İstanbulun Beykoz və Küçüksu rayonları

Bu gün İstanbulun yaşıl səmti Beykozdayıq.

2077923
İstanbulun Beykoz və Küçüksu rayonları

İstanbulun Beykoz və Küçüksu rayonları

Keçən həftə səfərimiz zamanı misilsiz Boğaziçi mənzərəsi olan məkanlardan biri olan Anadolu hasarını gəzdik. Bu gün İstanbulun yaşıl səmti Beykozdayıq. Beykoz bağları və bağçaları ilə şəhərin səs-küyündən uzaqlaşa biləcəyiniz dənizkənarı bir rayondur. Vaxt itirmədən İstanbulun Anadolu hissəsi Beykozu gəzməyə başlayaq.

Beykoz səfərimizə Küçüksu qəsrindən başlayacağıq. Küçüksu qəsri Boğaziçi sahillərində yerləşən çox gözəl bir tikilidir. Amma əvvəlcə sizə qəsrlər barəsində danışacağıq. Qəsrlər sultanlarının dincəlmək üçün istifadə etdikləri saraylardan kiçik, malikanələrdən böyük tikililərdir.

Küçüksu qəsri Küçüksu və Göksu çayları arasında yerləşir. Muzey-saray kimi ziyarətçilərin istifadəsinə verilən “Qəsr” dəniz sahilində iki mərtəbəli taxtadan ov qəsri kimi tikilib. Bina ənənəvi türk ev plan tərzini əks etdirir, lakin sultanın burada qalmasına icazə verilmədiyi üçün yataq otağı yoxdur. Sultan buradan ancaq ovdan sonra dincəlmək üçün istifadə edirdi. Türk memarlıq tarixində mühüm yer tutan bu üçmərtəbəli qəsrin tikintisində tamamilə taxta materiallardan istifadə olunub.

Qəsrin göz oxşayan memarlığı təkcə onun xarici görünüşü ilə məhdudlaşmır. İçərisi daha da təsir edicidir. Çünki hər bir detalı ilə insanları təəccübləndirir. Qəsr Avropadan sifariş edilmiş mebellərlə təchiz olunub və fikir verəcəyiniz kimi otaqlarda qiymətli sənət əsərləri var. Bu miniatür qəsr büllur çilçıraqları, xalçaları və taxta oyma işləri ilə ziyarətçiləri özünə valeh edir!

Küçüksu qəsrində çoxlu kaminlər var. Fərqli dizaynlı və müxtəlif rənglərdə italyan mərmərindən hazırlanmış kaminlər qəsrin ən maraqlı elementlərindəndir. Küçüksu qəsrinin digər diqqətçəkən xüsusiyyəti tavanlardakı gips qabartmaları və bəzəkləridir. Başınızı yuxarı qaldırıb baxanda bunları görürsünüz.Binanın hər küncü gözəldir, amma çöldə deyəcəklərim də var. Buyurun birlikdə bağçaya enək və sizə Küçüksu qəsrinin başqa bir xüsusiyyətini göstərim. Qəsr Osmanlı saraylarında olduğu kimi hündür divarlarla əhatə olunmayıb. Tikinti yalnız gördüyünüz bu zərif dəmir barmaqlıqlarla qorunur. O dövrdə nəqliyyat dəniz yolu ilə həyata keçirildiyi üçün Küçüksu qəsri də limana malikdir.

Qəsrin düz yanında köhnə Boğaz rəsmlərində ən çox təsvir olunan Mihrişah Sultan fəvvarəsi var. Bu gözəl su tikilisi hazırda da öz möhtəşəmliyini qoruyub saxlayır.

Küçüksu qəsrinin yerləşdiyi Göksu və Küçüksu çayları arasındakı çəmənliklər Osmanlı dövründə piknik üçün seçilirdi. Qərb mənbələrində bu iki dərənin arası “Asiyanın şirin suları” adlanır. İngilis yazıçı və səyyah Julia Pardoe 1800-cü illərin əvvəllərində ziyarət etdiyi İstanbulla bağlı xatirələrini və səyahət qeydlərini "Boğazın gözəllikləri" kitabında dərc edib. Göksudan çox təsirlənən müəllif sətirlərində bölgəni belə təsvir edir: “Vadinin özü çox gözəldir; Ot, şəhərin heç bir yerində olmadığı kimi parlaq və boldur. Yay ​​tətili olan cümə günlərində bütün təbəqələrdən olan insanlar axan çaydan, çiçəklərdən, yarpaqlardan, günəşdən böyük zövq alırlar”.

Osmanlı dövründə bu bölgədə gündüzlər gəzintilər təşkil edilirdi, gecələr isə Göksu və Küçüksu dərələrində nəfis qayıqlara minir, mahnılar oxuyar, ay işığını seyr edərdilər. Hazırda qayıqla gəzmək mümkün deyil, lakin çəmənliklər abadlaşdırılaraq yenidən əhalinin istifadəsinə verilib.

Bu gün biz incəsənətlə memarlığın qovuşduğu, insanları əsrlərə aparan və İstanbulun bir vaxtlar necə möhtəşəm bir yer olduğunu göstərən Küçüksu qəsrində olduq. Bir dövrün vazkeçilməz əyləncə və istirahət məkanı olan Göksu çəmənliklərini də gördük.

Günün qalan hissəsini bu gün gəzdiyimiz bu gözəl yaşıl ərazidə keçirə bilərsiniz...



Әlaqәli Xәbәrlәr