Dünyanın ən böyük Türk-İslam məzarlığı

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin ən böyük gölü olan Vanın sahillərində qərar tutan Ahlat Səlcuq Meydanı qəbiristanlığı haqqında danışırıq

1888501
Dünyanın ən böyük Türk-İslam məzarlığı

Qabriel Dünyanın ən böyük Türk-İslam məzarlığı - Ahlat Səlcuq meydanı qəbiristanlığı

 

  Yaşadıqları coğrafiyadakı insanların mədəni inkişafı onların hazırladıqları alətlər, sənət və ədəbiyyat nümunələri, mətbəx mədəniyyəti, yas adətləri və sairdə görünür. Bu prosesdə maraqlı olan qəbirlər və qəbir daşları da var. Çatalhöyükdəki evlərdə dəfn edilən ölülər, frigiyalılara aid tütbə və kurqanlar, Ellinizm dövrünə aid qaya məzarları, Səlcuqlulardan qalan Meydan qəbiristanlığı Anadolu coğrafiyasının qədim zamanları haqqında çoxlu məlumat verir.

  Sizə Türkiyənin ən böyük gölü olan Vanın sahillərində qərar tutan, Bitlis rayonuna bağlı Ahlat qəsəbəsində yerləşən dünyanın ən böyük Türk-İslam məzarlığı olan Ahlat Səlcuq Meydanı qəbiristanlığı haqqında danışırıq. 

  Tarixi eramızdan 900 il əvvələ gedib çıxan Ahlat mülayim iqlimi, su ehtiyatları, həmişə yaşayış məskəni olduğu, Asiyadan Anadoluya gedən yollar üzərində qərar tutduğu üçün əldən ələ keçib, Bizans, Anadolu Səlcuqları, monqollar, ərəblər və Osmanlı dövlətlərinin tərkibində olub.

  Orta əsrlərdə İslam sivilizasiyasının üç ən böyük şəhərindən birinə çevrilən Ahlat həm də ən qədim türk məskənlərindən biridir. Səlcuqlu və Osmanlı memarlığının ən yaxşı nümunələrini Bitilisdəki günbəz, türbə, məscid və körpülərdə görmək mümkündür. Amma Ahlat daha çox tarixi qəbir məzar daşları ilə diqqət çəkir. Çox böyük bir əraziyə yayılan bu məzar daşları ölçüsü və dizaynı baxımından İslam aləmində özünəməxsus yer tutur.

  Dünyanın ən böyük Türk-İslam qəbiristanlığı "Urartu və Osmanlı məzarlığı, Ahlat qəbir daşları" adı ilə UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilib.

  Ahlat iki vulkanik dağ arasında yerləşən bir yaşayış məskəni olduğundan buradakı yerli memarlıqda tuf daşlarından daha çox istifadə olunub. Məzar daşları kərpic qırmızısı və ağ rəngli tuf daşlarından hörülüb. Qəbirlər və daşlarında orta əsrlərdə türk mədəniyyətini əks etdirən mühüm elementlər var. Çünki cəmiyyətin adət-ənənələri, sənət anlayışı, gündəlik həyatı haqqında müəyyən məlumatlar, ö cümlədən ölüm və ölümdən sonrakı həyatla bağlı fikir və inanclar bu məzar daşlarında öz əksini tapır.

  Ahlat Səlcuqlu meydanı qəbiristanlığı 8 mindən çox qəbir və daşları ilə bir açıq səma muzeyidir. Bu monumental qalıqların ölçüləri adi qəbirlərdən xeyli böyükdür: bəzilərinin hündürlüyü bir metr yarımdan yuxarı, bəziləri üç metr yarıma qədərdir. Ahlat qəbir daşlarının bir üzündə mərhuma və işi-peşəsinə aid məlumat, digər üzündə məzar daşını düzəldən ustanın adı və Quran ayələri yer alır. Məzar daşlarında xurma ağacı başda olmaqla, müxtəlif bitki növləri və həndəsi motivlər özünəməxsus və ustalıqla işlənib.

  Bəli, Anadolu bəşəriyyətin uzun tarixinə şahidlik edən bir coğrafiyadır. Bu səlnaməni həm arxeoloji qalıqlar, həm də abidələrdən oxuyur, onların timsalında zamanın dərinliyini hiss edirik. Məsələn, Frigiyanın paytaxtı Qordion kral ailəsi və aristokratların məzarları ilə seçilir. Kommageniya kralı Nemrut dağında tikdirdiyi nəhəng tanrı heykəlləri və düz yanındakı məqbərəsi ilə ölümsüzlüyünü göstərməyə çalışır. Kral Mausolos qüdrətinin gücünü və zənginliyini antik dünyanın yeddi möcüzəsindən biri olan Halikarnas məqbərəsinə həkk edib. Manisanın qədim Sardis şəhəri Misirdəki Giza yaylasından daha böyük qəbiristanlıq sahəsinə malikdir. Likiya və Kaunosdakı qaya məzarları, Amasiyadakı Pontus krallarının qəbirləri və saymaqla bitməyən daha nə qədər nümunələr.

 



Әlaqәli Xәbәrlәr