox ümumi maraqları hədəfləyən yeni iradə var. Burada regional çağırışlar və daxili problemlər əsas təşkil etsə də, xüsusilə Misirin Türkiye ilə münasibətlərini yenidən normal vəziyyətə salması üçün ciddi məcburedici səbəblər var. Misir müxtəlif mövzularda ciddi böhranla qarşı-qarşıyadır.

Misirdə baş verən hərbi çevrilişdən sonra Əbdülfəttah əs-Sisi prezident olaraq yeni rejim qurdu. Əslində hazırda da davam edən bu sistem Misirdə inqilabdan əvvəlki dövrə qayıdışı ifadə edir. Bu, hərbi elitalar və qismən də məhkəmə bürokratiyası kimi müxtəlif bürokratik güc mərkəzlərinin hakim olduğu bir sistemdir. Siyasi sistem bəzi çətinliklərə baxmayaraq varlığını davam etdirsə də, əsl blokadanın iqtisadiyyata söykəndiyini söyləmək mümkündür.

Misir iqtisadiyyatı ciddi böhran içindədir. Ölkənin böyük xarici ticarət kəsiri olduğu halda, Sisinin hakimiyyətində 160 milyard dollarlıq xarici borc yaranıb. Mərkəzi bankın ehtiyatları xaricdən gələn svoplarla davam etdirilir, lakin xarici borcun maliyyələşdirilməsində ciddi çətinlik var. Misir BVF ilə saziş imzalayıb və hazırda Argentinadan sonra BVF-yə ən çox borcu olan ikinci ölkədir. BVF yeni kredit üçün sərt şərtlər irəli sürür. Xüsusilə Ordunun iqtisadiyyatdakı hegemonluğuna tədricən son qoyulması, valyutanın ucuzlaşması, strateji sektorlar da daxil olmaqla özəlləşdirmə tələbləri var. İndiki nizam bu tələbləri yerinə yetirməyə o qədər də həvəsli görünmür. Körfəz ölkələrinin borcları müəyyən həddə çatıb və yeni resurslara daxil olmaq mümkün deyil. Yenə ötən günlərdə Sisinin də bu yaxınlarda qeyd etdiyi kimi, Süveyş kanalından əldə edilən 10 milyard dollarlıq illik gəlirin ən azı yarısı husilərin hücumları nəticəsində itirilir. Orta hesabla misirlilərin alıcılıq qabiliyyəti gündən-günə azaldıqca, zaman-zaman ən əsas ehtiyaclar üçün qara bazar yaranır. Misirin pul vahidi də iki ayrı qiymətə malikdir: rəsmi və küçə bazarı. Küçədə pulun dəyəri demək olar ki, yarıdan aşağıdır.

Ciddi geosiyasi risklər də var. Sudandakı vətəndaş müharibəsi Misir iqtisadiyyatına mənfi təsir göstərir. Qaçqın axını baş verir. Efiopiya ilə Renessans bənd böhranı Misirin su təchizatı təhlükəsizliyini təhdid edir. Liviyada siyasi və hərbi parçalanma Misirin maraqlarına xələl gətirir. Amma əsl təhlükə Qəzzadan gəlir. İsrailin Qəzzada həyata keçirdiyi qeyri-insani qətliamların əsas məqsədi bölgədə əhalini sıxışdırmaq və qəzzalıları Misirin Sinay yarımadasına sürgün etməkdir. Bu vəziyyət hər mənada Misirin milli təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir.

Ona görə də Türkiye-Misir strateji tərəfdaşlığı hər iki ölkə üçün əhəmiyyətli və dəyərli olsa da, Misir üçün daha vacib bir prosesdir. Misir həm iqtisadi, həm də geosiyasi təhdidlərə qarşı Türkiye ilə tərəfdaşlıqdan ciddi mənfəət əldə edə bilər.



Әlaqәli Xәbәrlәr