Marsdakı Cezeronun Yerdəki əkizi Salda

ABŞ-ın Aeronavtika və Kosmos İdarəsi – NASA 2020-ci ildə Marsda tədqiqatların cəmləşdiyi Cezero (Jezero) kraterinə kəşfiyyat gəmisini göndərməzdən əvvəl sosial media hesabından belə bir bir mesaj paylaşdı...

1813999
Marsdakı Cezeronun Yerdəki əkizi Salda
Salda gölü.jpg
Salda gölü_03.jpg
Salda gölü_02.jpg

Yer üzünün Marsdakı yeganə krater əkizi olan Salda gölü

 

  Kainat minlərlə ildir insanları maraqlandırıb. Buludsuz bir gecədə ulduzları seyr etmək, kosmosun ənginliklərinə dalmaq, başqa dünyalar haqqında düşünmək, bəzən romantik hisslərin, bəlkə də fantastik hekayələrin təsiri ilə səmanın sirlərinə vaqif olmaq istəyi, xəyallar qurmaq. Biz bunları ancaq düşünür, alimlər isə Yer kürəsindən kənarda canlı bir dünyanın olub-olmadığını öyrənirlər.   

  İkinci Dünya Müharibəsindən sonra start götürən kosmos yarışı insanların Aya göndərilməsi ilə başqa bir ölçüyə daşındı. O illərdən Aydan başqa, digər səma cisimləri də daha dərindən öyrənilməyə başlandı ki, bu tədqiqatların ilk sıralarında Mars planeti gəlir. Çünki Mars da Yer kimi günəşə çox da yaxın olmayan bir göy cismidir.  

  İqlim dəyişikliyi, su ehtiyatlarının tükənməsi, buzlaqların əriməsi kimi qlobal problemlər 90-cı illərin əvvəllərindən Marsda həyatın olub-olmadığı ilə bağlı tədqiqatları sürətləndirdi. İnsanların “Qırmızı planet”də yaşaya və ya yaşaya bilməyəcəklərini öyrənmək üçün Marsa ayrı-ayrı vaxtlarda müxtəlif təyinatlı kosmik kəşfiyyat gəmiləri göndərildi, çoxlu məlumatlar əldə edildi.

  ABŞ-ın Aeronavtika və Kosmos Agentliyi – NASA 2020-ci ildə Marsda tədqiqatların cəmləşdiyi Cezero (Jezero) kraterinə kəşfiyyat gəmisini göndərməzdən əvvəl sosial media hesabından belə bir bir mesaj paylaşdı: “Bir-birindən ayrı dünyalar olsa da, Türkiyədəki Salda gölünün Marsdakı Cezero krateri ilə geoloji oxşarlıqları var. Alimlərimiz Marsa hazırlaşmazdan əvvəl Saldada araşdırma apardılar”. Bu şərh Türkiyənin bənzərsiz gölü Saldaya diqqətləri çəkdi.

   “Türkiyənin Maldiv adaları” kimi tanınan, Burdur rayonunda yerləşən, Yer üzünün Marsdakı yeganə krater əkizi olan Salda gölündən danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb.

  Türkiyənin Burdur rayonundakı Salda gölü ağ qumları və dərin mavi suları ilə "Türkiyənin Maldiv adaları" kimi tanınır. Doğrudan da Salda gölü ilə Maldiv adalarının şəkillərini yan-yana görəndə onları bir-birindən ayırd etmək çətindir.

  Salda Toros dağlarında bir krater gölüdür. Təxminən iki milyon il əvvəl zəlzələlər nəticəsində yaranıb. Vulkanik göl olduğu üçün suları soda və maqneziumla zəngindir.

  Salda gölündə gün boyu oksigen buraxan bakteriyalar var. Dünyanın ilk canlıları hesab edilən bu bakteriyalar maqneziumu udur və fərqli bir təbəqə yaradırlar. Bu təbəqələr zamanla parçalanaraq qeyri-adi ağ qumlar əmələ gətirir ki, insanlar gözlərini bu bəyaz gözəllikdən ayıra bilmir.  

  Gölə möhtəşəm firuzəyi rəng qatan bakterial mənşəli ağ qayalardır. Bu süxurlar 3,5 milyard il əvvəldən formalaşmağa başlayıb. Elə Saldanı digər göllərdən fərqləndirən ən mühüm xüsusiyyət də budur. Mütəxəssislər bildirirlər ki, bu günə qədər gələn mərhələlərə görə Salda gölü və ətrafında dünyanın keçdiyi ən qədim həyat elementləri haqqında məlumatlar var. Yəni bu ağ qayalar görüntü ziyafəti verməklə yanaşı, elmə son dərəcə dəyərli bilgilər verir. Çünki onlar ən qədim fosil formasiyalarıdır və bunlara Yer kürəsinin yalnız iki yerində - biri Türkiyədəki Salda, digəri Kanadadakı Alçiçika (Alchichica) göllərində rast gəlinir. Buna görə də NASA-nın elmi qrupu Marsdakı Cezero kraterinə ekspedisiyadan əvvəl Salda gölünə gəlib və ilkin araşdırmalar aparıb.

  Marsın Cezero kraterindəki delta yataqlarına əsasən, tədqiqatçılar bir vaxtlar burada göl olduğunu fərz edirlər. Onlar kraterdə tapılan karbonat minerallarının da bu göldə meydana gəldiyini bildirirlər. Müqayisə üçün köməyə Salda gölü gəlir. Çünki Salda dünyada yeganə göldür ki, kraterində karbonat və deltaya bənzər strukturlar var. Karbonatlar ətraf mühitdəki hər şeyi, o cümlədən mikroorqanizmləri mənimsədiklərinə görə bir zamanlar mövcud olan həyat keçidlərinə dair dəlillər göstərirlər. Bundan başqa, Salda gölünün maraqlı ağ sahil xətti və geoloji quruluşu Cezero ilə oxşardır. Ona görə Saldaya gələn araşdırma qrupu sanki Marsdakı krateri gördüklərini hiss etdiklərini bildirirlər və Marsla maraqlananların əvvəlcə Saldaya getməsini təklif edirlər.

  Salda gölü geoloji quruluşu ilə Marsı, ağ qumu və firuzəyi suyu ilə Maldiv adalarını xatırladır. Amma təkcə bu deyil.

  Türkiyənin ən dərin gölləri arasında yer alan bu heyranedici göl tərkibindəki endemik növlərə görə "Əhəmiyyətli təbiət ərazisi" statusuna malikdir. Salda həm bütün dünyada nəsli kəsilməkdə olan növlərin gölü, həm də ətrafı ilə birlikdə “Mühüm bitki sahəsi” və “Mühüm quş sahəsi” meyarlarına cavab verən qlobal dəyərə malik bir bataqlıqdır.

  Salda tərkibindəki dəyişmələrə görə Mars tədqiqatları üçün təbii laboratoriya rolunu oynayır. Uzun müddətdir insanları narahat edən “Marsda həyat varmı” sualına cavab Saldada axtarılır. Alimlər düşünür ki, ağ qumlar milyonlarla illik bakteriyaları özündə yaşada bilibsə və bu, belə davam edərsə, Marsda da bənzər bir şey olmuş və ya olacaq.

  Bu günə qədər aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, Marsda vaxtilə su ehtiyatları, vulkanlar və isti iqlim var imiş. Hal-hazırda yaşamaq üçün əlverişli olmasa da, Marsda həyat üçün bir ümid qığılcımı görünür. Bəlkə də bir gün insanlar Marsda yaşamağın yolunu tapacaqlar.

  Sahilindəki ağ qumların üzərində oturub bəmbəyaz qayalara baxmaq, xəyalən milyonlarla illər keçmişə getmək, “Türkiyənin Maldiv adaları”nı kəşf etmək Yer üzünün Marsdakı yeganə krater əkizi olan Salda gölünü həm romantik, həm real edir. Görməyə dəyər.



Әlaqәli Xәbәrlәr