Avropanın ən hündür dəniz mayaklarından biri Şiledədir

Bu kiçik yaşayış məntəqəsi Qədim Yunan dövründən başlayaraq Roma, Bizans və Osmanlı sivilizasiyalarına ev sahibliyi edib.

2058885
Avropanın ən hündür dəniz mayaklarından biri Şiledədir
şile.jpg
şile.jpg

Avropanın ən hündür dəniz mayaklarından biri Şiledədir

Dərin mavi sularda üzməyə davam edirik və hər gün İstanbula daha da yaxınlaşırıq. Bu gün marşrutumuzda Şile var.

Şilenin tarixi minillikdən öncə 7-ci əsrə aiddir. Bu kiçik yaşayış məntəqəsi Qədim Yunan dövründən başlayaraq Roma, Bizans və Osmanlı sivilizasiyalarına ev sahibliyi edib. Bu gün Şile İstanbulun bir bölgəsidir və İstanbuldan buraya ictimai nəqliyyat vasitəsilə qısa vaxta gəlmək  mümükündür. Şile yaxınlığı, eyni zamanda sakit və hüzurlu məkan olması baxımından insanların tətil imkanlarını dəyərləndirmək üçün tez-tez seçdikləri məkandır.

Şile kiçik olsa da, amma burada gəzməli yerlər çoxdur. Birazdan “Səyyah”ın lövbərini atıb Şile səyahətimizə qarşı tərəfdə gördüyünüz mayakdan başlayacağıq.

Şile Fənəri Türkiyenin ən böyük aktiv mayakıdır. O, həm də Avropanın ən hündür dəniz mayaklarından biridir. İlk dəfə Bizans dövründə tikilib. Yıxıldıqdan sonra isə Osmanlı dövründə yenidən inşa edilib. Bu tarixi mayakın  işığı aydın havada uzaqdan görünə bilir. Bu xüsusiyyətinə görə müharibələr zamanı böyük əhəmiyyət daşıyıb. Şileni bütün mənzərəsi ilə görmək istəyənlər, ardımca gəlin və mayak pilləkənlərini birlikdə qalxaq.

Buradan mərkəzdə yerləşən Şile qalasına gedəcəyik. Qala da Bizans dövrünə aiddir. Bu qala hücum məqsədi ilə deyil, “gözətçi qülləsi” kimi tikilib. Osmanlı dövründə də gözətçi qülləsi kimi istifadə edilib.

Şilenin təbii gözəlliklərini gəzməyə başlayaq. İndi “Ağlayan qaya”ya gedirik. “Ağlayan qaya” və çimərliyi Şilenin məşhur təbii gözəlliklərindən biridir. Mavi bayraqlı çimərlik dar bir körfəzdə yerləşir və Şiledə üzmək üçün ən yaxşı yerlərdən biri kimi tanınır. Mərkəzə piyada məsafədə yerləşən “Ağlayan qaya” ilə bağlı əfsanəyə görə, ailələri bir-birini sevən iki gəncin qovuşmasına mane olduqları üçün gənclər bu qayadan tullanaraq həyatlarına son qoyurlar. Və o gündən bəri qayanın ağladığı deyilir. Amma əslində daşların arasından axan su bu mənzərəni yaradır. Baxın! Siz də qayaların arasından axan suyu görürsünüzmü?

İndi fərqli özəlliyi ilə diqqət çəkən Kumbaba təpəsi çimərliyinə gedək. Sahilin tünd sarı və narıncı rəngə çalan qumlarının müxtəlif xəstəliklərə, xüsusən də revmatizmə faydalı olduğu deyilir. Bizans dövründə çimərlik qumudan müalicə məqsədilə “qum hamamı” kimi istifadə olunub.

Şiledə çoxlu sayda mağaralar var. Bu mağaraların bəzilərinin neolit ​​dövrünə aid olduğu deyilir. Şərqi Roma İmperiyasının təzyiqlərindən və zülmündən qaçan xristianlar Şiledəki təbii mağaralara sığınaraq həyatlarını burada davam etdiriblər. İmperiya bu mağaralardan birini həbsxana kimi istifadə edərək ələ keçirdikləri xristianları orada saxlayırlarmış. Maraqlıdır ki, bəzilərinin həyatını xilas edən Şile mağaraları bəziləri üçün də zindan rolunu oynayıb. 

Birazdan görəcəyimiz Ksenofon mağarası ilk xristianların kilsə olaraq istifadə etdiyi təbii bir mağaradır. Mağara bu gün Sofular mağarası kimi tanınır. Dağa dırmanma idmanı ilə məşğul olanlar buraya uyğun avadanlıqları ilə daxil ola bilərlər. Həbsxana kimi istifadə edilən Gürlek mağarası həvəskar dağa dırmananlar üçn uyğun deyil. Çünki mağaranın girişi kifayət qədər dardır və içəridən daim su sızır. Bu su yerin sürüşkən olmasına səbəb olur və təcrübəsiz insanlar üçün çətin və hətta təhlükəli vəziyyət yaradır. Ona görə də hər iki mağaranı ancaq kənardan görəcəyik.

Şilenin təbii gözəlliklərindən danışmağa ara verib burada toxunan xüsusi bir parça növündən bəhs etmək istərdim. Çünki bu parça Şile üçün tamamilə spesifik və ənənəvidir. Buna görə ona “Şile parça” deyirlər. “Şile parça” əl dəzgahlarında pambıq sapdan toxunur. Yüngül və təri çəkən,  son dərəcə sağlam və təbii parça növüdür. “Şile parça” yuyulduqca ağarır və uzun illər istifadə oluna bilir.

Hazırda insanlar təbii materiallara üstünlük verdikcə, ekoloji və sağlam Şile parçasına da tələbat günü-gündən artır. Bu parçadan ənənəvi türk motivlərinin xüsusi incəliklə işləndiyi orijinal geyimlər, eləcə də müasir elementlərin əks olunduğu paltarlar hazırlanır. Gəlin bu məhsulların satıldığı mağazalardan birinə girək və o xüsusi və gözəl Şile parçasını yaxından görək. Əminəm ki, onlardan birini seçməkdə çətinlik çəkəcəksiniz.



Әlaqәli Xәbәrlәr