Qara dənizin turizm mərkəzlərindən Bartın

Bu həftə Qara dənizin sevimli turizm mərkəzlərindən biri olan Bartına gedəcəyik.

2016345
Qara dənizin turizm mərkəzlərindən Bartın

Qara dənizin turizm mərkəzlərindən Bartın

Hər həftə Türkiyenin maraqlı, bəzən tanınmış, bəzən də eşidilməyən sahillərini kəşf etmək üçün dənizə üz tuturuq. Bu həftə Qara dənizin sevimli turizm mərkəzlərindən biri olan Bartına gedəcəyik. Qayığımız "Gəzgin" yelkənlərinə təzə küləklərlə doldudu, üzməyə hazırdır. Misilsiz yerləri görəcəyimiz bu səyahətdə siz də bizi müşayiət etmək istərdinizmi?

Bartın Qərbi Qara dəniz bölgəsində yerləşən kiçik bir şəhərdir. Kiçik olsa da, gəzməli, görməli yerlər o qədər çoxdur ki, onları bir proqramda tanış etmək mümkün deyil. Təbiəti, çimərlikləri və tarixi binaları ilə Bartın bizi gözləyir.

Bartın qədim zamanlarda Parteniyos (Partenyos) çayının kənarında və dənizdən bir qədər mərkəzdə salınıb. “Suların tanrısı” mənasını daşıyan çayın indiki adı Bartın çayıdır. Şəhər dənizlə əlaqəni bu çay vasitəsilə təmin edir. Dövrün məşhur şairi Homer dastanında Bartın və Bartın çayından, məşhur coğrafiyaşünas amasyalı Strabondan isə əsərlərində bəhs edir. Bartın çayı təkcə nəqliyyat baxımından deyil, həm də mərkəzi bölgələrdən Qara dənizə ticarət məhsullarının daşınmasında əhəmiyyətli idi. Hazırda Bartın çayı ilə bağlı fəaliyyətlər göstərilir və İtaliyanın Venesiyasında olduğu kimi ziyarətçilərə gəzinti qayıqları ilə xidmət göstərilməsi planlaşdırılır.

Bartına doğru irəliləyərkən, bu dəfə dənizdən meşə ilə örtülü yamaclara və uzun sahil zolağına baxın və günəşin dərinizlə zərifcə toxunduğu bu möhtəşəm mənzərədən həzz alın. İlk dayanacağımız Kurucaşiledir. Kurucaşile Antik dövrdə finikiyalı dənizçilər tərəfindən qurulmuşdur. Mavi və yaşılın bir-birinə qarışdığı təbii gözəllikləri ilə seçilən ecazkar bir yerdir burası. Amma o, təkcə gözəlliyi ilə deyil, başqa bir xüsusiyyəti ilə də diqqət çəkir. Kurucaşile taxta qayıq istehsalı sahəsində tanınıb. Çünki Osmanlı dövründən gəmilər, balıqçı qayıqları, kral qayıqları və donanmada döyüş gəmiləri Kurucaşiledə hazırlanır. Hazırda da burada qayıqların və şəxsi yaxtaların inşası davam edir. Yaxşı, bilmək istərdiniz ki, Kurucaşile bu şöhrəti necə qazanıb? Qara dəniz sərt dənizdir, bu barədə sizə əvvəllər danışmışdıq. Qəfil hava dəyişiklikləri, tufanlar, güclü dalğalar və qayıqların təhlükəsiz şəkildə sığınacaq tapa biləcəyi körfəzlərin azlığı dənizçiləri məcbur edir. Ona görə də tikiləcək gəmilər bu dənizə xas olmalıdır. Qara dənizin bu xüsusiyyətini bilən gəmi ustaları xüsusi dizayn hazırlayırlar. Onlar tez sahilə çəkilə bilən və lazım gələrsə, tez dənizə çıxa bilən qayıq dizayn edirlər.

Taxta ustaları suya davamlı olduğu üçün qayıq tikintisində şabalıd ağacından istifadə edirlər. Qara dənizi çox yaxşı bildikləri üçün qayıqlara yumurta kimi forma verirlər ki, dalğalar vuranda yıxılmasınlar. Beləliklə, Kurucaşiledəki sənətkarlar Qara dənizə xas regional qayıq tipi düzəldirlər. Bu xüsusi formalı və davamlı qayıqlara “çektirme” deyilir. Qara dənizin dalğalarına meydan oxuyan bu qayıqlar uzun illərdir dünyanın müxtəlif yerlərində “Türk tipli qayıqlar” kimi tanınır. Gəlin bu qayıqların istehsal olunduğu tərsanələrdən birinə baş çəkək və bu xüsusi dizayn edilmiş qayıqların necə göründüyünə və necə hazırlandığına nəzər salaq.

Kurucaşiledən çıxıb Bartına tərəf gedərkən dayanacağımız başqa bir yer var: Karaman körfəzi. Bizi burada körfəzi əhatə edən sıldırım qayalar və bakir təbiət gözləyir. Karaman körfəzi Qara dənizdə rahatlıqla dalış edə biləcəyiniz nadir yerlərdən biridir. Burada siz təmiz sularda balıqlarla üzmək, cihazla yaxud cihazsız üzərək füsunkar sualtı həyatını kəşf edə bilərsiniz.

Xetlərdən Bizans İmperatorluğuna, oradan da Osmanlı İmperatorluğuna qədər müxtəlif sivilizasiyaların və dövlətlərin hökm sürdüyü Bartında daha çox görməli yerlər var. Gələn həftə səyahətimizə Bartının ecazkar sahillərində davam edəcəyik. 



Әlaqәli Xәbәrlәr