Anadoluda quş sarayları və dünyanın ilk heyvan xəstəxanası

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyəki quş sarayları və dünyanın ilk heyvan xəstəxanası haqqında danışırıq

1871869
Anadoluda quş sarayları və dünyanın ilk heyvan xəstəxanası
quş sarayı_03.jpg
quş sarayı_05.jpg
quş sarayı_06.jpg

 

  Şəhərlərə toplanmaq insanların zamanla təbiətdən qopmasına səbəb olur. Yaşayış məskənləri, iş yerləri, yollar yaşıllıqların yerlərini daraldıb. Belə olunca çox canlı növü də o yerləri - şəhərləri tərk edərək özlərinə başqa yerlər axtarırlar. Yerini dəyişdirmək istəməyən quşlardır. Baxmayaraq ki, şəhər həyatı onlara da təsir edir, amma istədikləri yerlərə uçmaqda və enməkdə azad olduqları üçün özlərini daha çox səmaya aid hesab edirlər.

  Türkiyə ədəbiyyatının qabaqcıl şairlərindən olan Əhməd Telli “Getsən, bu şəhər viran” şeirində “Axşam quşlar hara sığınır?” sualını verir. Doğrudan da, hava qaralanda quşlar hara gedir? Onların təhlükəsiz yaşaya biləcəkləri yuvaları varmı? Ağacların boşluqlarında, ya budaqlarında gizlənirlər?

  Quş evləri insanların mərhəmət duyğusunun ən parlaq nümunələrindən biridir. Kiçik bir canlını təhlükələrdən qorumaq üçün ona xüsusi sığınacaqlar tikmək vicdan və mərhəmət hisslərindən başqa nə ilə izah edilə bilər ki?

  İlk göyərçin yuvaları 800 əvvəldən qayalarda olub. Yazılı mənbələrdə Mesopotamiyada quş evlərinin olması qeyd edilir. Daha sonra müxtəlif ölkələrdə və mədəniyyətlərdə quş sarayları görünür. Bir sıra tədqiqatçılar bu quş evlərini daha yüksək şüur ​​səviyyəsinin göstəricisi kimi təsvir edirlər. Qüllə formalı göyərçinxanalar Helenistik və Roma dövrlərində tikilib. Quş evlərinə Türküstandakı Aslan Baba türbəsi, Pakistandakı Lahor qalası, Hindistandakı Aqra qalası, Qırmızı qala və Tac Mahalda və Anadolu torpaqlarında rast gəlmək mümkündür.

Dünyanın ayrı-ayrı ölkələrində insanlar quşlar üçün yuvalar qurublar. Ancaq Anadoludakı quş evləri onlardan fərqlidir. Quşlara sığınacaq üçün hazırlanan bu yuvalar həm də binaların arxitekturasına uyğun miniatürlərlə işlənib. Buna görə də Anadoluda belə quş yuvaları və ya evləri çox quş sarayı adlandırılır.

  XX əsrin əvvəllərində Anadoluya gələn Qərb səyyahları və diplomatları burada heyvanlara, xüsusən də quşlara qayğıdan təsirləniblər. İtaliya yazıçısı Edmondo Amicis öz xatirələrində İstanbulda sultanların və ayrı-ayrı şəxslərin bəslədikləri saysız-hesabsız göyərçinlərin olduğunu, türklərin quşları qoruduğunu yazıblar. Alman marşalı Helmut von Moltke İstanbulda Üsküdarda pişiklər üçün xəstəxana və Bəyazid tərəflərdə göyərçinlər üçün qurulan yuvalardan bəhs edib. Fransa səyyahı Jan de Teveno (Jean de Thevenot) heyrətlə yazıb ki, bəzi insanlar bazarlara gedərək satılan quşları alır və onları azad edərək səmaya buraxırlar.

  Quş evlərinin ilk nümunələrinə 13-cü əsrdə Səlcuqlar dövrü tikililərində rast gəlinir. Yazılı mənbələrdə quş evinin müəyyən edildiyi ilk tikili kimi Sivasdakı Şifaiye mədrəsəsindən bəhs edilir. Osmanlı imperatorluğu dövründə quşlar üçün yuva qurmaq, ev tikmək geniş yayılmağa başlayıb. Xüsusilə, dövrün paytaxtı İstanbul saray, məscid, mədrəsə, meyxana və hamam, körpü, sinaqoq, fəvvarələr, ev, bir sözlə, insanlar üçün tikilən hər binada qurulan quş yuvalarına rast gəlinir. Bu evlər quşların özlərini təhlükəsiz hiss edəcəkləri və sərt hava şəraitindən qoruyacağı fasadlarda tikilib. Günəşin yandırmadığı, küləyin sorurmadığı, soyuğun dondurmadığı pəncərə və dam altları quşlar üçün ayrılırdı. Quş evləri üzərində yerləşdiyi bina ilə eyni memarlıq xüsusiyyətlərinə malik idi.

  Anadolu adamı tikdiyi binaların bir tərəfində heyvanların içməsi üçün kiçik də olsa, su qabları düzəldib, bütün canlıların qayğısına qalıb. Hətta Bursada elə bir tikili var ki, dünyada tayı-bərabəri yoxdur. 19-cu əsrdə leyləklər üçün tikilmiş bu bina dünyanın ilk heyvan xəstəxanası kimi tanınır. Türkiyə ədəbiyyatının tanınmış qələm sahibi Əhməd Haşim yazıb: “Bilmirəm, Bursaya səfər edərkən görmüsünüz? Həffaflar bazarının ortasında bir meydan var. Ora əlil heyvanların hospitalıdır. Qanadı və ayağı qırılmış leyləklər, qarğalar xalqın sayəsində yaşayır burada”.

  Qurabahanei-Ləkləkan adlanan bu binada uzun illər leyləklər və qanadları sınmış köçəri quşlar saxlanılıb, sonra havaya buraxılıb. 2010-cu ildə bu yer yenidən açılıb və bu dəfə sahibsiz heyvanların xidmətinə verilib.  

  İncə sənətkarlığın və estetikanın əksi olan, yüz illər əvvəllər qurulmuş bu quş evləri heç bir qarşılıq gözləmədən bir varlığı qoruyan insan mərhəmətinin göstəricisidir. Türkiyənin dəyərli memarı Cengiz Bektaş “Quş evləri: cümlədən yaradılmış sevgi rəmzləri” adlı kitabında quş evlərinin yoxa çıxmasını ictimai dəyərlərin fərqliliyi, mərhəmət hissinin azalması, adət-ənənələrin unudulması və hümanizmin zəifləməsi ilə əlaqələndirir.



Әlaqәli Xәbәrlәr