Dünya tarixini və siyasətini formalaşdıran üç imperiyanın paytaxtı

Bu şəhər yüz illərdir müharibələrə, sülhə və mühasirələrə səhnə olub...

2051927
Dünya tarixini və siyasətini formalaşdıran üç imperiyanın paytaxtı
İstanbul.jpg
istanbul ayasofya turist.jpg
İstanbul.jpg

Dünya tarixini və siyasətini formalaşdıran üç imperiyanın paytaxtı

8500 illik bir tarixi olan şəhərə yaxınlaşırıq. Bu şəhər yüz illərdir müharibələrə, sülhə və mühasirələrə səhnə olub. O qədər önəmlidir ki, dünya tarixində bu şəhərin fəthi ilə bir dövr başa çatır və yeni bir dövr başlayır. İki qitənin yeganə şəhəri: İstanbul.

Bu şəhərdə saysız-hesabsız insan yaşayıb, ticarətin ürəyi bir müddət burada döyünüb, limanlarına saysız-hesabsız gəmilər yanaşıb. Üç böyük imperiyanın paytaxtı olub və imperiyanın saraylarında çoxlu intriqalar olub və macəralar baş verib. Şairlərin, yazıçıların, rəssamların, siyasətçilərin və səyyahların həmişə diqqət mərkəzindəki şəhər olub!

Bəlkə İstanbul haqqında indiyə qədər milyonlarla sözlər deyilib, bundan sonra da deyiləcək. Çünki İstanbul sadəcə təsvir etməklə anladıla biləcək bir şəhər deyil. İstanbul saysız-hesabsız insanın min illər boyu onun gözəlliyinə heyran qalaraq orada məskunlaşdığı, bəlkə daha yaxşı bir həyat arzusuna gəldiyi, ya da bəlkə də həyatın içinə qərq olduğu, gözəlliyi qarşısında özünü itirdiyi möhtəşəm bir şəhərdir!

İstanbul dünya tarixini və siyasətini formalaşdıran üç imperiyanın paytaxtıdır: Roma, Bizans və Osmanlı. İstanbulu başa düşmək üçün onunla nəfəs almaq, gecə-gündüz, yayına və qışa şahid olmaq və sürprizlərlə dolu bu şəhəri addım-addım kəşf etmək lazımdır!

İstanbul müxtəlif zamanların ruhunu daşıyır və bəlkə də buna görə insanları özünə çəkir. İstanbul öz izdihamı, təlaşı və təzadları ilə gündə iyirmi dörd saat insanı özünə valeh edir və yaşayır! Dünyada gündə iyirmi dörd saat gözünü qırpmayan neçə şəhəri saya bilərsiniz?

Ədviyyat ətrinin yayıldığı, rəngarəng xalçaların və zinət əşyalarının göz qırpdığı əslinə uyğun bazarlar, nəfəs kəsən mənzərələr, yeddi təpə və Boğaz... İki tərəfi çinar və erguvan ağacları ilə örtülmüş Boğaziçi... Qürurla dayanan Qız qalası Boğazın ortasında! Adalar turu, həm Asiya, həm də Avropa tərəflərinin möhtəşəm mənzərələrini seyr etmək... Qarşı sahilə çatmağa tələsən insanlar, başınızın üstündə uçan qağayılar və dənizin ətri!

Türk ədəbiyyatının ustad yazıçısı Əhməd Həmdi Tanpınar deyir ki, “Hər İstanbullu bir az da şairdir”. O, şəhərin sehrindən, insanların təsəvvürünə təsirindən danışır. Təbii ki, təkcə o deyil, dünya ədəbiyyatının önəmli şəxsiyyətləri Dostoyevski, Edmondo De Amiçis, Pier Loti, Aqatha Kristi, Heminquey və bir çox başqa yazıçılar öz əsərlərində İstanbulu təsvir ediblər. Çünki İstanbul xəyal şəhəridir. Taxta evlərin yerləşdiyi köhnə məhəllələr, dənizlə bitən dar və təpəlik küçələr, kiçik bir boşluqdan görünən Boğazın mavi suları... Sanki bir sehrli əl uzanıb sizi şəhərin xaosundan çıxarır, o mavi dənizlərdə qoyur və bütün kədərlərini unutdurur. İstanbulun öz cazibəsi var. Gözlənilməz bir anda qarşınıza gözlənilməz bir yer çıxır və ağlınıza bir xatirə gəlir. Hardan gəldiyini bilmədiyin bir melodiya sənə nəyisə xatırladır, başqa bir zamanın pərdələri açılır. O zaman İstanbulu yaşamağa başlayırsan.

İstanbul insanları hər cəhətdən təəccübləndirən və valeh edən əfsanəvi bir şəhərdir. Həm keçmiş zamanların, həm də bu günün hekayəsini pıçıldayır, həm Asiya, həm də Avropadır bu şəhər. Demək olar ki, tamamilə açıq səma altında muzeydir. İstanbulda bizi saraylar, dini binalar, muzeylər, məhəllələr, parklar, bu şəhərdə iz qoyan insanlar və sadalaya bilməyəcəyimiz çox şeylər gözləyir.

Vaxtımız olsa İstanbuldan saatlarla danışardıq. Amma yenə də 8500 illik bu möhtəşəm şəhəri mərhələ-mərhələ gəzəcəyik, tarixi yarımadanı, bazarları, köhnə kitab satan mağazaları və əntiqə mağazaları birlikdə kəşf edəcəyik. Dənizdən İstanbula yaxınlaşdıqca yolumuzda İstanbulun gözəl körfəzlərini və kiçik qəsəbələrini görəcəyik.

İstanbuldan hər danışanda insan həyəcanlanır. Gəzib, gördüklərini bölüşmək istəyir. Bu qədim şəhəri hər gəzəndə, hər danışanda insan yeni şeylər öyrənir.

İndi İstanbulla vidalaşmaq vaxtıdır, dəniz suları üzərində günəşin batmasını seyr edərək yolumuza davam edək. Gələn yenə İstanbulda görüşənədək sağ olun.



Әlaqәli Xәbәrlәr