Anadolunun ilk ən böyük dini abidəsi

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin qədim paytaxtlar şəhəri İstanbulda ucaldılmış Anadolunun ilk ən böyük dini abidəsi Ayasofyadan danışırıq

1820080
Anadolunun ilk ən böyük dini abidəsi

Anadolunun ilk ən böyük dini abidəsi - Ayasofya (mətn səsi)

 

  İlk dəfə getdiyiniz bir yerdə haraları görmək istəyirsiniz? Açıq yerlər, meydanlar, muzeylər, ya tarixi abidələr? Bu sualın cavabı əlbəttə ki, maraqlarınızla bağlıdır. Ancaq bir həqiqət var ki, hara getsəniz, görməli yerlərin başında dini tikililər gəlir. Şəhərlərdə qarşınıza çıxan bu abidələr memarlıq və interyer dizaynı ilə dinindən asılı olmayaraq adamı özünə cəlb edərək ziyarət edilən bir məkana çevrilir. Şəhərə yaraşıq verən də elə bu möhtəşəmlik olur. Çünki bu abidələr təsiredici və bənzərsiz olmaq fikri ilə tikilir. Məhz buna görə də bu gün də məbədlər, kilsələr və məscidlər ziyarətçilərlə doludur.

  Mesopotamiyanın səmaya çatmağa çalışan yeddi mərtəbəli ziqquratları, nəhəng heykəlləri ilə seçilən Misir piramidaları, qədim yunan məbədləri, bütpərəst tapınaklarının hamısı bəşər övladının dühası, əzəməti ilə heyranedicidir və biz bu gün nələr tiksək də, kölgədə qoyur.

  Orta əsrlərdə Allahın böyüklüyünü, kilsənin toxunulmazlığını və insanın fağırlığını vurğulamaq üçün Avropa şəhərlərində çox böyük miqyasda kafedrallar və qotik memarlıq abidələri tikilir. Amma onlardan əsrlər əvvəl bu torpaqlarda möhtəşəm bir memarlıq əsəri artıq ucaldılmışdı. Bu, Ayasofya idi.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin qədim paytaxtlar şəhəri İstanbulda ucaldılmış Anadolunun ilk ən böyük dini abidəsi Ayasofyadan danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm.

  Ayasofya dünyanın ən çox ziyarət edilən dəyərli mədəniyyət sərvətlərindən biridir. Tarixin hər dövründə siyasi, dini və ictimai hadisələrin mərkəzində olan İstanbulun göbəyində inşa edilib. Möhtəşəm Ayasofya 900 ildən artıq kilsə, 500 ilə yaxın məscid, 86 il isə muzey kimi qapılarını bəşəriyyətin üzünə açıb, 2020-ci ildən isə yenidən məscidə çevrilib.

Şərqi Roma, yəni Bizans imperatorluğu tərəfindən inşa edilən ən böyük kilsə olub Ayasofya. Tikildiyi dövrdən piramidalardan sonra ən böyük dini abidə sayılır min ildir. Eyni yerdə düz 3 dəfə şəklini dəyişib, bərpa olunub, yenilənib. Birinci dəfə “Meqale Ekklesia”, yəni “Böyük kilsə” deyilib ona. Yenidən qurulduqdan sonra "Müqəddəs hikmət" mənasını verən Ayasofya adlanır.

  Ayasofya o qədər möhtəşəm və gözəldir ki, dövrün ən böyük şairlərindən olan Pavlos sadəcə bu abidə üçün min misralıq epik poema yazıb. Burada Ayasofyanın memarlığı, tikintisində istifadə olunan materiallar, mozaika elementləri incəliklə təsvir edilib. Pavlosun 6-cı əsrdə yazdığı bu əsər dili olmayan bir abidəni danışdırır, istinad mənbəyinə çevrilir.

  Ayasofya hər cəhətdən diqqəti cəlb edir, lakin ona “Dünyanın ikinci ən böyük abidəsi” adını qazandıran unikal ölçülü günbəzidir. Yüksək və geniş günbəzi həm xaricdən möhtəşəm effekt yaradır, həm də içəridə qəribə böyüklükdə həcm yaradır. Kvadrat planda yerləşdirilmiş tək və nəhəng günbəz Bizans imperatorluğunun qüdrətini və əzəmətini təmsil etmək üçün nəzərdə tutulmuşdu. O qədər göz oxşayır ki, tikildiyi vaxt dünyanın səkkizinci möcüzəsi sayılırdı.

  Ayasofya kilsəsini məscidə çevirərkən Osmanlı imperiyasının hökm sürdüyü torpaqlardan materiallar gətirildi. Anadolu və Suriyadakı antik şəhər xarabalıqlarından da burada istifadə olunub. Bunlardan ən diqqət çəkəni Efesdəki Artemida məbədinin sütunlarıdır. Ayasofyada istifadə edilən ağ, yaşıl, çəhrayı və sarı mərmərlər imperiyanın Mərmərə adası, Yunanıstan və Suriya kimi müxtəlif yerlərdən gəlib. Binanın daxili divarları və döşəmələri tamamilə mərmərlə örtülüb. Burada istifadə olunan mərmərlərin hamısı yarıya bölünərək böyük bloklara ayrılıb və simmetrik şəkildə düzülüb.

  Məşhur səyyah Övliya Çələbi öz “Səyahətnamə”sində Ayasofya haqqında yazıb: "Yeddi fərqli iqlimdən rəngbərəng, buqələmun naxışlı iri mərmərlər gəmilərlə daşınıb, Fərhad kimi ustalar və sənətkarlar tərəfindən cilalanaraq düzəldilib.”

  Ayasofya 9 yüz ildən artıqdır ki, Bizans imperiyasının ən böyük dini abidəsi olaraq qalır. İstifadəyə verildiyi vaxtdan bütün imperatorların tacqoyma mərasimi burada keçirilib.

  1453-cü ildə Osmanlı dövlətinin sultanı Mehmet Fatehin İstanbulu alması ilə Ayasofya fərqli bir kimlik alıb. Fateh xristian dünyası üçün böyük məna kəsb edən kilsənin məscidə çevrilməsini istəyir və qədim dini abidəyə minarə, minbər, mehrab kimi İslam elementləri əlavə olunub.

  Sultan Süleyman Qanuninin dövründə Ayasofya mehrabının hər iki tərəfinə Macarıstan kilsəsindən gətirilən iri neft lampaları qoyulub.

  Sultan III Muradın dövründə tikilən və üzərində xütbə oxunan minbərdə 16-cı əsr mərmər sənətinin ən gözəl nümunələri yer alıb. Mehrabın qızıl zərlə bəzədilməsi ona xüsusi təmtəraq verir.

  III Murad Berqama antik şəhərindən çıxarılan iki mərmər küpü əsas salona qoyulub. Ellinizm dövrünə aid olan, təxminən 1250 litr maye tutan bu küplərdən bayramlarda, şənliklərdə, camaata şərbət paylamaq üçün, digər vaxtlarda isə su saxlamaq üçün yer kimi istifadə edilib. Sultam Mahmud bağçasına kitabxana, mədrəsə və imarət əlavə edərək Ayasofyanı bir ictimai kompleksə çevirib.

  Ayasofyada Sultan Əbdülməcidin zamanında Osmanlı dövrünün ən mühüm bərpa işləri aparılıb. İtaliya əsilli Fossati qardaşları binanın həm günbəz, qübbə və sütunlar kimi əsas elementlərini, həm də daxili və xarici bəzəklərini əsaslı şəkildə təmir edirlər. Bu təmir zamanı usta Fosaatilər divarlardan tökülən mozaikalardan Sultan Əbdülməcidin möhürünü (tuğra) düzəldirlər. Bu, Osmanlı sultanının mozaika parçaları ilə düzəldilmiş yeganə tuğrasıdır.

  Bərpa işləri zamanı əsas məkanın divarlarına asılmaq üçün 8 dairəvi lövhə hazırlanıb. İki mərtəbəli evdən hündür olan bu lövhələrin diametri 7,5 metrdir. Elif hərfinin hündürlüyü 5 metr 60 santimetrdir. Ölçüləri asıldığı Ayasofyanın böyüklüyü haqqında fikir yaradan bu lövhələr dünyanın ən böyük məscid xəttatlığı dəstləri sayılır. Dövrün ən məşhur xəttatlarından olan Qazasker Mustafa İzzət Əfəndi bu mətnləri tünd yaşıl rəngə boyanmış kətan üzərində qızılla işləyib.

  1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Ayasofya bir daha kimliyini dəyişərək muzey olaraq qapılarını ziyarətçilərin üzünə açıb. Ayasofya İppodrom, Aya İrini, Kiçik Ayasofya Məscidi və Topqapı Sarayını özündə birləşdirən “Arxeoloji park” çərçivəsində YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilib. Bəşəriyyətin bu ortaq irsi 2020-ci ildə Ayasofyayi-Kəbir Məscidi-Şərifi adı ilə yenidən məscidə çevrilib.

  Ayasofya bu torpaqların iki ən böyük imperiyasının monumental sənət, memarlıq və tarixi əsəridir. Memarlıq tarixində ilk dəfə istifadə olunan elementləri, mozaikaları və dünyanın ən böyük məscid xəttatlığı dəstləri ilə zamana sığmayan bir tikilidir. Nəhəng həcmə malik olsa da, bəşəriyyəti sadə bir gözəlliyin möhtəşəmliyi ilə qarşılayır Ayasofya.



Әlaqәli Xәbәrlәr